ABŞ-nin San-Fransisko şəhərində dünyanın ən məşhur süni intellekt şirkətlərindən birinin rəhbərliyinin iclas otağında gizli dinləmə cihazı aşkarlanıb.


Moderator.az xəbər verir ki, hadisə OpenAI şirkətində baş verib və Federal Təhqiqat Bürosu (FTB) tərəfindən aparılan araşdırma nəticəsində şirkətin 35 yaşlı mühəndisi Əbdürrəhman əl-Fövzan həbs edilib.






ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı vətəndaşı olan mühəndis 2025-ci ilin iyulundan şirkətdə çalışırmış.


İstintaq müəyyən edib ki, mühəndis sentyabrın 28-də rəhbərliyin iclas otağındakı televizorun arxa panelində yerləşən USB girişinə gizli səs yazan cihaz qoşub. Tualet kağızına bükülərək gizlədilən qurğu sentyabrın 30-da aşkarlanıb.


Ən maraqlı məqamlardan biri mühəndisin əməliyyata hazırlaşarkən süni intellektdən istifadə etməsidir. İstintaq materiallarına əsasən, o, şirkətin iclas otaqlarının yerləşməsi, rəhbərliyin görüşləri və otaqların istifadə qrafiki barədə süni intellekt vasitəsilə məlumat toplayıb.


Bundan başqa, mühəndisin həyat yoldaşı ilə əlaqəli çatbot hesabından gizli səs yazan cihazların hazırlanması, uzaqdan idarə olunması və səs yazılarının şifrələnməsi barədə sorğular göndərildiyi müəyyənləşdirilib.


Şirkətin təhlükəsizlik kameraları oktyabrın 5-də mühəndisin həmin otağa daxil olaraq televizorun arxasını yoxladığını qeydə alıb. Daha sonra onun ofisdə qoyduğu çantadan ikinci dinləmə cihazı tapılıb.


Məlum olub ki, həmin otaqda şirkətin məxfi texnoloji layihələri, yeni məhsulları, kommersiya planları və dövlət qurumları ilə əməkdaşlıq məsələləri müzakirə edilirmiş.


Oktyabrın 9-da həbs edilən mühəndisi *5 ilə qədər azadlıqdan məhrumetmə və 250 min dollar cərimə* gözləyir. Onun növbəti məhkəmə iclası oktyabrın 19-na təyin olunub.


(musavat)