“Əslində arzularım çoxdur. Hamısı daxildədir. Hələ ki, aşkara çıxarmaq istəmirəm. Bir az özümə gəlib, ayağa qalxım və o arzularımı həyata keçirəcəm. Demək olar ki, bir çox arzuma çatmışam. Mənim tələbələrim hər yerdə var. Həm televiziyada, həm də kino sahəsində. Bütün televiziyalarda yaxşı diktorlar və aparıcılar yetişir. Hər tamaşaçının öz aparıcısı var. Amma o vaxtkı aparıcılar bütün tamaşaçıların sevimlisi idi. İnanıram ki, bu sahədə olan problemlər də öz həllini tapacaq. Bu gün yoxdursa da, sabah olacaq. Mən ümumiyyətlə bütün problemlərə ümidlə baxıram”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, rejissor Vasif Babayev deyib. O daha sonra kinomuzun bu günündən danışıb:
“Azərbaycan kinosunun nəhəng rejissorları olub. Bugünkü durğunluq kino sənətimizə yaraşmır. Nə yaxşı ki, Şəfiqə xanım öz yerinə qayıdıb, kino ittifaqına sədrlik edir. Bu çox təqdirəlayiq haldır. Əli İsa Cabbarov gələcəkdə də sədr ola bilərdi, Şəfiqə xanım isə indi sədr olmalıdır. O kinomuzun ağbirçəyidir. Onun pərəstişkarları da az deyil. İnanıram ki, Şəfiqə xanım sədr kimi vəzifədə çox qalmayacaq. Yaşı ilə əlaqədar uzağı iki il qala bilər də. Əsas odur ki, o bu yolu açdı və ondan sonra da sədrliyə layiqli adamlar gələcək. Bizim kinomuz zəngin olmalıdır. Arif Babayev, Həsən Seyidbəyli, Eldar Quliyev kimi rejissorlarımız yetişməlidir. Yaxşı gənclər var, mən arzu edirəm ki, o gənclər yaxşı filmlər çəksinlər. Bugünlərdə “44” filminin təqdimatı oldu. Bu bir təbliğatdır. Belə filmlərin sayının çox olmağını arzulayıram” deyə Xalq artisti bildirib.