Moderator.az Kulis.az-a istinadla İsrafil İsrafilovun “Kral Lir” tamaşası ilə bağlı düşüncələr, yaxud Şekspir cəzalandırır" adlı məqaləsini təqdim edir.
Yaşadığı zəmanədən bizim dövrə qədər təxminən beş yüz il keçməsinə baxmayaraq, Şekspir öz həmişəyaşar əzəmətini, gözqamaşdıran ədəbi hüsnünü, dramaturji hikmətini qoruyub saxlamaqdadır.
Ən sadə düşüncənin qarşılaşdığı səbəb sualına ötən zamanın özü müxtəlif cavablar versə də, yenə onların bəziləri açıq qalmaqdadır.
Belə ki Şekspir müəmması dünya elminin, bədii yaradıcılıq sənətlərinin başlıca mövzusu olaraq öyrənilir. Öz söz sənətinin qüdrətilə ərazi tanımadan ölkələri fəth edən Şekspir dühasının ayrı-ayrı nümunələri bizim ölkəmizin də mənəvi dəyərlər ərazisini “pozmuş”, fikir və sənət dünyamıza öz bərəkətli təsirini göstərmişdir.
Xüsusilə Azərbaycan səhnə sənəti ötən əsrdən başlayaraq sanki ilk baxışdan Şekspirə vurulmuş və bu günə qədər öz məhəbbətinə sədaqətini dəfələrlə sübut etmişdir.
Maraqlı və əlamətdar fakt olaraq xatırlamaq yerinə düşər ki, Şekspirin məşhur “Hamlet”, “Maqbet”, “On ikinci gecə”, “Otello”, “Kral Lir” kimi məşhur pyesləri ilə yanaşı, onun milli səhnəmizdə ilk dəfə qoyulmuş “İki veronalı”, “Fırtına”, “Afinalı Timon”, “Yay gecəsində yuxu” və b. əsərləri də teatr tariximizdə yer almışdır.
Daha əlamətdar olan isə budur ki, ayrı-ayrı tərcüməçilər tərəfindən dilimizə çevrilən pyeslər əsasında hazırlanmış həmin tamaşalar dəfələrlə müxtəlif təcəssümlə səhnə həyatı yaşayıb, neçə-neçə rejissor və aktyor nəslinin yetişməsində bütövlükdə Azərbaycan teatrının inkişafında əhəmiyyətli təsirini göstərmişdir.
Ötənləri yenidən xatırlamaq ona görə gərək oldu ki, Şekspirin pyeslərinin milli səhnəmizdə, sadəcə təcəssümündən əlavə, digər əcnəbi dramaturqlardan fərqli olaraq, onun azərbaycanlı mənəviyyatına birbaşa təsirinin müəmmalı səbəbi bir qədər açıqlansın.
Uzaq bir məmləkətin dili, dini yad bir müəllifinin Azərbaycanda bu sayaq dərindən-dərinə nüfuz qazanması nəticəsində zaman-zaman səhnəyə çıxarılan Şekspir qəhrəmanları artıq Azərbaycan cəmiyyətinə ayaq açır və məmnuniyyətlə qəbul edilirdi.
Ailələrdə Hamlet, Otello, Maqbet, Cülyetta, Ofeliya və b. adlar eşidilir, dilimizdə rahatlıqla tələffüz edilir, yabançılıq əlaməti duyulmadan səslənirdi.
Axı səhnəmizdə Şiller də oynanılırdı, Tolstoy da, Qorki də. Bəs nə üçün bu müəlliflərin qəhrəmanlarına heyranlığın təsiri alqışlardan uzağa getmirdi?! Şekspirin öz təbirincə desək, “budur məsələ”, ingilis ədibinin Azərbaycan mədəniyyətində yaratdığı möcüzə budur.
Əslində isə bu möcüzənin izahı çox sadə idi. Yəni teatr nəzəriyyəsində tez-tez xatırlanan, hallandırılan həqiqətə görə, sənət həyatın bədii inikası kimi təqdim edilməli, bədii-estetik qavrayışı təmin etməlidir. Bunu başqa cür, Şekspirin aforizmə çevrilmiş “dünya səhnədir, insanlar isə aktyor” sözləri ilə ifadə edib, mövzumuzun məntiqinə uyarlı etsək, deməliyik ki, Şekspir özü öz möcüzəsini açaraq qurduğu dramaturji konfliktləri, mövqelərin çarpazlaşmasını, məhz cəmiyyət həyatından götürdüyünü və bunun sadəcə köçürmək yox, oyun üslubunun nəzərə alınmaqla, aktyor yaradıcılığına şamil etməklə bəyan edir.
Burada təbii zəmin ondan ibarətdir ki, “Qlobus” teatrındakı fəaliyyəti ilə Şekspir, cəmiyyətdə baş verən prosesləri öz sənətkar dünyasından keçirərək, bədii təxəyyülünün məhsulu kimi səhnəyə gətirmişdir. Bəlkə elə bu səbəbdəndir ki, onun yaratdıqları həyatdakı qədər ali və canlı olmaqla bərabər, həyatdakından fərqli olaraq, bədii və vüsətlidir.