Paytaxtın Nizami rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
 




Moderator.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
 
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele-mühafizəsi və avtomatikanın yoxlanılması işləri aparılacaq.
 
Təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayıl Məmmədov küçələri, Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
 
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.