Hüquq-mühafizə orqanları Milandakı etiraz aksiyaları zamanı 200-dən çox insanı saxlayıblar. Saxlanılanların təxminən 80%-i yetkinlik yaşına çatmayanlardır.
Moderator.az bildirir ki, bu barədə "Espressione24" xəbər verir.
Hadisə yerindən yayılan görüntülərdə vandalizm aktları, mağazaların talanması və vitrin şüşələrinin sındırılması ilə müşayiət olunan genişmiqyaslı etirazlar əks olunub.
İtaliyada etirazlar Fransadakı oxşar iğtişaşlardan sonra oktyabrın 17-də başlayıb. Etirazçılar yüksək yaşayış xərclərinə, yanacaq qiymətlərinə və vergilərə qarşı çıxırlar. Şəhərin mərkəzində qara geyimli yüzlərlə gənc hüquq-mühafizə orqanları əməkdaşlarına əldəqayırma yandırıcı qurğular, metal əşyalar və şüşə butulkalar atıblar.
Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etsələr də, geri çəkilməyə məcbur olublar. Bundan sonra etirazçılar şəhərin əsas meydanını - "Piazza del Duomo"nu ələ keçiriblər.
Baş nazir Corcia Meloni iğtişaşları pisləyib. O, "X" sosial şəbəkəsində yazıb ki, etiraz etmək hüququ qanuni olsa da, şəhərlərə od vurmaq yolverilməzdir.