Sabiq prezidentin fikrincə, siyasi rəqibləri susdurmaq üçün dövlətin imkanlarından istifadə edilməsi təhlükəli presedent yaradır...
 




ABŞ-ın sabiq prezidenti Barak Obama prezident Donald Tramp administrasiyasını müsəlman konqresmen İlhan Omara qarşı siyasi təzyiq göstərməkdə ittiham edib. O, konqresmenin ABŞ vətəndaşlığından məhrum edilməsi və ölkədən deportasiya olunması istiqamətində atılan addımların demokratik prinsiplərə zidd olduğunu bildirib.
 
Moderator.az  "İslamnews" nəşrinə istinadla xəbər verir ki, Obama oktyabrın 18-də sosial şəbəkədə paylaşım edərək Minnesota ştatını ABŞ Konqresində təmsil edən İlhan Omar ətrafında baş verənlərə münasibət bildirib.

Sabiq prezidentin sözlərinə görə, Amerika demokratiyasının əsas prinsiplərindən biri insanların siyasi baxışlarına və səsləndirdikləri fikirlərə görə təqib edilməməsidir. O, Tramp administrasiyasının İlhan Omara münasibətdə məhz bu prinsipi pozduğunu vurğulayıb.
 
Obama konqresmenin ABŞ vətəndaşlığının ləğvi və ölkədən çıxarılması ehtimalına da toxunub.
 
Onun sözlərinə görə, İlhan Omar 12 yaşında atası ilə birlikdə ABŞ-a gəlib. Beş il sonra atası Amerika vətəndaşlığı alıb. Həmin vaxt Omarın 17 yaşı olduğundan o da atasının vətəndaşlıq əldə etməsi nəticəsində avtomatik olaraq ABŞ vətəndaşı olub.
 
Obama qeyd edib ki, əgər İlhan Omar həmin vaxt 18 yaşında olsaydı, vətəndaşlıq almaq üçün ayrıca müraciət etməli olacaqdı. Hazırkı administrasiyanın isə konqresmenin həmin vaxt 18 yaşında olduğunu sübut etməyə çalışdığı bildirilir.
 
“Bu, hər bir amerikalını qəzəbləndirməlidir...”

Barak Obama bildirib ki, konqresmenə qarşı atılan addımlar onun siyasi baxışlarından asılı olmayaraq bütün amerikalıları narahat etməlidir.
 
“Federal hökumətin bütün gücü yalnız prezidentin tənqidinə cəsarət etdiyi üçün qanuni yolla seçilmiş bir nümayəndəyə qarşı yönəldilir”, – deyə sabiq prezident vurğulayıb.
 
Obama əlavə edib ki, İlhan Omar Tramp administrasiyasının ən sərt tənqidçilərindən biri olub və prezident dəfələrlə onu ABŞ-a aid olmayan şəxs kimi təqdim edib.
 
Sabiq prezidentin fikrincə, siyasi rəqibləri susdurmaq üçün dövlətin imkanlarından istifadə edilməsi təhlükəli presedent yaradır. O xəbərdarlıq edib ki, belə yanaşma adi hala çevrilsə, gələcəkdə eyni üsullar başqa siyasətçilərə qarşı da tətbiq oluna bilər.
 
İlhan Omarın evində axtarış aparılıb
 
Amerika mediasının məlumatına görə, oktyabrın 12-də ABŞ-ın müvafiq federal qurumlarının əməkdaşları İlhan Omarın Vaşinqtondakı evində axtarış aparıblar. Bu hadisə noyabrda keçiriləcək aralıq Konqres seçkilərinə bir neçə həftə qalmış baş verib.
 
Sentyabr ayında konqresmenin ABŞ-a gəlişi və immiqrasiya sənədləri ilə bağlı mümkün qanun pozuntularını araşdırmaq məqsədilə istintaqa başlanıldığı açıqlanıb.
 
İlhan Omar və onun nümayəndələri isə dələduzluqla bağlı ittihamları rədd ediblər...
 
Qeyd edək ki, Somali əsilli İlhan Omar ABŞ Konqresinə seçilən ilk somalili-amerikalı siyasətçilərdən biridir. O, 2019-cu ildən etibarən Konqresdə Minnesota ştatını təmsil edir...
 
S.Laçın