Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskva ilə Vaşinqton arasındakı münasibətlərin uzun illər ərzində bərpa olunmasının çətin olacağını bildirib. Onun sözlərinə görə, iki ölkə arasında qarşıdurma sistemli xarakter daşıyır.


Moderator.az TASS-a istinadən xəbər verir ki, Medvedev bu barədə “Max” platformasındakı paylaşımında yazıb. O, Rusiya ilə ABŞ arasındakı münasibətlərin yenidən onilliklər geriyə getdiyini qeyd edərək, iki ölkənin sistemli düşmən olaraq qalacağını iddia edib.






Medvedev ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyişə mane olmamaq üçün hazırda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olmadığını bildirməsinə münasibət bildirib. Onun fikrincə, burada əsas məqam Vaşinqtonun sanksiyaları məhz indiki mərhələdə təxirə salmasıdır.


Rusiya rəsmisi Konqresdə müzakirə olunan, senator Lindsi Qremin adı ilə tanınan və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini də tənqid edib. Medvedev bu sənədi uzunmüddətli rusofobiya siyasətinin nümunəsi adlandırıb.


O, Trampın qərarının müəyyən praqmatik nəticələr verə biləcəyini istisna etməsə də, bunun ABŞ-ın Rusiyaya münasibətində əsaslı dəyişikliyə səbəb olmayacağını bildirib. Medvedevin fikrincə, sanksiyaların ayrı-ayrı müddəalarının tətbiqinin dayandırılması iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldırmayacaq.


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə Cekson-Venik düzəlişinin ləğvi ilə bağlı prosesi də xatırladıb. O, belə qərarların həyata keçirilməsinin uzun illər çəkə biləcəyini vurğulayaraq, Moskva ilə Vaşinqton arasındakı qarşıdurmanın da bir neçə siyasətçi nəslini əhatə edə biləcəyini iddia edib.