Tovuz rayonunda “Turan” voleybol klubunun Avropa Voleybol Konfederasiyasının Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Mladost-Zaqreb” komandası ilə keçirəcəyi qarşılaşma ilə əlaqədar genişmiqyaslı ictimai tədbirlər təşkil olunur.
Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Tovuz Olimpiya İdman Kompleksinin qarşısında təşkil olunan tədbirdə yüzlərlə azarkeş iştirak edir.
Proqram çərçivəsində əvvəlcə geniş konsert təşkil edilib, az sonra isə azarkeşlər kompleksin qarşısında quraşdırılmış böyük ekran vasitəsilə beynəlxalq qarşılaşmanı canlı izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Tovuzda ilk dəfədir belə yüksək səviyyəli beynəlxalq voleybol qarşılaşması münasibətilə bu miqyasda ictimai tədbir keçirilir. Kompleksin yenidən qurulmasından sonra onun qarşısında təşkil edilən tədbir rayon sakinlərinin və idmansevərlərin bir araya gəlməsinə, beynəlxalq idman yarışının həyəcanını birlikdə yaşamasına şərait yaradır.
Xatırladaq ki, Azərbaycanın voleybol üzrə son çempionu "Turan" voleybol komandası yay transfer dövründə heyətini bir sıra nüfuzlu idmançılarla gücləndirərək Çempionlar Liqasında da iddialı çıxış etmək arzusundadır.