Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşdığı mesaj Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olub. Bir sıra tanınmış jurnalistlər yazılarında iki ölkə arasındakı tarixi və strateji əlaqələrin əhəmiyyətini vurğulayıblar.


Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı süjetdə bəhs olunur.






Rəcəb Tayyib Ərdoğan oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik mesajı yayımlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırıb. O, Türkiyə ilə Azərbaycanın sevincdə də, kədərdə də bir olduğunu bildirib.


Yahya Bostan: "Azərbaycanın təhlükəsizliyi qırmızı xətdir"


"Yeni Şafak" qəzetində məqalə ilə çıxış edən jurnalist və "Haber Global"ın şərhçisi Yahya Bostan Türkiyənin xarici siyasətində Azərbaycanın təhlükəsizliyinin xüsusi yer tutduğunu qeyd edib.


"Türkiyə və Azərbaycan bir almanın iki yarısı kimidir. Dil, din və mədəniyyət ortaqdır. Əsas milli məsələlərdə həssaslıq eynidir. Türkiyə xarici siyasətində Azərbaycanın təhlükəsizliyini qırmızı xəttə çevirib. Bakı da çətin günlərində Ankaranın yanında olub", - deyə Bostan yazıb.


O, Azərbaycanın Mərkəzi Asiyaya açılan qapı olduğunu, iki ölkənin isə xüsusilə enerji sahəsində güclü ticarət əlaqələrinə malik müttəfiqlər kimi çıxış etdiyini vurğulayıb.


Ahmet Hakan: "Bu mesaj fitnəni söndürəcək"


Jurnalist Ahmet Hakan Ərdoğanın bəyanatını Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirən mesaj kimi qiymətləndirib.


"Prezident Ərdoğanın mesajı adi mesaj deyil. Bu, fitnəni söndürəcək, qardaşlığı möhkəmləndirəcək mesajdır. "Araları dəysin" deyə gözləyənləri məyus edəcək mesajdır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı", - deyə Hakan bildirib.


Melih Altınok: "Süni mübahisələrə imkan verilməməlidir"


"Sabah" qəzetinin yazarı Melih Altınok isə sosial şəbəkələrdə Türkiyə ilə Azərbaycan arasında böhran olduğu barədə təsəvvür yaratmaq cəhdlərini tənqid edib.


O, iki ölkənin güclü tarixi və strateji əlaqələrə malik olmasına baxmayaraq, müstəqil dövlətlər olduğunu və hər birinin daxili işlərinin özünə aid olduğunu qeyd edib.


"Bu süni mübahisənin daha da uzanması hər iki ölkənin maraqlarına uyğun deyil", - deyə Altınok vurğulayıb.


Məqalədə Türkiyə ilə Azərbaycanın uzun illər ərzində formalaşmış strateji tərəfdaşlıq və ortaq taleyə bağlılıq əsasında münasibətlərini davam etdirdiyi qeyd olunur.