Son illərin rəsmi statistikası kənd təsərrüfatında artım tempinin zəiflədiyini, buğda və ət üzrə özünütəminat səviyyəsinin azaldığını göstərir. Eyni zamanda, Hesablama Palatasının audit hesabatlarında aqrar sahədə idarəetmə, uçot və subsidiyaların tətbiqi ilə bağlı müxtəlif nöqsanlar qeyd olunur. Bəs, bu mənzərəni necə qiymətləndirmək olar?

Mövcud tendensiyanı dəyişmək üçün hansı sistemli addımlar atılmalıdır?


Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib. 






İqtisadçı bildirib ki, kənd təsərrüfatında müşahidə olunan zəifləməni yalnız bir amillə izah etmək düzgün olmaz:


"Burada həm idarəetmə və aqrar siyasətin planlaşdırılması ilə bağlı problemlər, həm də iqlim dəyişiklikləri, su çatışmazlığı, istehsal xərclərinin artması, bazar konyunkturası və qlobal iqtisadi proseslər birlikdə təsir göstərir. Lakin obyektiv amillər bütün ölkələr üçün müəyyən dərəcədə ortaq olsa da, onların təsirinin nə qədər azaldılması məhz dövlət siyasətinin effektivliyindən və idarəetmə keyfiyyətindən asılıdır.


Rəsmi statistikada buğda və ət üzrə özünütəminat səviyyəsinin azalması onu göstərir ki, mövcud dəstək mexanizmləri istənilən nəticəni tam təmin etmir. Hesablama Palatasının auditlərində subsidiya və idarəetmə ilə bağlı nöqsanların qeyd olunması da resurslardan istifadənin səmərəliliyinin artırılmasına ehtiyac olduğunu göstərir. Əgər ayrılan maliyyə və dəstək tədbirləri istehsalın artımına adekvat təsir göstərmirsə, bu zaman siyasətin icrası və nəzarət mexanizmləri yenidən qiymətləndirilməlidir.


Mövcud tendensiyanı dəyişmək üçün ilk növbədə subsidiya sistemi nəticəyönümlü prinsiplər əsasında təkmilləşdirilməli, dəstək daha çox məhsuldarlığın və keyfiyyətin artırılmasına yönəldilməlidir. Suvarma infrastrukturunun modernləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə davamlı toxum və texnologiyaların tətbiqi, aqrar sığorta mexanizmlərinin genişləndirilməsi və fermerlərin müasir biliklərə çıxışının artırılması da mühüm əhəmiyyət daşıyır.


Bununla yanaşı, kənd təsərrüfatında rəqəmsal idarəetmə sistemlərinin geniş tətbiqi, torpaq ehtiyatlarından daha səmərəli istifadə, kooperasiya modelinin inkişafı, logistika və saxlama infrastrukturunun gücləndirilməsi, emal sənayesinin genişləndirilməsi və daxili bazarın daha səmərəli təşkili istehsalın davamlı artımına şərait yarada bilər. Uzunmüddətli perspektivdə əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, həm də məhsuldarlığı, rəqabət qabiliyyətini və ərzaq təhlükəsizliyini gücləndirmək olmalıdır".


Pərvin Şakirqızı