Beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı, geosiyasi rəqabətin daha da kəskinləşdiyi və qlobal təhlükəsizlik arxitekturasının yenidən qurulduğu bir dövrdə Azərbaycanın milli maraqlara əsaslanan praqmatik xarici siyasəti ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, regional əməkdaşlıq platformaları və balanslaşdırılmış diplomatiya Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artıran əsas amillər sırasında göstərilir.


Moderator.az-ın Pərvin Şakirqızı ilə "Rəsmilərin mövqeyi" rubrikasının növbəti qonağı Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev oldu. 






Deputatla yeni dünya nizamının formalaşdığı şəraitdə Azərbaycanın strateji üstünlükləri, Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan xarici siyasət kursu, ölkəmizin enerji və nəqliyyat diplomatiyasının yaratdığı imkanlar, eləcə də gələcəyin əsas geosiyasi və iqtisadi çağırışları ətrafında həmsöhbət olduq. 

 

Moderator.az həmin müsahibəni təqdim edir:


– Musa müəllim, Beynəlxalq münasibətlər sistemi sürətlə transformasiya olunur, ənənəvi güc balansı isə yeni məzmun qazanır. Belə bir mərhələdə, müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən dövlət kimi Azərbaycanın əsas strateji üstünlüklərini nədə görürsünüz? Bu üstünlüklər ölkəmizin beynəlxalq mövqeyinə necə təsir göstərir?


– Çox sağ olun. Olduqca aktual bir məsələyə toxunmusunuz. Həqiqətən də bu gün dünyada beynəlxalq münasibətlər sistemi heç vaxt olmadığı qədər sürətlə transformasiya olunur. Belə bir şəraitdə isə həmişə güclü, ədalətli, əməkdaşlığa açıq və sülhün tərəfdarı olan dövlətlər uğur qazanırlar. Qaldırdığınız sualın cavabı da əslində bu günlərdə Şuşada keçirilən IV Qlobal Media Forumunda cənab Prezident tərəfindən kifayət qədər ətraflı şəkildə izah olundu. 


Hətta forumda səsləndirilən suallardan biri də mahiyyət etibarilə sizin sualınıza yaxın idi. Söhbət sürətlə dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın uğurunun əsasını nəyin təşkil etməsindən və ölkəmizin niyə bu gün dünyada uğur modeli kimi qəbul olunmasından gedirdi. Cənab Prezident çox haqlı olaraq vurğuladı ki, Azərbaycan ədalətli münasibətlərin, haqqın, sülhün və əməkdaşlığın tərəfdarıdır. Eyni zamanda qeyd etdi ki, dövlətimizin əsas gücü Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasət yürütməsində və xalqla hakimiyyət arasında mövcud olan sarsılmaz birliyə söykənməsindədir.


Məhz buna görə də Azərbaycan, xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdıqdan sonra beynəlxalq diqqət mərkəzinə çevrilib. Bu gün ərazi, əhali, iqtisadi və hərbi potensial baxımından Azərbaycandan qat-qat böyük dövlətlər belə müxtəlif münaqişələrin həlli və vasitəçilik missiyalarının həyata keçirilməsi üçün Azərbaycanın dəstəyinə və təcrübəsinə müraciət edirlər. Bu məsələlər də Şuşa Qlobal Media Forumunda geniş müzakirə olundu.


Azərbaycanın əsas uğurlarından biri də cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış, eyni zamanda milli maraqlara əsaslanan xarici siyasətdir. Bu siyasətdə hər zaman Azərbaycanın milli maraqları ön planda dayanıb və məhz buna görə də bu siyasi kurs Azərbaycan xalqı tərəfindən daim dəstəklənib. Bununla yanaşı, bu siyasət haqqa və ədalətə söykənən siyasi xəttdir.


Cənab Prezident forum zamanı onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan daha irəli gedə, Ermənistanı öz ərazisində tam kapitulyasiyaya məcbur edə və tarixi torpaqlarımızın qaytarılması istiqamətində daha geniş addımlar ata bilərdi. Lakin Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq hərəkət etdi, regionda davamlı sülhün təmin olunmasını əsas məqsəd kimi götürdü və məhz buna görə də zəruri mərhələdə dayandı. Ermənistan da kapitulyasiyanı qəbul etdi.


Bütün bunların nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi getdikcə daha da möhkəmlənir. Bu gün dünya gücləri Azərbaycanı orta güc kimi qəbul edir və qlobal əhəmiyyət daşıyan məsələlərdə onu etibarlı, etimad göstərilən və arzuolunan tərəfdaş hesab edirlər. Şübhəsiz ki, Azərbaycanın əldə etdiyi bu uğurlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən ilin avqustun 8-də Ağ evdə ABŞ Prezidenti Donald Tramp da bunu xüsusi olaraq qeyd edib. Sonrakı görüşlərində və müxtəlif çıxışlarında da o, Azərbaycan Prezidentinin fəaliyyətini nümunə kimi göstərib.


Çin Xalq Respublikasının Sədri Si Cinpin də Prezident İlham Əliyevə yüksək hörmət və ehtiramını dəfələrlə ifadə edib. Digər dövlət başçıları və xalqlar da Azərbaycan Prezidentini sülhün, əməkdaşlığın və ədalətli siyasətin tərəfdarı kimi dəyərləndirirlər. Bu baxımdan Azərbaycan bu gün beynəlxalq arenada özünü ən yüksək səviyyədə təmsil edir. Hesab edirəm ki, həyata keçirilən bu siyasət həm dövlətimizə, həm də xalqımıza mühüm siyasi və strateji dividendlər qazandırır.


– Azərbaycan son illərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Sizcə, dəyişən geosiyasi reallıqlar fonunda bu amillər ölkəmizin siyasi və iqtisadi təsir imkanlarını hansı istiqamətlərdə genişləndirə bilər?


– Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmlənməsi bir sıra mühüm amillərlə şərtlənir. İlk növbədə bu, ölkəmizin uzaqgörənliklə müəyyənləşdirilmiş, düzgün proqnozlaşdırılmış və ardıcıl şəkildə həyata keçirilən xarici siyasətinin nəticəsidir. Eyni zamanda Azərbaycanın zəngin neft və karbohidrogen ehtiyatlarından səmərəli istifadə olunması, bu resursların dünya bazarlarına çıxarılması ölkəmizə təkcə ciddi maliyyə-iqtisadi gəlirlər qazandırmayıb, həm də Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm siyasi kapital formalaşdırıb.


1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, uzunmüddətli inkişafının təmin olunması, beynəlxalq aləmdə tanınması və etibarlı tərəfdaş kimi qəbul edilməsi baxımından tarixi əhəmiyyət daşıyan sənəd idi. 

Məhz bu səbəbdən həmin müqavilə haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılır. Onu da xüsusi qeyd etmək istərdim ki, həmin layihənin hazırlanması prosesində cənab Prezident İlham Əliyev, o dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi, mühüm rol oynayıb və müqavilənin hazırlanmasına böyük töhfələr verib.


Sonrakı mərhələdə bu layihə Azərbaycana yalnız böyük həcmdə maliyyə vəsaiti qazandırmadı, eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına da əlverişli zəmin yaratdı. Bu gün Azərbaycanın neft və karbohidrogen ehtiyatları bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra əvvəllər Rusiya enerji resurslarından istifadə edən bir sıra Avropa ölkələri alternativ mənbə kimi Azərbaycanın karbohidrogen ehtiyatlarına üstünlük verməyə başladılar.


Hazırda TAP, TANAP və Cənub Qaz Dəhlizi layihələri vasitəsilə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, ölkəmizə mühüm siyasi dividendlər də qazandırır. Bununla yanaşı, Azərbaycanın Şərqlə Qərbin, eləcə də Şimalla Cənubun kəsişməsində yerləşməsi ölkəmizin logistika potensialını daha da artırır. Bu imkanların reallaşdırılması da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mühüm nəticələrindən biridir. Bakı–Tbilisi–Qars dəmir yolu  xəttinin istifadəyə verilməsi qədim İpək Yolunun Azərbaycan üzərindən keçən mühüm qolunun bərpası deməkdir. Eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizinin ölkəmiz üzərindən keçməsi Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi rolunu daha da möhkəmləndirir.


Hesab edirəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasının da şahidi olacağıq. Bu layihə Azərbaycanın regionun mühüm logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirəcək. Ələt Azad İqtisadi Zonası isə həm logistika, həm də biznes baxımından ölkəmiz üçün yeni imkanlar yaradacaq, Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artıracaq.


Bu baxımdan Azərbaycanın çox böyük potensialı var. Sevindirici haldır ki, ölkəmiz bu potensialdan səmərəli və məqsədyönlü şəkildə istifadə etməyi bacarır.


– Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Sizcə, yeni dünya nizamının formalaşdığı indiki mərhələdə bu siyasi kurs ölkəmizə hansı əlavə strateji imkanlar qazandırır və parlament diplomatiyası bu prosesə hansı töhfəni verə bilər?


– Bəli, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət hər zaman praqmatik xarakter daşıyıb. İstər daxili, istərsə də xarici siyasətdə bu praqmatik yanaşma daim öz müsbət nəticələrini verib. Xüsusilə COVID-19 pandemiyası dövrünü xatırlayaq. Həmin vaxt Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edirdi və Prezident İlham Əliyev beynəlxalq miqyasda olduqca mühüm fəaliyyət göstərdi. Pandemiya dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin bu çətin vəziyyətdən çıxmasına onun mühüm töhfəsi oldu. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının 120-dən çox üzvü var və bu təşkilat BMT-dən sonra dünyanın ən böyük beynəlxalq platformalarından biridir. Həmin üzv dövlətlərin əksəriyyəti inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrdir. 


Məhz həmin dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ölkələrə vaksin və dərman yardımlarının göstərilməsi istiqamətində mühüm addımlar atıldı. Elə onun təşəbbüsü ilə də BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası keçirildi. Həmin dövrdə siyasi leksikona daxil olan "vaksin millətçiliyi" ifadəsi də Prezident İlham Əliyev tərəfindən səsləndirilmişdi. Çünki bəzi dövlətlər ehtiyaclarından dəfələrlə artıq həcmdə vaksin əldə etdiyi halda, yoxsul ölkələr bu imkanlardan məhrum qalırdı. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində beynəlxalq ictimaiyyət bu məsələyə daha həssas yanaşdı və ehtiyacı olan ölkələrə vaksin yardımlarının göstərilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan özü də həmin dövrdə 80-ə yaxın ölkəyə humanitar yardım göstərdi.


Bundan başqa, dünyanın müxtəlif ölkələrində zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər baş verdikdə ilk yardım göstərən dövlətlərdən biri də Azərbaycan olur. Rusiya–Ukrayna müharibəsi başlayandan bəri Ukraynada humanitar və sosial məqsədlərlə fəaliyyət göstərən nəqliyyat vasitələrinin yanacaq təminatı Azərbaycan Dövlət Neft Şirkətinin həmin ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri vasitəsilə humanitar əsaslarla həyata keçirilir. Eyni zamanda müxtəlif ölkələrə mütəmadi olaraq dərman və digər humanitar yardımlar da göstərilir.


Bütün bunlar Azərbaycanın humanist dövlət kimi beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda Azərbaycanın həyata keçirdiyi siyasət region xalqlarının gələcəkdə sülh, əməkdaşlıq və qarşılıqlı inkişaf şəraitində yaşamasına yönəlib. Bu yanaşma artıq həm Ermənistanda, həm də Gürcüstanda kifayət qədər düzgün qiymətləndirilir. Hesab edirəm ki, Ermənistanla davamlı sülh sazişi imzalandıqdan və bütün kommunikasiyalar açıldıqdan sonra regionda yeni əməkdaşlıq mərhələsi başlayacaq. Cənubi Qafqaz bütövlükdə Azərbaycanın və qardaş Türkiyənin liderliyi ilə sülhün, əməkdaşlığın və tərəqqinin yeni mərhələsinə qədəm qoyacaq.


Şübhəsiz ki, Azərbaycanın strateji imkanları kifayət qədər genişdir. Həm enerji sektorunda, həm də qeyri-neft sektorunda mövcud potensialdan səmərəli istifadə etməklə biz, bir tərəfdən, xalqımızın sosial rifahını daha da yüksəldəcəyik, digər tərəfdən isə gələcəyin çağırışlarına cavab verə biləcək güclü insan kapitalı formalaşdıracağıq. Bu istiqamətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil üzrə iki böyük dövlət proqramı həyata keçirilib. Həmin proqramlar çərçivəsində beş mindən çox gənc dünyanın aparıcı universitetlərində bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alıb. Onların bir qismi Azərbaycana qayıdaraq müxtəlif sahələrdə fəaliyyət göstərir, digər qismi isə xaricdə çalışaraq Azərbaycan diasporunun güclənməsinə öz töhfəsini verir.


Bu gün dünya artıq beşinci sənaye inqilabı və süni intellekt dövrünə qədəm qoyub. Həyatın tempi, texnologiyalar və yanaşmalar sürətlə dəyişir. Belə bir şəraitdə zamandan geri qalmamaq üçün daim yeniliklərə açıq olmalı, inkişaf edən tendensiyaları vaxtında mənimsəməli və bir addım öndə getməyə çalışmalıyıq. Prezident İlham Əliyevin son illərdə rəqəmsallaşma, elektron hökumətin inkişafı, süni intellekt sahəsində dövlət proqramlarının qəbul edilməsi, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq dövlət komissiyasının yaradılması ilə bağlı təşəbbüsləri Azərbaycanın inkişaf edən, innovasiyalara açıq dövlət olduğunu bir daha nümayiş etdirir.


Bu prosesə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət yetirməsi də həyata keçirilən islahatların əhəmiyyətini və bu sahəyə verilən strateji önəmi göstərir. İnanıram ki, biz bu inkişaf imkanlarından səmərəli istifadə edərək daha da irəli gedəcək, cəmiyyətimizi yüksək intellektual potensiala malik, dayanıqlı və gələcəyin çağırışlarına hazır insan kapitalına söykənən güclü bir cəmiyyətə çevirəcəyik.


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor