Azərbaycan ədəbiyyatı tarixində elə sənətkarlar vardır ki, onların adı böyük ədəbi ənənələrin başlanğıcında dayansa da, həyatları və yaradıcılıqları haqqında məlumatlar günümüzədək olduqca məhdud şəkildə gəlib çatıb. Belə simalardan biri XV-XVI əsrlərdə yaşamış şair Həqiri Təbrizidir.
 




Azərbaycan dilli mənbələrdə Həqiri Təbrizinin həyatı və yaradıcılığı barədə məlumatın azlığı tez-tez vurğulanır. Məsələn, ədəbiyyatşünas və mətnşünas alim Əliyar Səfərli “Azərbaycan ədəbiyyatı tarixi” kitabında yazır ki, Həqiri haqqında mənbələrdə geniş məlumata rast gəlmirik. Olan məlumat özü də dolaşıq və ziddiyyətlidir.
 
XVI əsr Səfəvi təzkirəçiliyinin ən mühüm mənbələrindən sayılan və təxminən 1550-ci ildə tamamlanmış “Töhfə-yi Sāmi” (تحفهٔ سامی) əsərində isə Sam Mirzə Həqiri Təbrizi barədə onu “yeni peyda olmuş” şairlər sırasına daxil edir və poetik istedadını xüsusi vurğulayır. Təzkirə mətnində Həqiri haqqında “yeni ortaya çıxmış” (“نو پیدا شده”) ifadəsi işlədilir və şairin “poetik təbi”nin (“طبع”) yaxşı olduğu qeyd olunur. Bu qiymətləndirmə Həqirinin dövrün ədəbi mühitində tanınmağa başladığını göstərən ilkin dəlillərdən biri kimi diqqət çəkir.
 
Mir Təqiəddin Məhəmməd Kaşaninin “Xülasətül-əşar və zibdətül-əfkar” adlı çoxcildli təzkirəsində Həqiri Təbrizi haqqında nisbətən geniş məlumat verilir. Təzkirə müəllifini və əsərin elmi nəşr-biblioqrafik identifikasiyasını göstərən məlumatlar bu əsərin Səfəvi dövrü təzkirəçiliyinin iri həcmli nümunələrindən olduğunu və uzun müddətdə tərtib edildiyini təsdiqləyir. Həmin təzkirədə Həqiri “Azərbaycanın ən ustad şairlərindən” biri kimi qiymətləndirilir; onun “şirin sözlü sənətkar” olması, fikirlərini incə bəyan etməsi, əxlaq və davranışının bəyənilənliyi xüsusi vurğulanır. Müəllif daha sonra Həqirinin iyirmi il əvvəl Həzrət Rzanı ziyarət etmək niyyətilə səfərə çıxdığını, Kaşana gəldiyini, burada dörd il qaldığını və xüsusilə Mövlana Möhtəşəmlə ünsiyyətdə olduğunu qeyd edir. Özü də “mən bəndə o vaxt onların yanına getmişdim” deyərək Həqirinin dərvişanə halını, sufiyanə əxlaqını müşahidə etdiyini bildirir. Təzkirədə Həqirinin sonradan Qəzvin yolu ilə Təbrizə qayıtdığı və Təbrizdə yaşadığı göstərilir, daha sonra isə “rumlular”ın Təbrizə gəlişi ilə bağlı hadisələr fonunda Həqirinin həmin tayfanın əlində “şəhid olduğu” qeyd edilir. Bu kontekstdə “Rūm/rumlular” ifadəsi klassik farsdilli mətnlərdə adətən Anadolu-Osmanlı məkanı ilə bağlı işlənir və dövrün siyasi-hərbi reallıqları (Osmanlı-Səfəvi müharibələri, Tabriz hadisələri) ilə səsləşir. 
 
Mövcud elmi mənzərə göstərir ki, bu “məlumat qıtlığı” yalnız yerli oxucuya xas deyil, beynəlxalq elmi dövriyyədə də Həqiri daha çox bioqrafik portret kimi deyil, XVI əsrdə “Leyli və Məcnun” mövzusuna yazdığı məsnəvi və həmin əsərin Nizami ənənəsi ilə əlaqələri kontekstində xatırladılır. Məsələn, Həqirinin “Leyli və Məcnun”u haqqında tədqiqatlarda o, Nizami Gəncəvinin “Leyli və Məcnun”una yazılmış nəzirələr silsiləsində dəyərləndirilir, araşdırmaların ağırlıq mərkəzini isə şairin həyat xronologiyası yox, mətnin motiv-süjet paralelləri, poetik üsullar və ədəbi ənənə təşkil edir. Bununla yanaşı, bioqrafik göstəricilərdə də tam sabitlik müşahidə olunmur. Elmi mətnlərdə Həqirinin XVI əsrdə yaşadığı qeyd edilsə də, ölüm tarixi bəzi hallarda 1585, bəzi hallarda isə 1586 kimi keçir ki, bu da ilkin bioqrafik qeydlərin məhdudluğu və sonrakı mənbələrdə fərqli variantların dövriyyəyə girməsi ilə izah olunur. 
 
Mövzu üzrə ayrıca diqqət çəkən nümunələrdən biri də “Leyli və Məcnun” ənənəsinin türk/azəri-türk qolu haqqında hazırlanmış elmi giriş-icmallardır: burada Həqirinin dövrü Səfəvilər dönəmi ilə əlaqələndirilir və o, “Leyli və Məcnun” mövzusunun türk dilində işlənməsi tarixində önəmli həlqələrdən biri kimi təqdim olunur. Deyə bilərik ki, klassik Şərq ədəbiyyatının ən məşhur mövzularından biri olan “Leyli və Məcnun” süjetini ilk dəfə Azərbaycan dilində poema şəklində qələmə alan Həqiri, bu baxımdan, təkcə ədəbi deyil, həm də dil tarixi baxımından mühüm yer tutur.
 
Azərbaycan dilli mənbələrdə Həqiri Təbrizinin “Leyli və Məcnun” əsərinin yeganə əlyazma nüsxəsinin İngiltərənin Britaniya muzeyində saxlanıldığı qeyd olunur. Həmin mənbələrdə eyni zamanda göstərilir ki, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əlyazmanın FS-8/3770 şifrəsi ilə qeydiyyatda olan fotosurəti mövcuddur.
 
Bu faktlar uzun illər Azərbaycan ədəbiyyatşünaslığında dəyişməz şəkildə təkrar olunub və elmi dövriyyədə qəbul edilib. Lakin burada mühüm bir elmi dəqiqləşdirmə aparmaq zərurətdən qaynaqlanır. Məsələ burasındadır ki, vaxtilə Britaniya Muzeyində (“British Museum”) saxlanılan Şərq əlyazmaları sonradan Britaniya Kitabxanasına (“British Library”) köçürülüb. Yəni bu gün texniki və institusional baxımdan həmin əlyazmaların British Library fondlarında saxlanıldığını demək daha dəqiqdir. Bu məsələ “Komparativistika (Comparative Studies)” jurnalının 2025-ci il, №1 (5) sayında (s. 6-19) dərc olunmuş Gülnoz İskandarovna Xalliyeva və Nərgizə Kadambayevna Adambayevanın “Turkish and Turkic Manuscripts in the British Library” (“Britaniya Kitabxanasında türk və türk əlyazmaları”) adlı məqaləsində açıq şəkildə qeyd olunur. Məqalədə bildirilir ki, Britaniya Kitabxanası əvvəl Britaniya Muzeyinin tərkibində fəaliyyət göstərib, daha sonra isə hüquqi qərarla bu qurumdan ayrılaraq müstəqil institut – “British Library” kimi təsis edilib.
 
Bu fakt göstərir ki, Azərbaycan dilli mənbələrdə işlədilən “Britaniya muzeyi” ifadəsi tarixi baxımdan əsaslı olsa da, müasir elmi terminologiyada “Britaniya Kitabxanası” formasında dəqiqləşdirilməlidir.
 
Həqiri Təbrizinin “Leyli və Məcnun” əsərinin əlyazması haqqında elm aləminə ilk məlumat 1888-ci ildə görkəmli ingilis şərqşünası Çarlz Riyo (Charles Rieu) tərəfindən verilib. O, Britaniya Muzeyi üçün hazırladığı “Catalogue of the Persian manuscripts in the British Museum” (“Britaniya Muzeyində farsca əlyazmaların kataloqu”) adlı fundamental əsərində bu əlyazmanı kataloqlaşdırılıb. Sözügedən kataloq “1888-ci il tarixli” kimi elmi kataloq qeydlərində göstərilir və bu gün də tədqiqatçılar üçün əsas istinad mənbələrindən biri hesab olunur.
 
Beləliklə, Həqiri Təbrizinin Azərbaycan dilində yazılmış ilk “Leyli və Məcnun” poemasına dair məlumatlar ümumi xətlə elmi həqiqətə əsaslansa da, institusional adlandırma baxımından müasir elmi dəqiqləşdirmə tələb edir. Əlyazmanın tarixi olaraq Britaniya Muzeyinin fondlarında saxlanılması faktı doğrudur, lakin bu gün həmin əlyazmanın Britaniya Kitabxanasının (British Library) Şərq əlyazmaları kolleksiyasına daxil olduğunu qeyd etmək daha düzgün yanaşmadır.
 
Bu cür dəqiqləşdirmələr yalnız terminoloji korrektlik deyil, həm də Azərbaycan klassik ədəbiyyat irsinin beynəlxalq elmi mühitdə daha düzgün və etibarlı təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.
 
Təəssüf ki, Həqiri Təbrizinin irsi hələ də geniş və sistemli tədqiqata ehtiyacı olan, Azərbaycan ədəbiyyat tarixinin əsas, lakin kifayət qədər araşdırılmamış səhifələrindən biri olaraq qalır.
 

Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi