ABŞ və İran arasında gərginlik yenidən hərbi müstəviyə keçərkən, Vaşinqtondan səslənən son bəyanatlar qarşıdurmanın daha da dərinləşə biləcəyi ilə bağlı müzakirələri gücləndirib.
Maraqlıdır, Donald Trampın İrana qarşı hərbi əməliyyatların enerji infrastrukturu və körpülər kimi strateji obyektləri də əhatə edəcəyinə dair açıqlamaları bölgədə münaqişənin yeni mərhələyə keçdiyini göstərirmi? Trampın "gələn həftə onlar üçün çox pis keçəcək" və enerji infrastrukturunun hədəfə alınacağı barədə bəyanatını Vaşinqtonun psixoloji təzyiq strategiyasının tərkib hissəsi hesab etmək olar, yoxsa bu, ABŞ-ın müharibənin miqyasını genişləndirmək niyyətinin real siqnalıdır?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Aqşin Kərimov açıqlama verib.
Politoloq qeyd edib ki, ABŞ-ın iyul ayında İrana qarşı apardığı hərbi kampaniya əsasən İranın cənub sahilləri boyunca yerləşən ərazilərdə cəmləşib:
"Bu da deməyə əsas verir ki, İranın enerji infrastrukturu, limanları və digər strateji layihələri ciddi şəkildə hədəfdədir. ABŞ bununla İranın ixrac və idxal əməliyyatlarında mühüm rol oynayan nəqliyyat arteriyalarını hədəfə alaraq İranı daha çətin vəziyyətə salmağa çalışır.
Bu günlərdə isə ABŞ Ərteş quru qoşunlarının 388-ci mexanikləşdirilmiş hücum briqadasına zərbələr endirib.
Bu da hərbi dairələr tərəfindən diqqətçəkən hadisə kimi qiymətləndirilir. İran isə cavab olaraq ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarını, eləcə də bölgədəki enerji infrastrukturu və təchizat obyektlərini hədəfə alıb. Bu da müharibənin eskalasiyası ilə bağlı ehtimalları daha da gücləndirir.
Bəs bu müharibədən kim istədiyini əldə edəcək?
İranın əlində hələ də ciddi şəkildə israr etdiyi məsələlərdən biri Hörmüz boğazına nəzarətlə bağlıdır. Yəni Tehran bu mövqeyindən geri çəkilmir və ABŞ-ın hərbi kampaniyası da hələlik İranı bu məsələdə geri addım atmağa sövq edə bilməyib".
Aqşin Kərimov bildirib ki, belə olduğu təqdirdə ABŞ İranın idxal və ixrac əməliyyatlarında mühüm rol oynayan quru nəqliyyat marşrutlarını və logistika xətlərini hədəfə almaqla Tehranı danışıqlarda güzəştə məcbur etməyə çalışır:
"Lakin İran da ABŞ-dan güzəştlər tələb edir. Qarşılıqlı güzəşt tələbləri isə getdikcə yeni hərbi toqquşmalar və davam edən hərbi kampaniya fonunda fərqli xarakter alır. Növbəti danışıqlara qədər kim hərbi baxımdan üstün mövqe qazana bilsə, kim qarşıdurmanın nəticələrini öz xeyrinə çevirməyi bacarsa, diplomatik masada da daha güclü tərəf olacaq.
Hələlik isə ABŞ-ın strateji məqsədlərinə tam çatdığını söyləmək mümkün deyil. Əksinə, bir çox məsələdə İran daxilində həm SEPAH-ın mövqeləri güclənib, həm də ali rəhbərlik institutunda varislik prinsipinin ötürülməsi prosesi təmin olunub. Bu müharibə həmin prosesin İran daxilində bir qədər rahat getməsinə şərait yaradıb.
Çünki varislik prosesi, yəni Seyid Əli Xameneinin oğlu Müctəba Xameneinin onun yerinə gətirilməsi əvvəllər mübahisəli məsələ kimi qiymətləndirilir və ciddi müzakirələr doğururdu. Lakin ABŞ-ın İrana qarşı hərbi kampaniyasından sonra bu proses sanki daha əlverişli siyasi şəraitdə irəliləyib.
Bununla yanaşı, İran daxilində, xüsusilə də siyasi elita səviyyəsində fərqli yanaşmalar mövcuddur. Bir qrup ABŞ-la danışıqların tərəfdarı kimi çıxış etsə də, digər qüvvələr bu cür danışıqlara qarşı çıxır. Amma bu daha çox taktiki fikir ayrılığı kimi görünə bilər. Ümumilikdə isə İran daxilində hər iki tərəfin strateji məqsədləri və niyyətlərinin eyni olduğunu düşünürəm".
Pərvin Şakirqızı