“...Sözügedən təklifin gələcək hüquqi və geopolitik riskləri dərindən hesablanmadan, sadəcə yuxarı instansiyalara köçürülən əhalinin sayı barədə “uğurlu” statistika təqdim etmək xatirinə ortaya atıldığı təəssüratı yaranır.
 




“Dövlət başçısının da öz çıxışlarında qeyd etdiyi kimi, beynəlxalq geo-siyasətdə ani və gözlənilməz dəyişikliklər qaçılmazdır və Azərbaycan hər an yeni təhdidlərlə üz-üzə qala bilər...”
 
“Qarabağı tərk etmiş ermənilər Azərbaycanın onların mülkiyyət hüquqlarını pozması iddiası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 600-ə yaxın fərdi ərizə ilə müraciət ediblər...”
 
“Bu hal baş verərsə, vaxtilə Bakı və Sumqayıtda yerli sakinlərin mənzillərində müvəqqəti məskunlaşan və onlarla illərlə məhkəmə çəkişmələri aparan köçkünlərimiz, bu dəfə öz azad edilmiş torpaqlarımızda geri qayıdan ermənilərlə hüquqi və fiziki olaraq üz-üzə qalacaqlar...”
 
“Belə bir vəziyyətdə vətəndaşa “dövlət sizə ev təklif etdi, getmədiniz, ona görə də statusunuz ləğv olunur və bir daha işğaldan azad edilmiş ərazilərdə ev sahibi ola bilməzsiniz” tərzində ultimatum vermək qanunlardan sui-istifadə etmək və vətəndaş hüquqlarını tamamilə tapdalamaq deməkdir...”
 
2020-2023-cü illərdə dövlətimizin uğurlu xarici siyasəti, xüsusən də şəhid və qazilərimizin canı-qanı sayəsində işğaldan azad edilmiş torpaqlarda gedən geniş quruculuq işləri göz qabağındadır. Son illər ərzində həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində on minlərlə keçmiş məcburi köçkün öz yurdlarında, yaxud digər uyğun ərazilərdə bərpa edilmiş və ya tamamilə yeni mənzillərlə təmin edilib. Əlbəttə, hələ də həllini gözləyən problemlər, vətəndaşlar tərəfindən qaldırılan şikayətlər çoxdur. Çünki 30-35 illik ağır işğalın fəsadlarının birdəfəlik aradan qaldırılması Azərbaycan dövləti və onun iqtisadiyyatı üçün kifayət qədər ağır bir yükdür. Fəqət bütün bu obyektiv çətinlikləri və prosesin ağırlığını bəhanə edərək hansısa dövlət qurumunun və ya yerli məmurların məcburi köçkünlər qarşısında süni əngəllər törətməsi, yeni idarəçilik problemləri yaratması tamamilə yolverilməzdir. Vəzifəsindən və kimliyindən asılı olmayaraq, hər bir qurumun və dövlət məmurunun təməl borcu — hər bir köçkün və ya qeyri-köçkün vətəndaşın qanuni hüquqlarının qorunmasını və problemlərinin ədalətli həllini təmin etməkdir...  
 
Məhz bu idarəçilik məsuliyyəti fonunda, müvafiq dövlət strukturları tərəfindən məcburi köçkünlərin öz doğma yurdlarına deyil, keçmiş Dağlıq Qarabağ ərazisində vaxtilə ermənilərin yaşayıb tərk etdiyi digər yaşayış məntəqələrinə — kənd və qəsəbələrə köçürülməsi ilə bağlı aparılan rəy sorğuları və təkliflər ciddi suallar doğurur. Bu gedişat, öncə dövlətini sevən bir Azərbaycan vətəndaşı və ömrünün 30-35 ilini köçkünlük sıxıntıları ilə keçirmiş insanlardan biri kimi bəndənizi və fundamental bir sual ətrafında düşünməyə vadar edir: 
 
“Əcəba, bu qərar milli təhlükəsizlik və uzunmüddətli geo-siyasi strateji baxımdan nə dərəcədə düzgündür?”
 
Dövlətin ali rəhbərliyinin bütöv bir xalqın və azad edilmiş torpaqlara qayıdacaq insanların taleyi barədə qərarlar qəbul edərkən genişmiqyaslı perspektivləri əsas götürdüyü şübhəsizdir. Lakin ali iradəni yerlərdə icra edən bəzi məmurların fəaliyyətində hələ də sovet dövründən qalma “plan doldurmaq” və “tezbazar hesabat vermək” məntiqi açıq-aşkar hiss olunmaqdadır. Mövcud vəziyyətə bu aspektdən yanaşdıqda, sözügedən təklifin gələcək hüquqi və geopolitik riskləri dərindən hesablanmadan, sadəcə yuxarı instansiyalara köçürülən əhalinin sayı barədə “uğurlu” statistika təqdim etmək xatirinə ortaya atıldığı təəssüratı yaranır. Böyük ehtimalla, paytaxt və digər iri şəhərlərdəki yataqxana böhranı, qəzalı binaların sökülməsi zərurəti və ya müəyyən tikinti şirkətlərinin kommersiya maraqları fonunda köçkünlərin mənzil şikayətlərindən və get-gəllərindən birdəfəlik can qurtarmaq istəyən icraçı strukturlar problemi ən qısa yolla — onları hazır boş erməni evlərinə yerləşdirməklə həll etməyə çalışırlar...
 
İfadə azadlığı və vətəndaşlıq məsuliyyəti...
 
Bu sətirləri oxuyan bəzi qüvvələr məmurlardan daha uzaqgörən olmaq iddiasına düşdüyümüzü və ya həssas bir dönəmdə emosiyaları qızışdırdığımızı iddia edə bilər. Lakin unudulmamalıdır ki, Azərbaycan Respublikası müstəqil, suveren və hüquqi bir dövlətdir. Ölkədə əsası mərhum Eks-Prezident  Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğulanan fikir, ifadə və senzurasız mətbuat azadlığı Konstitusiyamızın təməl daşıdır. Beynəlxalq konvensiyalarla da qorunan bu konstitusion hüquqa söykənərək, dövlət sirri təşkil edən məqamlar istisna olmaqla, cəmiyyəti və dövləti maraqlandıran hər bir ciddi problem barədə azad şəkildə fikir söyləmək hər bir vətəndaşın həm hüququ, həm də mənəvi borcudur. Və heç bir qurumun və ya məmurun buna qadağa qoymaq ixtiyarı yoxdur...
 
İkincisi, hökumət qurumlarında çalışanlar da hər birimiz kimi Allahın yaratdığı bəndələr və bu dövlətin vətəndaşlarıdır; onların təhsilinə və təcrübəsinə hörmətlə yanaşmaqla bərabər, qərarlarındakı strateji boşluqları göstərmək sağlam cəmiyyətin tərkib hissəsidir. Bu mənada köçkünlərin öz tarixi yurdlarına deyil, keçmiş erməni evlərinə yerləşdirilməsi qərarını strateji və hüquqi cəhətdən şübhəli edən iki əsas ssenarini nəzərdən keçirmək zəruridir.
 
Hüquqi və geopolitik risk ssenarisi: 
 
Qərb qlobal güclərinin təzyiqi...
 
Məsələnin ən mürəkkəb tərəfi yerli və beynəlxalq mülkiyyət hüququ ilə bağlıdır. Daxili auditoriyada ermənilərin bu torpaqlarda heç bir haqqının olmadığını emosional şəkildə bəyan etsək də, hüquqi müstəvidə reallıq fərqlidir. Mediadan bəlli olduğu kimi, Qarabağı tərk etmiş ermənilər Azərbaycanın onların mülkiyyət hüquqlarını pozması iddiası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 600-ə yaxın fərdi ərizə ilə müraciət ediblər. Bu şikayətlər birbaşa ev, mənzil, torpaq sahələri kimi mülkiyyət iddialarını və geri qayıtmaq hüququnu əhatə edir. Təəssüf hissi ilə etiraf edilməlidir ki, 30 ilə yaxın davam edən işğal dövründə içi bəndəniz qarışıq bizim köçkünlərimiz tərəfindən beynəlxalq məhkəmələrə edilən bu qəbildən olan müraciətlərin sayı barmaqla sayılacaq qədər az olmuşdur...
 
Digər tərəfdən, dövlət başçısının da öz çıxışlarında qeyd etdiyi kimi, beynəlxalq geo-siyasətdə ani və gözlənilməz dəyişikliklər qaçılmazdır və Azərbaycan hər an yeni təhdidlərlə üz-üzə qala bilər. Regiondakı mövcud güclər balansının dəyişməsi, məsələn, Rusiya və İran kimi qonşu regional güclərin Qərbin sanksiya və hərbi həmlələrinə tab gətirməyərək zəifləməsi gələcəkdə tamamilə fərqli bir mənzərə yarada bilər. Belə bir şəraitdə Cənubi Qafqazda formalaşacaq yeni güc boşluğunu ABŞ və Avropa mərkəzli qlobal güclər dolduracaq. Bu isə rəsmi Bakını beynəlxalq hüquqi öhdəliklər və qərarlarla hesablaşmağa məcbur edə bilər...
 
Ermənilərin vaxtilə Azərbaycan SSR-in yurisdiksiyası altında onilliklər boyu yaşadıqlarını əsas gətirərək mülkiyyət hüquqlarının bərpası və ya kompensasiya tələb etməsi gələcəkdə hüquqi məcburiyyətə çevrilə bilər... Ən kritik məqam isə onların gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul edərək öz əvvəlki mülklərinə qayıtmaq tələbi irəli sürməsidir. Bu hal baş verərsə, vaxtilə Bakı və Sumqayıtda yerli sakinlərin mənzillərində müvəqqəti məskunlaşan və onlarla illərlə məhkəmə çəkişmələri aparan köçkünlərimiz, bu dəfə öz azad edilmiş torpaqlarımızda geri qayıdan ermənilərlə hüquqi və fiziki olaraq üz-üzə qalacaqlar. Bu isə daxili sabitlik üçün yeni bir partlayış mənbəyi deməkdir...
 
Regional təsir ssenarisi: Rusiyanın təxribat mexanizmi...
 
Digər bir ssenari isə Rusiyanın regiondakı mövqelərini qorumaq üçün hərbi-siyasi rıçaqlardan istifadə etmək cəhdidir. Rusiya mövcud qlobal münaqişələrdən müəyyən dərəcədə xilas olacağı təqdirdə, Avropa istiqamətində itirdiyi nüfuzunu Cənubi Qafqazda kompensasiya etməyə çalışacaq. Bunun üçün Kremlin ən sınanmış metodu tərəflər arasında yekun sülh sazişinin imzalanmasını əngəlləmək və ya yenidən hərbi gərginlik ocaqları yaratmaqdır. Ermənistanda gələcəkdə hakimiyyətə Kremlin maraqlarına tam xidmət edən qüvvələrin gəlməsi fonunda Moskva, Qarabağdan köçmüş ermənilərin geri qaytarılması məsələsini yenidən humanitar və siyasi təzyiq aləti kimi irəli sürə bilər. Əgər həmin dövrə qədər azərbaycanlı köçkünlər erməni kəndlərinə və evlərinə kütləvi şəkildə yerləşdirilmiş olarsa, Rusiya bu həssas məqamdan iki xalq arasında yeni etnik toqquşmaları alovlandırmaq və regionda öz hərbi varlığına legitimlik qazandırmaq üçün istifadə edə bilər...
 
Nəticə və çıxış yolu...
 
Odur ki, bütün bu gələcək geopolitik və hüquqi təhlükələri nəzərə alaraq dövlət, hər bir məcburi köçkünü bilavasitə işğaldan öncə onilliklərlə özünün, yüz, bəlkə də min illərlə dədə-babalarının yaşamış olduğu doğma yurdlarına köçürməyə borcludur. Bunun o illərdə dövlətin güclü və ya zəif olması ilə heç bir dəxli yoxdur; zamanında vətəndaşın təhlükəsizliyini tam təmin edə bilmədiyi üçün onun təhlükəsizlik və yaşam hüquqları pozulmuşdur və dövlət bu gün həmin təməl haqları qeyd-şərtsiz olaraq məhz öz tarixi coğrafiyasında bərpa etməlidir....
 
Əksər köçkünlər bu qəti fikirdədir ki, Azərbaycanın, müqəddəs Vətənin hər bir guşəsi, xüsusən də uğrunda şəhid qanı tökülmüş o torpaqların hər qarışı bizim üçün əzizdir, doğmadır. Ancaq haqlı olaraq adama deyərlər: mən 30-35 il çadırlarda, qazmalarda, rütubətli yataqxanalarda, ən yaxşı halda isə kiminsə zəbt edilmiş, qanuni haqqı olan mənzilində “qaçqın”, “köçkün” damğası altında, min bir sıxıntı və əzab-əziyyət içində ona görə dözüb yaşamışam ki, torpaqlar azad olunanda məni öz doğma ocağıma — məsələn, Laçının Ağanus və ya Fətəlipəyə kəndinə deyil, Qubadlının İşıqlı, yaxud Şuşanın, Ağdərənin Aşotun, Baqratın, Haykanuşun vaxtilə yaşamış olduğu digər kəndlərinə köçürəsiz? Dünən paytaxtda hansısa bakılı gəlib mənə “evimi zəbt etmisən” dediyi kimi, sabah da Avropa və Amerikanın hüquqi, siyasi dəstəyi ilə bir erməni gəlib mənim üzümə eyni sözü söyləsin və məni öz azad yurdumda ikinci dəfə mənəvi qaçqına çevirsin?..  
 
Bəs real və ədalətli çıxış yolu nədədir?..
 
Çıxış yolu, ilk növbədə, hər bir köçkünü birbaşa öz doğma tarixi ocağına köçürmək siyasətinə sadiq qalmaqdadır. Yox, əgər paytaxtda və ya digər şəhərlərdə köçkünlərin məskunlaşdığı hansısa yataqxana binası ifrat qəzalı vəziyyətdədirsə və onun təcili sökülməsi məcburidirsə, orada yaşayan insanları keçmiş Dağlıq Qarabağın digər kəndlərinə köçməyə məcbur etməyə heç bir qurumun ixtiyarı yoxdur! Belə bir vəziyyətdə vətəndaşa “dövlət sizə ev təklif etdi, getmədiniz, ona görə də statusunuz ləğv olunur və bir daha işğaldan azad edilmiş ərazilərdə ev sahibi ola bilməzsiniz” tərzində ultimatum vermək qanunlardan sui-istifadə etmək və vətəndaş hüquqlarını tamamilə tapdalamaq deməkdir...
 
Əgər, məsələn, hansısa yataqxana binası mütləq sökülməlidirsə, bu halda yenə də dövlətin və aidiyyəti qurumların birbaşa borcudur ki: 
 
-Ya həmin köçkünləri öz doğma yurdlarına birdəfəlik köçürülənədək cari əraziyə yaxın, normal şəraitli müvəqqəti yaşayış sahəsi ilə təmin etsin;
 
-Ya da həmin yataqxananın yerində yeni kommersiya binaları, müasir obyektlər ucaldacaq tikinti şirkəti və yaxud dövlət tərəfindən köçkünlərin özünə  onilliklərlə özünə iş yeri-filan qurmuş olduğu eyni ərazidə normal şərtlərlə ev ala biləcəyi adekvat pul kompensasiyası (məbləğ) ödənilsin...
 
Strateji uzaqgörənlik və vətəndaşa sadiqlik məhz bu hüquqi düsturu tələb edir. Unutmayaq ki, bu gün atılan tələsik və səthi addımlar sabah gələcək nəsillərimizin qarşısına böyük bir milli təhlükəsizlik və mülkiyyət böhranı kimi çıxa bilər...
 
Qeyd:
Hansısa dövlət məmuru və ya digər vətəndaş bu fikirləri təkzib edəcək fakt və arqumentləri redaksiyamıza təqdim edə bilər...
Müvafiq qurumların, həmçinin məcburi köçkün vətəndaşların bu həssas mövzu barədə konstruktiv rəy və təkliflərini dinləyib dərc etməyə hazırıq...
 
 Sultan Laçın