Bahalıqdan gileyləndi: “Doyunca yeyib, vitamin qəbul edə bilmirik, 10-15 manata meyvə olar? - ÖZƏL
19 Jul 2026, 11:05 32 baxış 3 dəq oxuma
“Çalışdığım Milli Gənc Tamaşaçılar Teatrından iyulun 21-də məzuniyyətə çıxacam. Sonuncu tamaşanı iyun ayında oynamışam. Məzuniyyətə çıxsam da Bakı Balacalar Teatrının işləri ilə məşğul olacam. Sentyabrın 4 və 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində tamaşamız olacaq. Həm dekorasiya qurulur, həm də kostyumlar tikilir. İki-üç günə tamamilə bitəcək. Uşaqları hələ ki, buraxmışam, amma məcburam ki, avqust ayının əvvəlindən ayın sonuna qədər məşqə çağırım. Onlar peşəkar aktyor deyillər. Gərək gündəlik məşqlər edib sözləri əzbərləsinlər, səhnə mizanlarını dəqiq öyrənsinlər ki, sabah tamaşa vaxtı çaşıb qalmasınlar. Yay boyu tamaşanın hazırlığı ilə məşğul olacam”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.
O daha sonra əlavə edib:
“Aldığımız maaşla xarici ölkəyə gedə bilmərəm. Uzaq başı 3-5 günlük respublika daxilində istirahət edə bilərsən. Hər il doğulduğum Yevlax rayonuna gedirəm, əzizlərimin məzarını ziyarət edirəm, bacı-qardaşlarımla, qohum-əqrabalarımla görüşürəm. Bu il heç yerə getməyi planlaşdırmıram. Çalışıram ailəmlə birlikdə istirahət edim. Tərslikdən həyat yoldaşım da ayrı gün məzuniyyətə çıxır. Yoxsa 3-5 günlük ailəmlə birlikdə dincələ bilərdim”.
Natiq Fərzəliyev bazarlardakı bahalıqdan da gileylənib:
“Bu il qiymətlər həqiqətən də çox yüksəkdir. Buna nəzarət etmək lazımdır. Maaşa baxan insanıq. Meyvə-tərəvəz baha qiymətədir. Yaydır, vitamini necə qəbul edək? 10-15 manata meyvə olar? Bunu rayondan gətirib Bakıda satanlar deyil. Bunu Bakıdan gedib gətirib, burada satanlardır. Onların da öz monopoliyası var. Bu monopoliyanı yığışdırsalar, qiymətlər də tənzimlənər. Ya boğazından kəsib, 3 dəfə alırsan, 5 dəfə ala bilmirsən, ya da ümumiyyətlə alıb yemirsən. Bizdə hələ mən də işləyirəm, yoldaşım da, oğlum da. Amma elə ailələr var ki, orada bir nəfər işləyir. Onlar nə etsinlər? Hər dəfə mən məhəllədəki marketə gələn adamları görürəm ki, nə qədər borcları var. Maraqlanıram, soruşuram. Hətta nömrəmi də bəzən tapıb pul istəyənlər olur. Elə bilirlər ki, mən milyonçuyam, imkanlıyam. Mən də teatrın maaşı ilə dolanıram. Utanıram, xəcalət çəkirəm ki, bu insanlar ümidlərini mənə bağlayırlar, mən də onlara kömək edə bilmirəm. Bəzən imkanım daxilində əlbəttə ki, kömək də edirəm”.