“O, sənədin surətini təqdim edərkən Qorbaçova qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı artıq öz seçimini edib, 18 oktyabr 1991-ci ildə bu tarixi aktı qəbul edərək öz dövlət müstəqilliyini rəsmən bərpa edib və bundan sonra heç bir ittifaq müqaviləsinə imza atmayacaq...”
 




“Bildiyiniz kimi,  bu gün iyulun 31-i akademik dünya şöhrətli alimimiz, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin bərpası zamanı böyük xidmətləri olmuş keçmiş Dövlət Katibi  Midhət Abbasovun 100 illiyidir. Ötən yazımda onun əsasən elmi fəlaiyyəti haqda danışmışdıq(burada: ). Bu dəfə isə  Midhət müəllimin SSRİ-nin dağılması ərəfəsində həm SSRİ Ali Sovetinin deputatı, həm də Dövlət Katibi fəaliyyətinin ən önəmli və şəxsi həyatı üçün təhlükə daşıyan məqamlarından danışmaq istərdimş 1990-cı ilin Qanlı Yanvar qırğınından dərhal sonra, SSRİ-nin ali rəhbəri Mixail Qorbaçovun birbaşa qarşısında etdiyi çıxış və keçirdiyi görüş Azərbaycanın siyasi mübarizə tarixində ən cəsarətli və kəskin addımlardan biri hesab olunur.  Kreml və onun rəhbəri Mixail Qorbaçov 20 Yanvar qırğınını dünyaya "Bakıda radikal ekstremistlərin dövlət çevrilişi cəhdinin qarşısını almaq" və "erməni və rus dilli əhalini xilas etmək" bəhanəsi ilə təqdim edirdi”.
 
Bunu Moderator.az-a açıqlamasında  mərhum Dövlət Katibini yaxından tanıyan filoloq-alim Tahir Cəfərli söyləyib.
 
“Midhət Abbasov və onunla birgə olan nümayəndə heyəti: Arif Məlikov, Anar Rzayev və Adilə Namazova Moskvada Qorbaçovun qarşısına konkret faktlar, Bakıdan gələn yüzlərlə teleqram, tibbi ekspertiza sənədləri və öldürülən dinc sakinlərin siyahısı ilə çıxmışdılar. Onlar nəhəng SSRİ imperiyasının paytaxtında öz çıxışları ilə sübut etdilər ki, sovet tankları radikalları yox, uşaqları, qadınları, həkimləri və dinc sakinləri, o cümlədən rusdilli bakılıları qətlə yetirib.
 
O dövrdə SSRİ-nin bir nömrəli şəxsi, totalitar rejimin rəhbəri olan Qorbaçova qarşı sovet məkanında açıq və sərt ittihamlar irəli sürmək böyük siyasi və fiziki risk daşıyırdı.  Bəstəkar Arif Məlikov, yazıçı Anar Rzayevlə yanaşı, akademik Midhət Abbasov da xalq deputatı statusundan və bir alim nüfuzundan maksimum istifadə edərək, Qorbaçova sovet ordusunun öz vətəndaşlarına qarşı qeyri-qanuni və vəhşicəsinə güc tətbiq etdiyini açıq şəkildə bildirdi. O bu hərbi müdaxiləni Azərbaycanın suveren hüquqlarının və insan haqlarının kobud şəkildə tapdalanması kimi şərh etdi. Bu çıxışlar sovet rəhbərliyinin əslində imperiya maraqlarını qorumaq üçün hər cür qırğına hazır olan totalitar bir diktatura olduğunu nümayiş etdirdi”.
Həmsöhbətimiz bildirib ki, Kremldə mərhum akademikin iştirakıyla keçən bu görüş sadəcə bir emosional etiraz deyil, həm də konkret siyasi tələblərin irəli sürülməsini ehtiva edib:
 
 “Akademik Midhət Abbasov və digər deputatlar imperiya rəhbərliyindən dərhal Bakıda elan olunmuş qanunsuz fövqəladə vəziyyətin ləğvini və qaniçən ordu hissələrinin şəhərdən çıxarılmasını tələb etdilər. Bu, Bakıda qorxu və terror mühitində yaşayan xalqın təhlükəsizliyini təmin etmək üçün Moskvada aparılan ən mühüm diplomatik basqı idi.  Digər deputatlarımız kimin Midhət Abbasovun da bu çıxışı və davranışı, sadəcə bir alimin yox, böyük bir ziyalının xalqın faciəsinə sahib çıxmaq və canı baha-sına imperiyaya meydan oxumaq missiyası idi. Onun və həmkarlarının bu sərt reaksiyası imperiyanın Azərbaycandakı cinayətlərini gizlətmək planlarını tamamilə alt-üst etdi və xalqın milli azadlıq ruhunun Moskvada da sarsılmadığını sübuta yetirdi...”
 
Tahir Cəfərli akademik Midhət Abbasovun 1991-ci ilin dekabrında da Moskvada – yenə də SSRİ-nin sonuncu lideri Mixail Qorbaçovun qarşısında qorxmazlıq nümayiş etdirməsi faktından da bəhs edib: 
 
“Nəhayət, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Müstəqil ölkəmizin ilk Prezidenti Ayaz Mütəllibovun göstərişi ilə akademik Midhət Abbasov 1991-ci ilin dekabrında SSRİ Dövlət Şurasının Moskvada keçirilən son rəsmi iclaslarından birində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının surətini şəxsən və birbaşa olaraq SSRİ prezidenti Mixail Qorbaçova təqdim etdi. Həmin dövrdə Azərbaycan Respublikasının Dövlət Katibi və SSRİ xalq deputatı statusunu daşıyan Midhət Abbasov  SSRİ rəhbərliyinin və digər respublika nümayəndələrinin gözü qarşısında Mixail Qorbaçova yaxınlaşaraq sənədi onun masasının üzərinə qoydu. O, sənədin surətini təqdim edərkən Qorbaçova qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı artıq öz seçimini edib, 18 oktyabr 1991-ci ildə bu tarixi aktı qəbul edərək öz dövlət müstəqilliyini rəsmən bərpa edib və bundan sonra heç bir ittifaq müqaviləsinə imza atmayacaq...
 
SSRİ-nin dağılmasının qarşısını almağa çalışan və respublikaları yeni ittifaq müqaviləsinə (“SSG” –SDİ- Suveren Dövlətlər İttifaqı) imza atmağa məcbur edən Qorbaçov, bu rəsmi dövlət aktını qəbul etmək məcburiyyətində qalmış, lakin Azərbaycan nümayəndəsinin bu qəti və güzəştsiz mövqeyindən ciddi şəkildə narahat olmuşdu...” 
 
“Rəhmətlik mənimlə söhbətində xatırlayırdı ki, digər  deputat həmkarlarımla birgə Bakıdan qalxıb Moskvada yerə enincə hər an təyyarəmizin vurula biləcəyi həyəcanını yaşayırdıq. Axı sabiq Dövlət Katibi Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Vəli Məmmədov kimi alim, ziyalı və dövlət xadimlərimizin Qarabağa uçduğu vertolyotun düşmənlər tərəfindən terrora məruz qalmasından və Azərbaycanın ilk müstəqil, milli dövlətçilik elitasının əsas hissəsinin şəhid olmasından heç bir ay ötməmişdi... 
 
Midhət Abbasov bu addımı ilə sovet rəhbərliyinə göstərdi ki, Azərbaycanın müstəqilliyi sadəcə Bakıda qəbul edilən daxili bir sənəd deyil, Moskvaya diktə edilən və imperiya tərəfindən de-fakto qəbul edilməsi məcburi olan hüquqi reallıqdır. Həmin günlərdə Qorbaçov SSRİ-ni qismən də olsa qoruyub saxlamaq üçün respublika rəhbərlərinə təzyiq edirdi. Müstəqillik Aktının surətinin onun masasına qoyulması Azərbaycanın bu yeni sovet layihəsində iştirak etməyəcəyini rəsmi şəkildə Kremldə elan etdi. Bu hadisə Midhət Abbasovun həm 1990-cı ilin Qanlı Yanvar hadisələrində, həm də 1991-ci ildə müstəqilliyin bərpası dövründə Moskva qarşısında nümayiş etdirdiyi prinsipial və milli maraqlara söykənən diplomatik cəsarətinin növbəti bariz nümunəsi oldu”, - deyə Tahir Cəfərli vurğulayıb. 
 
Sultan Laçın