“Məlum məsələlərlə bağlı Rabitəbank-ın rəhbəri məndən də, ailə üzvlərimdən də üzr istədi. Çox üzrxahlıq etdilər. Mən də dedim ki, eybi yox, daha olub. Amma bundan sonra diqqətli olmaq lazımdır. O qədər cavanlar, o qədər mövzular var ki, gərək elə klassikaya əl atardınız?! O reklamın içində filmin hansısa görüntülərindən istifadə edilsəydi və bunu icazə formasında etsəydilər daha məqsədəuyğun olardı. Bəlkə də elə bilirlər ki, Süleyman Ələsgərovun varisi yoxdur. Bu da ola bilər. Əlbəttə ki, məsləhət etmək lazımdır. Bu film indiki cavanlarımız üçün bir örnəkdir. Mən onlardan pul, qonorar istəmirdim ki. Buna ehtiyacım da yoxdur. Cəbiş müəllim obrazı atamın vizit kartı olub”.
 




Bunu Moderator.az-a açıqlamasında görkəmli aktyor, Xalq artisti Süleyman Ələsgərovun qızı deyib. 

Süni intellektin son zamanlar inkişafı bu kimi hallara tez-tez yol açır. Bəs görəsən qanun bu haqda nə deyir? Hüquqşünas Xəyal Məmmədov Moderator.az-a açıqlamasında bildirib ki, bu kimi hallar qanunla tənzimlənir:
 
“Hesab edirəm ki, "Bizim Cəbiş müəllim" obrazının süni intellekt vasitəsilə reklam məqsədilə istifadəsi ilə bağlı yaranmış müzakirələrə yalnız bir film obrazı prizmasından yanaşmaq düzgün deyil. Bu məsələ müəllif və əlaqəli hüquqların qorunması, əqli mülkiyyət hüququ, reklam qanunvericiliyi, vəfat etmiş sənətkarların yaradıcılıq irsinə hörmət, hüquq varislərinin (qanuni vərəsələrin) hüquqları və süni intellekt texnologiyalarının hüquqi sərhədləri baxımından kompleks şəkildə qiymətləndirilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, hər kəsin əqli mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Bu konstitusion təminat müəlliflərin, ifaçıların və digər hüquq sahiblərinin yaradıcılıq fəaliyyətinin hüquqi müdafiəsini təmin edən fundamental prinsiplərdən biridir. Eyni zamanda, Azərbaycan Respublikasının "Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında" Qanunu bu sahədə əsas normativ hüquqi aktdır. Həmin Qanunun 14-cü maddəsi müəllifin şəxsi (qeyri-əmlak) hüquqlarını, 17-ci maddəsi müəllifin əmlak hüquqlarını, 32–37-ci maddələri isə ifaçıların əlaqəli hüquqlarının müdafiəsini tənzimləyir. Əgər reklam çarxında film obrazı, aktyorun ifası, səsi, görüntüsü və ya müəllif və əlaqəli hüquqlarla qorunan digər elementlər hüquq sahibinin razılığı olmadan istifadə olunubsa, bu hal qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının "Reklam haqqında" Qanununun 5-ci maddəsinə əsasən, reklam hazırlanarkən müəllif və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinə riayət olunması məcburidir. Heç bir reklam fəaliyyəti üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının pozulması hesabına həyata keçirilə bilməz”. 
 
O daha sonra əlavə edərək bildirib ki, burada söhbət təkcə "Bizim Cəbiş müəllim" obrazından deyil, eyni zamanda həmin obrazı canlandıran və artıq vəfat etmiş görkəmli aktyorun yaradıcılıq irsindən, onun ifasının hüquqi müdafiəsindən və hüquq varislərinin (qanuni vərəsələrinin) hüquqlarından gedir:

“Aktyorun vəfat etməsi onun yaradıcılığı ilə bağlı hüquqların avtomatik olaraq aradan qalxması demək deyil. Qanunvericilik müəllif və əlaqəli hüquqların müəyyən müddət ərzində qorunmasını nəzərdə tutur və həmin hüquqların müdafiəsi hüquq varisləri və digər hüquq sahibləri tərəfindən həyata keçirilə bilər. Bu baxımdan hesab edirəm ki, ilk növbədə ailə üzvləri və hüquq varisləri reklamın hazırlanması üçün hüquqi əsasların mövcud olub-olmadığını araşdırmalı, müvafiq sənədlərin təqdim edilməsini tələb etməli və hüquqlarının pozulduğunu hesab etdikləri halda aidiyyəti dövlət qurumlarına, zərurət yarandıqda isə məhkəməyə müraciət etməlidirlər. Əgər müxtəlif səbəblərdən hüquq varisləri bu prosesi həyata keçirə bilmirlər və ya hansı hüquqi addımların atılacağını bilmirlərsə, hesab edirəm ki, aidiyyəti dövlət qurumları da məsələyə hüquqi qiymət verməli, daxil olmuş müraciətlər əsasında araşdırma aparmalı və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməlidirlər. Çünki söhbət təkcə bir reklam çarxından deyil, gələcəkdə formalaşa biləcək hüquqi presedentdən gedir. Əgər aparılmış araşdırma nəticəsində hüquq pozuntusu müəyyən olunarsa, hüquq sahibləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqlarının bərpasını, reklamın yayımının dayandırılmasını, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini, qanunsuz istifadənin aradan qaldırılmasını və qanunvericilikdə nəzərdə tutulmuş digər müdafiə vasitələrinin tətbiqini tələb edə bilərlər. Hüquq pozuntusunun xarakterindən və nəticələrindən asılı olaraq İnzibati Xətalar Məcəlləsi, qanunda nəzərdə tutulmuş hallarda isə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyət məsələsi də yarana bilər. Bununla belə, inzibati və ya cinayət məsuliyyəti yalnız səlahiyyətli dövlət orqanlarının apardığı araşdırma nəticəsində hüquq pozuntusunun bütün elementləri sübuta yetirildiyi halda yarana bilər. Mən hesab edirəm ki, bu gün "Bizim Cəbiş müəllim" obrazı və onu canlandıran aktyorun ifası süni intellekt vasitəsilə icazəsiz kommersiya məqsədilə istifadə olunursa, sabah digər Azərbaycan filmlərində yaradılmış obrazlar, vəfat etmiş aktyorların siması, səsi və ifaları da eyni qaydada istifadə oluna bilər. Belə bir yanaşma milli kino irsinin, görkəmli sənətkarların yaradıcılıq irsinin və əqli mülkiyyət hüquqlarının qorunması baxımından ciddi risk yaradır. Texnologiyanın inkişafı hüququn geridə qalması anlamına gəlməməlidir. Əksinə, süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müəllif və əlaqəli hüquqların müdafiəsini təmin edən hüquqi mexanizmlər daha da təkmilləşdirilməli, bu sahədə mövcud hüquqi boşluqlar aradan qaldırılmalı və milli mədəni irsin kommersiya məqsədilə istifadəsi zamanı hüquq sahiblərinin razılığı əsas prinsip kimi qorunmalıdır. "Bizim Cəbiş müəllim" hadisəsi təkcə bir reklam mübahisəsi deyil. Bu hadisə süni intellekt texnologiyalarından istifadə zamanı müəllif və əlaqəli hüquqların qorunması, vəfat etmiş sənətkarların yaradıcılıq irsinə hörmət və milli kino irsinin hüquqi müdafiəsi baxımından gələcək hüquqi təcrübəyə təsir göstərə biləcək mühüm presedentdir. Əgər bu gün belə hallara qanun çərçivəsində prinsipial hüquqi qiymət verilməzsə, sabah digər filmlərdə yaradılmış obrazlar, aktyorların səsi, siması və ifaları da hüquq sahiblərinin razılığı olmadan kommersiya məqsədləri üçün istifadə oluna bilər. Buna görə də hesab edirəm ki, bu məsələyə emosional yanaşmadan deyil, qanunun aliliyi, hüquqi müəyyənlik və əqli mülkiyyət hüquqlarının etibarlı müdafiəsi prinsipləri əsasında obyektiv hüquqi qiymət verilməlidir”.