ABŞ-nin Tehrana qarşı sürətli qələbə planı dalana dirənib - raket ehtiyatları azalır, müharibəyə dəstək zəifləyir...




 
ABŞ-nin İrana qarşı qısa müddətli əməliyyat planı gözlənilən nəticəni verməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri yazıb.
 
Nəşr yazır ki, Vaşinqton böyük həcmdə "Patriot" və "Tomahawk" raketlərindən istifadə etsə də, İranın müqavimətini qıra bilməyib və uzunmüddətli münaqişə riski ilə üzləşib.
 
"Kiçik əməliyyat" uzun müharibəyə çevrildi
 
Donald Trampın əvvəlcə "kiçik hərbi müdaxilə" kimi təqdim etdiyi əməliyyat artıq altıncı aya keçib. ABŞ qarşısında iki seçim qalır: zərbələri artırmaq və ya danışıqlara qayıtmaq. Lakin heç biri Tehranın təslim olmasına və Hörmüz boğazının açılmasına zəmanət vermir. İran son günlər münaqişəni genişləndirərək İordaniyadakı ABŞ obyektlərinə zərbələr endirib, onun müttəfiqi olan Yəmən husiləri isə Qırmızı dənizdə gəmiçiliyə hücum edib.
 
CENTCOM rəhbəri admiral Bred Kuper Trampa İranın raket qurğularına, ABŞ bazalarına və Körfəz ölkələrinin neft infrastrukturuna qarşı 10-14 günlük yeni bombardman mərhələsi təklif edib. Lakin hava kampaniyası artıq imkanlarının həddinə çatır. ABŞ zərbələri İranı zəiflədib, amma Hörmüz boğazını açmağa kifayət etməyib.
 
Raket ehtiyatları azalır, dəstək zəifləyir
 
ABŞ üçün əsas problemlərdən biri yüksək dəqiqlikli sursat ehtiyatlarının azalmasıdır. CSIS-in məlumatına görə, "Patriot" raketlərinin sayı müharibənin əvvəlindəki 2300-dən təxminən 800-ə düşüb, THAAD ehtiyatları isə 38 faiz azalıb. Vaşinqton "Tomahawk" və digər uzaqmənzilli raketlərdən daha çox istifadə edir, lakin bu silahlar istehsaldan daha sürətlə sərf olunur.
 
"The Wall Street Journal" yazır ki, məhz sursat çatışmazlığı Trampı yeni bombardman mərhələsini dayandırmağa vadar edən amillərdən biri olub. Lakin İranın ABŞ bazasına raket hücumundan sonra zərbələr yenidən başlayıb.
 
ABŞ cəmiyyətində də müharibəyə dəstək azalır. Münaqişə artıq 18 amerikalı hərbçinin ölümü, 600-dən çox yaralı və 37,5 milyard dollar xərc ilə nəticələnib. Son sorğulara görə, amerikalıların yalnız 28 faizi Trampın müharibə siyasətini dəstəkləyir.
 
Əsas hədəf Hörmüz boğazıdır
 
Münaqişə əvvəlcə Fars körfəzi və Hörmüz boğazı ətrafında məhdud qarşıdurma kimi başlasa da, sonradan bütün regiona yayıldı.
 
Yəmən husiləri, İraqdakı şiə qrupları və İranın digər tərəfdaşları ABŞ və müttəfiqlərinə qarşı hücumları genişləndirib. Körfəz ölkələri də zərbələrin hədəfinə çevrilib.
 
"Le Figaro" hesab edir ki, hazırda münaqişənin əsas məsələsi Hörmüz boğazına nəzarətdir. CSIS analitiki Mark Kansianın sözlərinə görə, İranın bu boğaz üzərində nəzarət əldə etməsi beynəlxalq gəmiçilik qaydalarını dəyişə və yeni qlobal böhranlara yol aça bilər.