“Artıq 16 ildir ki, idmanla məşğulam. Hər idmançının bir idealı olur. Mənim idealım Brus Li olub. Yadıma gəlir ki, hər axşam atam onun filmlərini izləyirdi. Mənim də 4 yaşım var idi. Oturub onunla birlikdə mən də Brus Li-yə baxırdım. Daha sonra gedib ya qardaşımla dalaşırdım, ya da atamla.. Müxtəlif idman hərəkətlərini, fəndlərini onların üstündə göstərirdim. Atam gördü ki, məndə idmana böyük həvəs var. Dedi ki, “evlədikləri döyməkdənsə get zala, zalda döyüş” (gülür). Məni karate idman növünə qoydu. İlk müəllimim Yavər Hüseynov oldu. Orada məşq etdim. Bu idman növünə ilk illərdə bir xobbi kimi baxırdım. Düşünmürdüm ki, mən peşəkar döyüşçü, idmançı olacam. Daha sonra böyük həvəslə idmana getməyə başladım. O qədər böyük həvəsim yaranmışdı ki, məktəbdə olanda idmana gedəcəyim saatları sayırdım. Bir az təcrübə qazanandan sonra yarışlara getməyə başladım. İlk yarışımda artıq çempion olmuşdum. Baxmayaraq ki, orada iştirak edənlərin hər biri məndən də təcrübəli idmançılar idi. Atam da, ətrafım da, müəllimim də gördü ki, karate sahəsinə ciddi yanaşıram. Bir-birinin ardınca beynəlxalq yarışlarda da qalibiyyət qazandım. Həm dünya, həm də Avropa yarışlarında iştirak edərək qalib oldum. Onu da qeyd edim ki, heç vaxt döyüşəcəyim rəqibimi analiz etməmişəm. Etsəydim bəlkə də daha çox nəticə əldə edərdim” Bunu Moderator.az-a açıqlamasında Karate idman növü üzrə 3 qat dünya və Avropa çempionu Rumil Cəfərli deyib. O daha sonra əlavə edib:
“Bu illər ərzində çox qalibiyyətlərim olub. Mənim üçün ən böyük və vacib olan nailiyyət 2021-2022-ci illər arasında VKF-rankındakı uğurum oldu. VKF rankı nədir? Hər çıxdığın yarışda sənə xallar verilir. O xallar yarışdan sonra sayılır və dünya reytinqində artıq sənin adın çıxır. Mənim çox böyük arzum idi ki, o dünya reytinqində özümü birinci görüm. Orada minlərlə idmançı var ki, eyni yaşda, eyni kateqoriyada döyüşür və orada sən bir nömrəsən. Bu artıq bir neçə yarışın toplamıdır və bir il ərzində sənin reytinqindir. Çox sevindirici hal idi ki, mən bu reytinqdə birinci oldum. O kateqoriyaya daxil olanda birinci yer Rumil Cəfərli və Azərbaycan çıxırdı. Çox fəxr ediləsi bir qürur idi. Bundan əvvəl də 3 dəfə dünya, 2 dəfə Avropa çempionu, 8 qat Respublika çempionu və dəfələrlə yerli yarışlarda qalibiyyət qazanmışam. Artıq 12 ildir ki, “qara kəmər” ustasıyam” deyə o bildirib.
Rumil Cəfərli karate idman növünə ölkəmizdə az diqqət yetirilməsi ilə bağlı suala belə cavab verib:
“Bir neçə il əvvələ qədər bəlkə də karateyə diqqət çox az idi. Buna məncə səbəb də karatenin olimpiya oyunlarına düşə bilməməsi idi. Başqa səbəbləri deyə bilmərəm. Amma səhv etmirəmsə 2021-ci ildə Tokioda keçirilən Olimpiyada oyunlarına karate idman növü də salınmışdı və ümumi idman sahələrindən ən çox medal karateçilərdən gəlmişdi. Həm Rafael Ağayev, həm də İrina Zaretska yüksək nəticələr əldə etmişdilər. Bundan sonra karateçilərimiz böyük yüksəliş gördü. Bu idman növündə əldə edə biləcəyimiz ən böyük nəticə Olimpiya çempionluğudur. Amma çox keçmədi ki, növbəti ildə hansısa səbəblərə görə karateni yenə də Olimpiya oyunlarından çıxardılar. Daha sonra yenə də karateyə maraq bir qədər azaldı. Düşünürəm ki, bu idman növünə marağın az olmasının ən böyük səbəbi də Olimpiya oyunlarında olub olmamasıdır” deyə o bildirib.
Rumil Cəfərli həyatında dönüş nöqtəsi hesab etdiyi yarışından da danışıb:
“Mənim ən böyük xarakteristikalarımdan biri də budur ki, taymerdə 0:0 olmayana, məşqçi döyüşü saxlamayana qədər mən mübarizəmi davam etdirirəm. Lap 10:0 uduzsam belə.. Bu taktika mənə yarışlarda çox kömək olub. Mənim həyatımda iz qoyan, dönüş nöqtəsi olan döyüşüm 2021-ci ildə Findlandiyada keçirilən Avropa çempionluğu uğrunda mübarizə idi. Mən həm də böyüklər arasında döyüşürdüm. Birinci yarışımda Avropa çempionu oldum. Avropa çempionatında nəinki nəticə vermək, ora düşməyin özü böyük qürur idi. Çox çətin yol idi. Orada mən yarımfinala çıxışımda başqa bir rəqib gözləyirdim. Döyüşə çıxmazdan əvvəl müəllimim gəlib mənə dedi ki, “sənə bir söz deyəcəm, amma özünü itirmə”. Dedi ki, yarımfinala sən erməni idmançı ilə düşürsən. Həmin o erməni idmançı da öz komandasının ən güclü idmançısı idi. Müəllimimin bu sözlərindən sonra özümü itirmədim, əksinə çox rahat şəkildə döyüşə çıxdım. Bütün döyüş boyu 1:0 hesabla qalib gəlirdim. Axırıncı 10 saniyədə bilmirəm nə baş verdisə, başladım boş-boşuna rəqibin üstünə getməyə, risk almağa. O da peşəkar idmançı idi. Bunlardan istifadə edib məndən 2 xal aldı. Həmin yarış, döyüş bütün televiziyalarda, yutubda və sosial şəbəkələrdə izlənildi. Mən bilirdim ki, buna mənim dost-tanışım da, ailəm də baxır. Rəqibin erməni olduğu bir kənara, qalib olduğum döyüşü belə rahat əldən vermək adamı məhv edirdi. Qəfil belə bir an oldu ki, özümlə baş-başa qaldım. Hər şey sıfırlandı və mən ancaq özümü eşitdim. Öz-özümə dedim ki, nə olursa-olsun bu döyüşdə qalib gəlməliyəm. Xal 0:0 idi. 4 saniyə qalmış zərbə atdım, gördüm ki, iki bayraq açılıb. İki bayraq da xal deməkdir. Mənə xal verdilər. Döyüş üstünlüyü də məndə idi. Mən həmin yarışda qalib gəldim. Özümü unutmuşdum, başladım qışqırmağa, ağlamağa.. Erməninin baş məşqçisi belə yerindən tullandı.. Başladı əsəbləşməyə. Son saniyə qalmış hər bir şey dəyişdi. Bu elə bir hissdir ki, ifadə edə bilmirsən, bu hissləri gərək yaşayasan” deyə o bildirib.
Rumil Cəfərli bildirib ki, idmançılarımızı hər kəs tanımalıdır. Amma o əksər hallarda bu sahədə təbliğatın zəif olduğunu bildirərək, sosial şəbəkədə “arzuolunmaz insanların” gündəm olduğunu deyib:
“Mənim bir nömrəli məqsədim bu olub ki, yarışlarda mənə olan etimadı doğruldum və ölkəmizin bayrağını qaldırıb, himnimizi səsləndirim. Bir sözlə vətənimə qalib kimi dönüm. Bu mənim üçün bir nömrəli prioritetdir. Artıq çəkib göstərmək, yazıb işıqlandırmaq bu başqa şəxslərin işidir. Çox təəssüf ki, bu gün sosial medianı açırsan, fəxr ediləsi insanlar qalıb kənarda, gözünü bağlayıb keçdiyin insanların gündəm olduğunu görürsən. Xəbər səhifələri və sosial şəbəkələr bu insanları gündəm edirsə, burada biz idmançılar nə edə bilərik?! Sosial mediada aktiv biriyəm. Orada paylaşımlar edirəm, məlumatlar yerləşdirirəm. Sağ olsunlar, çöldə yaxınlaşıb təbrik edib, uğurlarımı xatırlayıb şəkil çəkdirənlər də var. Televiziyalarda da çıxış edirəm. Amma bunlar kifayət etmir. Mən interneti açanda istəyirəm elə kəsləri görüm ki, onlarla mən də, başqaları da qürur duysunlar. O qədər peşəkar idmançılarımız var ki, onlar ölkənin gündəmində olmalıdırlar” deyə o bildirib.
Rumil Cəfərli Amerikanın nüfuzlu universitetlərindən biridə həm təhsil aldığını, həm də çalışdığını bildirib:
“Mən hazırda Amerikada təhsil alıram. Bir neçə ştatdan və universitetdən qəbul üçün şans yaranmışdı. İlk olaraq təhsil almaq üçün Nyu-Yorka getdim. Təhsil aldığım müddətdə istedadımı və bacarığımı görürdülər. İş o yerə çatmışdı ki, həmin universitetin rektoru ilə dostlaşdım və dekanlıqda işləməyə başladım. Uğurlarımla özümü o qədər yaxşı təqdim etdim ki, artıq onlar məni bir işçi kimi yox, lider kimi görməyə başladılar. Məni həmin vaxtlarda ən zəif departamentə göndərdilər ki, oranın səviyyəsini qaldırım. Öz kabinetim, asistenlərim var idi. Bir müddət orada fəaliyyət göstərdim. Eyni zamanda nə dərslərimdən qalırdım, nə də məşqlərimdən. Bizdə ən yüksək 4-cü səviyyədir, mənim ortalama qiymətim də 3.9 idi. Beynəlxalq şöbənin müdiri kimi orada fəaliyyət göstərdim. 2 ildən sonra həyatımda dəyişiklik istədim. Ona görə də Mayami ştatına köçdüm. Hazırda da burada həm oxuyuram, həm təhsilimi mükəmmləşdirirəm, həm də gələcək planlarımı qururam. Universiteti bitirəndən sonra magistr təhsili alıb, daha sonra öz ölkəmə qayıdacam. İdmansız özümü təsəvvür etmirəm. Yarış fürsətləri düşən kimi istifadə edirəm. Azərbaycana gələn kimi hazırlıqsız qatıldığım yarışlar da olub ki, orada qalibiyyət qazanmışam. Hətta mənim yarış yoldaşlarım zarafatca deyirdi ki, ölkəyə turist kimi gəlib, yarışlarda qalib olursan (gülür). Uzun illər məşq etməsəm belə yarışlara, döyüşlərə hər an hazır olduğumu isbat edirdim. Ölkəyə medalla, qürurla qayıtmaq mənim üçün böyük sevincdir. Mənim üçün əsas odur ki, çıxıb döyüşüm, özümü göstərim. Qalib yaxud məğlub olmaq artıq ikinci plandadır. Uduzsam belə yaxşı döyüşçü kimi uduzum, qorxaq kimi yox. Hər zaman da mübarizə ilə döyüşmüşəm. Bir xal alıb qaçmamışam. İstəmişəm desinlər ki, “Rumil döyüşəndir”. Necə ki, bunu hər zaman deyirlər” deyə o bildirib.
Rumil Cəfərli Azərbaycan mədəniyyətində iz qoyan sənətkarların kökündən olduğunu vurğulayıb:
“Nənəm Ruhəngiz xanım görkəmli sənətkar, aktyor Məmmədsadıq Nuriyevin qızı, Yaşar Nurinin bacısı, tanınmış müğənni Rüfət Axundovun anasıdır. Rüfət Axundov doğma dayımdır. Düzü, heç vaxt incəsənətə marağım olmasa da, amma genetik nələrsə mənə də keçib. Aktyorluğu bəyənirəm. Bəlkə də kariyerama yenidən başlasaydım aktyor da ola bilərdim. Eyni zamanda mən də avtomobil idarə edəndə, yol gedəndə mahnı oxuyuram. Əlbəttə ki, özüm üçüm. Amma oxuduqlarımı üzə çıxarmıram. Bəlkə də məşğul olsam bir çox müğənnilərdən yaxşı oxuyardım (gülür). Uşaq olanda anam, nənəm və digər evimizin xanımları narahat idilər ki, idmanda zədə alaram, ciddi şəkildə yaralanaram. İndi artıq soyuqqanlı davranırlar. Amma atam hər vaxt mənə dəstək olub. Atam deyib ki, “get döyüş, amma döyülə-döyülə böyü”. Xoşbəxtlikdən mən həmişə döyən tərəf olmuşam. Balaca qardaşlarım daha çox əzizlənir. Bilmirəm bu nə tərəfkeşlikdir? (gülür). Mən çox xoşbəxtəm ki, əzizlənməmişəm. Əzizlənməyi heç sevmirəm. Eşidəndə ki, qardaşlarım əzizlənir, mən gedib onları döyürəm (gülür). Əlbəttə ki, bu zarafatdır. Peşəkar idmançı gücünü tatamidə göstərməlidir. Professional idmançı artıq adi zərbə vuran insan deyil. İdman gücü idmanda olmalıdır” deyə Rumil Cəfərli bildirib.