İraqın Ərbil şəhərində insan haqları müdafiəçisi və keçmiş siyasi məhbus, iranlı şair Mustafa Qasemi Həsənvənd Birləşmiş Millətlər Təşkilatının (BMT) regional ofisi qarşısında öz həyatına son qoyub.
Moderator.az bu haqda İran və digər xarici ölkə mənbələrinə istinadla xəbər verir.
Sığınacaq böhranı və faciəvi sonluqFarsdilli və beynəlxalq ingilisdilli insan haqları təşkilatlarının (o cümlədən, "Hengaw" və "Hana") yaydığı məlumatlara görə, əslən İranın Lorestan əyalətindən olan fəal uzun müddətdir İraq Kürdüstanında qaçqın statusu almaq üçün BMT-yə müraciət edibmiş. Onun intiharına BMT-nin mühacirət idarəsi tərəfindən sığınacaq müraciətinin uzun müddət cavabsız saxlanılması, süründürməçilik və qaçqınlıq dövründə üzləşdiyi ağır maddi-mənəvi sıxıntılar səbəb olub. Şair beynəlxalq təşkilatın etinasızlığına etiraz olaraq binanın qarşısında özünü yandırıb.
Həbsxana travmaları və siyasi keçmişi...
İran daxili dissident mənbələrinin məlumatına görə, Mustafa Qasemi Həsənvənd İranda baş verən kütləvi etiraz aksiyalarında fəal iştirak etdiyi üçün "dövlətə qarşı təbliğat aparmaq" ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Xurrəmabad həbsxanasında təxminən 10 ay cəza çəkdikdən sonra şərti azadlığa buraxılan şair, burada ağır fiziki və psixoloji işgəncələrə məruz qalıb.O, həbsdə olduğu dövrdə İrandakı siyasi məhbus qadınların hüquqlarını müdafiə edən və onlara dəstək ifadə edən açıq məktubları ilə tanınırdı. Azadlığa çıxdıqdan sonra da təhlükəsizlik orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün İraq sığınacağına üz tutmuşdu...
Kürd separatçı təşkilatları ilə əlaqələr...
Məhkəmə sənədləri və rəsmi məlumatlara əsasən, şairin İrandakı fəaliyyəti kürd milli və separatçı hərəkatları ilə sıx bağlı olub. O, İranın Selseleh şəhər cinayət məhkəməsi tərəfindən məhz "İran Kürd partiyaları ilə əməkdaşlıq etməklə dövlətə qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunub.. Hüquq müdafiəçilərinin qeydlərinə görə, Həsənvənd bölgədə silahlı fəaliyyət göstərən Kürdüstan Azad Həyat Partiyası ("PJAK") ilə əməkdaşlıqda günahlandırılıb. Əslən lor/kürd mənşəli olan şairin həbsdən çıxdıqdan sonra məhz İraq Kürdüstanına qaçması və Ərbildə sığınacaq axtarması da bu regional əlaqələrlə əlaqələndirilir...
Separatçı qrupların hadisədən siyasi manipulyasiyası...
Ekspertlər və regional müşahidəçilər qeyd edirlər ki, kürd separatçı və radikal müxalif qruplaşmaları bu faciəvi intihardan öz siyasi və təbliğat maraqları üçün aktiv şəkildə istifadə etməyə başlayıblar. Bu qruplar şairin həbsxana travmalarını rəhbər tutaraq onu ideoloji "şəhid" və milli simvol obrazına çevirir, İran hökumətinə qarşı təbliğat aləti kimi tətbiq edirlər. Digər tərəfdən, bu hadisə vasitəsilə BMT-yə təzyiqlər artırılır və gənclər arasında emosional narazılıq oyadılmaqla regional etiraz dalğası alovlandırılmağa çalışılır. Radikal qruplar şairin ölümünü fərdi psixoloji böhran kimi deyil, "sistemli repressiyanın nəticəsi" kimi tirajlayırlar.
BMT ofisi qarşısında etirazlar artır...
Xarici rusdilli və ingilisdilli analitik resurslar qeyd edir ki, bu hadisə BMT-nin Ərbil ofisi qarşısında iranlı və kürd siyasi qaçqınların ilk etirazı deyil. Beynəlxalq qurumların bürokratik gecikmələri və qaçqınlara qarşı hüquqi müdafiənin zəifliyi bölgədəki mühacirlər arasında depressiya və intihar hallarının artmasına rəvac verir.
Mərhum fəalın nəşi yaxınlarının və yerli ictimaiyyətin iştirakı ilə Ərbilin Koye şəhərində dəfn olunub.
S.Laçın