Hörmüz boğazı ətrafında yaranmış vəziyyət ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ehtimalını gündəmə gətirir. ABŞ Prezidenti Donald Trampın boğazın açılması ilə bağlı sərt mövqeyi Vaşinqtonun Tehran üzərində təzyiqi artırmaq niyyətində olduğu mesajını verir. Digər tərəfdən, İran rəsmilərinin müxtəlif ölkələrlə diplomatik təmasları davam etdirməsi mümkün danışıqların və razılaşma axtarışlarının da gündəmdə olduğunu göstərir.


Bəs, Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı sərt bəyanatını və İrana qarşı hərbi zərbə ehtimalına işarə etməsini necə qiymətləndirirsiniz? Bu ritorika ABŞ-İran arasında mümkün danışıqlara necə təsir göstərə və tərəflərin qarşılıqlı mövqelərində hansı dəyişikliklərə səbəb ola bilər?






Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Aydın Quliyev açıqlama verib. 



Siyasi şərhçi bildirib ki, artıq bir ildən çoxdur davam edən Amerika-İran müharibəsi bu münaqişədə hər iki tərəfin hansı hərbi-diplomatik taktika ilə hərəkət etdiyini tam şəkildə ortaya qoyub:


"Demək olar ki, nə İran, nə də Amerika tərəfindən istifadə olunmayan və qarşı tərəfə məlum olmayan diplomatik-hərbi kart qalmayıb. Artıq hər iki tərəf bir-birini çox yaxşı oxuya bilir.


Trampın hədələyici bəyanatlarının eyni zamanda diplomatik axtarışlarla müşayiət olunmasının arxasında nə dayandığını İran çox yaxşı bilir. İranın da hədələyici və qisas xarakterli bəyanatlarla yanaşı diplomatik çabalar göstərməsinin arxasında nə dayandığını Amerika çox yaxşı anlayır.


Hesab olunur ki, hər iki tərəf geri çəkilmək niyyətində deyil və hər iki tərəfin məqsədləri maksimalistdir. Amerika İranı tam idarə olunan bir rejim halına gətirmək, onun sərvətlərinə sahib olmaq, nüvə potensialını məhv etmək və Hörmüz boğazını öz nəzarəti altına keçirmək hədəfini güdür".


Aydın Quliyev vurğulayıb ki, İran isə “mənəm-mənəmlik” siyasətini və özünün başa düşdüyü formada dövlət suverenliyi, müstəqillik və artıq milli şərəf hesab etdiyi nüvə proqramını sona çatdırmamaq niyyətindədir:


"Belə şəraitdə yaxın vaxtlarda münaqişənin başa çatacağını söyləmək, əlbəttə, sadəlövhlük olardı. İran-Amerika münaqişəsinin sonluğu hələ görünmür. Hər iki tərəf bunu yaxşı başa düşür və ona görə də uzunmüddətli münaqişə və müharibə vəziyyətinə hazırlaşır.


Hazırda, həqiqətən də, Tramp bir tərəfdən hədələyir, digər tərəfdən isə Körfəz regionunun digər ölkələri və ərəb ölkələri ilə müxtəlif səviyyələrdə danışıqları davam etdirir. Aydındır ki, Tramp bir tərəfdən hədələyici siyasətlə İranı nə zamansa danışıqlar masası arxasına əyləşdirmək istəyir. 


Tramp başa düşür ki, bu hədələyici siyasət dərhal olmasa da, müəyyən zaman keçdikdən sonra nəticə verə bilər. Trampın stavkası onadır ki, İran uzunmüddətli müharibə vəziyyətinə iqtisadi və psixoloji nöqteyi-nəzərdən dözməyə və danışıqlar masası arxasında güzəştə getməyə hazır ola bilər. Bu, Amerikanın hədələyici ritorikasının əsas hədəfidir.


Eyni zamanda Amerika həm də Körfəz ölkələri ilə diplomatik axtarışlar içindədir. Tramp İranın güzəştə getməyəcəyi təqdirdə ona yenidən zərbələr endirməyi də gündəmdə saxlayır. Tramp İrana yenidən hərbi zərbələr endirəcəyi təqdirdə mümkün qədər Körfəz ölkələrindən daha çox dəstək almaq və ya heç olmasa İranın qarşısında zəif görünməmək üçün onları buna təşviq edir.


İran da hədələyici dillə danışır. İranın da stavkası onadır ki, Tramp hədələyici və hərbi zərbələr siyasətini illərlə davam etdirə bilməz. Ən azı ona görə ki, Trampın özünün hakimiyyətinin Amerikada daxili hüquq prosedurları baxımından konkret bir çərçivəsi var. Eyni zamanda Amerika açıq demokratik ölkə olduğuna görə orada müharibə əleyhinə cəmiyyətdə müəyyən hərəkətlər başlaya bilər. 


Həm də Amerikanın iki partiyalı sisteminin olduğu və demokratlarla respublikaçılar arasında tarixdə heç vaxt olmadığı kimi düşmənçiliyin mövcud olması İranı Amerikada daxili təlatümlərin baş verəcəyinə inandıran mühüm amillərdən birinə çevrilir.


Beləliklə, İranın da həm diplomatik çabalarının, həm də hədələyici siyasətinin arxasında öz niyyətləri var. Ancaq bütün bunlar bölgənin uzunmüddətli hərbi münaqişə və diplomatik ziddiyyətlər içində olacağını qətiyyətlə söyləməyə əsas verir".


Pərvin Şakirqızı