"Azərbaycanda isə “Qərbi Azərbaycan və qərbi azərbaycanlıların qayıdışı” hüququ barədə ritorikanı davam etdirməmək zəruridir..."
 




Bir il əvvəl, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda, Ağ Evdə keçirilən üçtərəfli görüşün nəticəsində Ermənistan və Azərbaycan arasında sülh əldə olunub. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yazıb.
 
Paşinyan bildirib ki, artıq avqustun 8-də keçirilmiş görüş “Sülh Sammiti”, orada onun və Azərbaycan Prezidentinin qəbul etdiyi və ABŞ Prezidentinin şahid qismində imzaladığı birgə bəyannamə isə “Sülh Bəyannaməsi” adlandırılır.
 
Moderator.az əyanilik üçün erməni Baş nazirin çıxışının bütöv mətnini Ermənistan nəşrlərinə istinadla dəyərli oxuculara çatdırır:
 
“Bu adlandırmalar 2025-ci il avqustun 8-də əldə olunan nəticəni tam şəkildə ifadə edir. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hər kəs üçün görünən və əhəmiyyətlidir.
 
2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində Ermənistan vətəndaşları yalnız sülhə etimad göstərmədilər, həm də sülhə sahib çıxdılar. Əlbəttə, bu, sülh gündəliyinin həyata keçirilməsi yolunda son mərhələyə çatdığımız anlamına gəlmir.
 
2025-ci il avqustun 8-də Vaşinqtonda üç liderin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən paraflanmış “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” hələ imzalanmasını və ratifikasiyasını gözləyir. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası hələ həyata keçirilməlidir. Həmçinin hamımızı Azərbaycanda azadlıqdan məhrum edilmiş soydaşlarımızın taleyi narahat edir.
 
Lakin aydındır ki, 2025-ci il avqustun 8-i bir sərhəd xəttidir və Ermənistan Respublikasının tarixini bu tarixdən əvvəlki və sonrakı dövrlərə bölə bilərik. 2025-ci il avqustun 8-dək dövlətimiz dalana dirənmiş vəziyyətdə idi, həmin tarixdən sonra isə qarşımızda sonsuz perspektivlər açılıb. Bu perspektivlərdən istifadə edib-etməməyimiz bizim kollektiv iradəmizdən, biliklərimizdən, dünyanı və tariximizi öyrənmək qabiliyyətimizdən asılıdır.
 
Vaşinqton Sülh Sammitinin ən böyük siyasi və sosial-psixoloji nəticəsi məhz budur: tariximizin sükanı yenidən bizim əlimizə keçib. Bu, yolun mükəmməl və təhlükəsiz olduğu anlamına gəlmir. Bu, gələcək taleyimizi müəyyən edən əsas amilin bizim qərarlarımız olduğu deməkdir və bu, tarixi dönüşdür.
 
Ötən dövr və Milli Assambleyaya keçirilmiş seçkilərin nəticələri bizi əmin edir ki, biz dövlət və xalq olaraq öz taleyimizə sahib çıxa bilərik və buna qadiriik. Buna görə də hamınıza, hər birinizə, Ermənistan Respublikasının əziz vətəndaşlarına təşəkkürümü bildirmək istəyirəm.
 
Vaşinqton Sülh Sammitinin mühüm nəticələrindən biri “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” ("TRIPP") layihəsidir. Bu layihə nəinki yaxın gələcəkdə Ermənistanın blokadasına son qoyacaq, nəinki Ermənistan və region iqtisadiyyatının əsas dayağına çevriləcək, həm də Ermənistan və Azərbaycanın bir-birini maneə kimi deyil, yol və qonşu kimi qəbul etməsinə kömək edəcək. Qarşıdakı dövrdə biz "TRIPP" layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək.
 
Əziz xalq, Ermənistan Respublikasının əziz vətəndaşları,
 
Ermənistan və Azərbaycan münaqişəsinin səhifəsi bağlanıb, sülh bərqərar olub və bu sülh artıq sizin gözləriniz qarşısındadır, sizin həyatınız və gündəlik yaşayışınızdır. Hər hansı sülhü əldə etmək asan deyil, bizim sülhümüzün əldə olunması da asan olmayıb. Lakin istənilən sülhü dağıtmaq və heçə endirmək son dərəcə asandır və bunu çox qısa müddətdə etmək mümkündür. Belə bir vəziyyətdə isə sual yaranır: 35 ildən sonra yenidən sülh əldə etmək mümkün olacaqmı?
 
Bu gün bir çoxları — bəziləri məqsədli şəkildə, bəziləri isə bilmədən — sülhü dağıtmaq məntiqi ilə hərəkət edir. Bəzən bu fəaliyyət xoşagələn və ya “vətənpərvər” pərdəsi altında gizlədilir.
 
Bunu açıq şəkildə demək istəyirəm: sülhü dönməz etmək üçün “Dağlıq Qarabağ ermənilərinin qayıdışı” və “Azərbaycandan olan erməni qaçqınlarının qayıdışı” hüququ barədə, Azərbaycanda isə “Qərbi Azərbaycan və qərbi azərbaycanlıların qayıdışı” hüququ barədə ritorikanı davam etdirməmək zəruridir.
 
Bu, həm Ermənistanda, həm də Azərbaycanda gələcək nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə ünvanlanmalı olan məsələdir. Bu gün reallaşdırmalı və müdafiə etməli olduğumuz hüquq məhz budur. Biz buna zidd olan istənilən ritorikanı aradan qaldıra bilməliyik.
 
Prezident Trampa bu sülhün əldə olunmasına verdiyi əvəzsiz töhfə və göstərdiyi danılmaz səylərə görə təşəkkür edirəm.
 
Ermənistan xalqını avqustun 8-i münasibətilə təbrik edirəm.
 
Azərbaycan xalqını da avqustun 8-i münasibətilə təbrik edirəm.
 
Nəhayət, bizi alovlandıran deyil, sakitləşdirən bir günümüz var.
 
Qoy münaqişənin bütün qurbanları sülh içində uyusunlar. Bir daha heç vaxt.
 
Yaşasın sülh!”
Zəruri şərh:
 
Paşinyanın çıxışında Azərbaycan hakimiyyətinın sülh sazişinə doğru irəli sürdüyü əsas yanaşmalara uyğun və həmin yanaşmalara həm də zidd məqamlar... 
 
Göründüyü kimi, Paşinyanın çıxışında Azərbaycan hakimiyyətinın sülh sazişinə doğru irəli sürdüyü əsas yanaşmalarla həm üst-üstə düşən, həm də ziddiyyət təşkil edən məqamlar var. Dəstəkləyən əsas məqam onun Ermənistan-Azərbaycan münaqişəsi səhifəsinin bağlandığını, sülhün artıq mövcud olduğunu və gələcəkdə iki ölkənin bir-birini düşmən və ya maneə deyil, qonşu kimi qəbul etməli olduğunu vurğulamasıdır; bu, Vaşinqton Bəyannaməsində əksini tapan “keçmiş münaqişə səhifəsinin bağlanması” və revanşın rədd edilməsi prinsipi ilə səsləşir. Digər tərəfdən, Paşinyanın “Dağlıq Qarabağ ermənilərinin qayıdışı” ilə yanaşı “Qərbi Azərbaycan və qərbi azərbaycanlıların qayıdışı” barədə ritorikanın dayandırılmasını tələb etməsi Azərbaycan iqtidarının uzun müddətdir gündəmdə saxladığı Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışı məsələsinə birbaşa zidd mövqedir. Azərbaycan tərəfi bu məsələnin ərazi iddiası olmadığını və gündəmdən çıxarılmayacağını açıq şəkildə bildirir. Bununla belə, Paşinyanın qarşılıqlı qayıdış mövzusunda ritorikanın dayandırılmasını təklif etməsi, mahiyyət etibarilə, münaqişədən sonrakı bütün “qayıdış” iddialarının sülh prosesindən kənarlaşdırılması baxımından Bakının sülhün gələcək nəsillər üçün dönməz edilməsi məqsədi ilə müəyyən ortaq məntiq daşıyır. Azərbaycanın hazırkı rəsmi mövqeyində isə əsas prioritetlərdən biri paraflanmış sazişin imzalanması və ratifikasiyası, habelə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır... 
 
Sultan Laçın