“Əgər bu yeni ittifaqdan bir şey hasil olmasa, o zaman region xalqları öz potensiallarına dair bir qədər daha ümidsizliyə qapılacaq...”
 




“Bu üç resursun – Türkiyənin hərbi texnologiyası, Pakistanın hərbi və nüvə çəkisi, Səudiyyənin maliyyə və enerji gücünün –  bir təhlükəsizlik çərçivəsində birləşməsi regionda yeni güc mərkəzi və çəkindirmə mexanizmi yarada bilər...”
 
“İsrail bunu özünün regional strateji üstünlüyünə potensial uzunmüddətli problem kimi qiymətləndirməkdədir...”
 
“Bu, İranın regional hegemonluq iddiasını da, İsrailin bölgədəki hərbi üstünlüyünü də eyni zamanda məhdudlaşdıra biləcək yeni bir geo-siyasi reallıq yaradır...”
 
Xəbər verildiyi kimi, dünən, 7 avqust 2026-cı il tarixində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkədə Birgə Müdafiə Sazişi imzalayıblar. Sazişin əsas müddəası ondan ibarətdir ki, üç ölkədən birinə silahlı hücum onların hamısına hücum kimi qiymətləndiriləcək. Tərəflər bunu konkret olaraq hər hansı ölkəyə qarşı ittifaq kimi təqdim etmirlər.
 
Mövzu ilə bağlı, hazırda ABŞ-da yaşayan azərbaycanlı konfliktoloq, siyasi təhlilçi, sülh fəalı və Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, Dr. Əli Əskərli ilə Moderator.az üçün müsahibəmizi dəyərli oxucuların müzakirəsinə buraxırıq:
 
-Əli bəy, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan dövlətlərinin Məkkədə imzaladıqları Birgə Müdafiə Sazişinin  regiondakı proseslərə, o cümlədən və ABŞ–İsrail–İran qarşıdurmasına ciddi təsiri ola bilərmi?
 
-Bəli, məncə, bu saziş Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dəyişməsinin çox ciddi göstəricisidir. Bu, ən azı bu istiqamətdə atılmış olduqca ciddi bir addımdır. Sazişin zamanlaması da olduqca diqqətəlayiqdir. Amma onu sadəcə “İsrailə qarşı yaradılmış hərbi blok” adlandırmaq hələlik düzgün olmaz.
 
Əslində burada daha ciddi və daha böyük bir proses gedir. Göründüyü kimi, region dövlətləri artıq öz təhlükəsizliklərini yalnız ABŞ-ın təhlükəsizlik çətiri altında təmin etmək modelindən uzaqlaşmağa başlayırlar. Hər halda, ABŞ-a çox da güvənməyin region dövlətlərinin bir çoxunun milli maraqlarına uyğun olmadığı görünür. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bir araya gəlməsi bunun ciddiliyindən xəbər verir. Lakin qeyd edək ki, regionun hər bir dövləti eyni dərəcədə bənzər bir təhlükəsizlik forumuna qoşulmaq fürsətinə sahib deyil...
 
Bu üç ölkənin hər birinin fərqli motivasiyası və fərqli potensialı var. Türkiyə NATO üzvüdür və böyük hərbi-sənaye potensialına malikdir; Pakistan nüvə silahına malik dövlətdir; Səudiyyə Ərəbistanı isə nəhəng maliyyə və enerji resurslarına sahibdir. Bu üç resursun – Türkiyənin hərbi texnologiyası, Pakistanın hərbi və nüvə çəkisi, Səudiyyənin maliyyə və enerji gücünün –  bir təhlükəsizlik çərçivəsində birləşməsi regionda yeni güc mərkəzi və çəkindirmə mexanizmi yarada bilər...
 
İran müharibəsi bu prosesin sürətlənməsində ciddi bir rol oynayıb. Bu müharibə az-çox potensialı olan dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün ciddi axtarışlara sövq edib. ABŞ–İsrail və İran arasında baş verən qarşıdurmanın nəticələrini onlar da ödəyirlər. Həm də onların heç birinin, hətta Türkiyənin də, təhlükəsizlik zəmanəti yoxdur. Buna görə də potensialı olan bu üç dövlət öz təhlükəsizlik mexanizmlərini yaratmaq istəyirlər.
 
-Bəs regionun 3 seçilən gücü arasında bağlanmış sözügedən sazişin 80 ilə yaxındır həllini tapmayan İsrail-Fələstin-Qəzza qarşıdurmasına necə təsir göstərə bilər?
 
-İsrail–Fələstin məsələsinə gəldikdə, zənnimcə, Məkkə sazişinin buna dolayı, amma ciddi təsiri olacaq. Əgər bu üçlük zamanla real hərbi koordinasiya, silah istehsalı, kəşfiyyat mübadiləsi və qarşılıqlı müdafiə mexanizmləri formalaşdırsa, İsrail artıq regionda yalnız ayrı-ayrı ərəb dövlətləri və İranla deyil, daha koordinasiyalı regional güc mərkəzləri ilə hesablaşmalı olacaq. Əgər bu yeni ittifaqdan bir şey hasil olmasa, o zaman region xalqları öz potensiallarına dair bir qədər daha ümidsizliyə qapılacaq...
 
Hər halda, bir şeyi dəqiq qeyd etmək lazımdır: bu gün imzalanan saziş hələ NATO tipli inteqrasiya olunmuş hərbi alyansın yaranması demək deyil. Onun real çəkisi gələcəkdə üç dövlətin bu öhdəliyi praktiki hərbi mexanizmlərlə nə qədər dolduracağından asılı olacaq...
 
-Bu hərbi sazişi səthi baxışla İsrailə qarşı yönəlmiş bir blok hesab etmək olar. Necə hesab edirsiz, hazırkı İsrail rəhbərliyi bu barədə nə düşünməkdədir?
 
-Təbii ki, İsrail bunu özünün regional strateji üstünlüyünə potensial uzunmüddətli problem kimi qiymətləndirməkdədir. Çünki İsrail üçün əsas məsələ sazişdə bu gün konkret olaraq İsrailin adının çəkilib-çəkilməməsi deyil. Əsas məsələ budur ki, İsrailin regiondakı hərbi üstünlüyünə qarşı regional çəkindirmə potensialı yaranır. Yaxın Şərqdə yeni bir güc mərkəzinin yaranması İsrail üçün əsla arzuolunan bir məsələ deyil. Bu güc mərkəzinin potensial cazibə gücünü də nəzərə alsaq, hər halda, İsrail bu durumdan heç məmnun deyil...
 
Lakin İsrailin reaksiyası, çox güman ki, dərhal qarşıdurma yaratmaq olmayacaq. Əksinə, İsrail bu üç ölkə arasındakı strateji fərqlərdən istifadə etməyə çalışacaq. Türkiyə ilə İsrail arasında onsuz da ciddi fikir ayrılıqları var; Pakistan İsraillə diplomatik münasibətlər qurmayan nüvə dövlətidir; Səudiyyə Ərəbistanının isə həm ABŞ-la, həm də Qərblə çox ciddi strateji və iqtisadi əlaqələri var...
 
Ona görə İsrail üçün əsas məsələ bu sazişin özü yox, nəticəsi olacaq. Bu saziş sadəcə siyasi bəyanat olaraq qalacaq, yoxsa həqiqi regional hərbi gücə çevriləcək? Əlbəttə, İsrail birinci varianta ümid edir. Əgər ikincisi baş verərsə, məncə, İsrail bunu çox ciddi strateji dəyişiklik kimi qəbul edəcək...
 
-Bəs, görəsən, cəmi bir neçə gün öncə Türkiyəyə hərbi ittifaq qurmaq təklifi etmiş, lakin müsbət cavab almamış İran həmin blokun yaranmasını necə qarşılayır?
 
-Burada maraqlı paradoks yaranır. İran bu sazişi həm təhlükə, həm də fürsət kimi görməkdədir. Üç mühüm müsəlman dövləti –  Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı – Tehranın iştirakı olmadan regional təhlükəsizlik mexanizmi yaradırsa, bu, İran üçün xoşagəlməz bir hadisədir. Bu üç ölkənin hər biri İran üçün strateji əhəmiyyət daşıyır. Əslində, İran artıq bu sazişə ciddi bir etiraz bəyanatı verib. Bunu əsasən Səudiyyə Ərəbistanına görə etdiyini söyləmək yanlış olmaz.
Amma bunun başqa tərəfi də var: bu saziş İranın “müsəlman dünyasının əsas anti-Qərb və anti-İsrail gücü” olmaq iddiasını da zəiflədə bilər.
 
Tehran uzun müddət özünü İsrailə qarşı müqavimətin əsas mərkəzi kimi təqdim edib. İndi isə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan İran olmadan İslam dünyasının təhlükəsizlik arxitekturasını yaratmağa çalışırlar. Məncə, İran üçün ən ağrılı məsələ məhz budur.
 
Digər tərəfdən, İran Türkiyənin bu sazişdə iştirakını xüsusilə diqqətlə izləyəcək. Çünki bir neçə gün əvvəl Tehranın Ankaraya hərbi əməkdaşlıq/ittifaq istiqamətində mesaj göndərməsi və indi Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla qarşılıqlı müdafiə sazişinə qoşulması Ankaranın öz strateji xəttini İrandan müstəqil şəkildə qurduğunu göstərir.
 
Fikrimcə, burada ən radikal, amma ən real nəticə budur:
 
Yaxın Şərqin “ABŞ–İsrail–İran” üçbucağı ilə izah edilə biləcək qədər sadə bir sistem olmadığı aydın olmağa başlayıb. Yeni mərhələdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi dövlətlər öz təhlükəsizlik arxitekturalarını qurmağa başlayırlar. Bu isə İranın regional hegemonluq iddiasını da, İsrailin bölgədəki hərbi üstünlüyünü də eyni zamanda məhdudlaşdıra biləcək yeni bir geosiyasi reallıq yaradır...
 
Məkkə sazişinin əsl tarixi əhəmiyyəti məhz burada ola bilər: bu, İsrailə qarşı yaradılmış “İslam NATO-su”ndan daha çox, müsəlman dünyasının əsas regional güclərinin öz təhlükəsizlik sistemini qurmağa başlamasının ilk ciddi addımlarından biri ola bilər. Yeni güc mərkəzi böyüyüb güclənərsə, onun tərkibinin dəyişməsi də qaçılmaz olacaqdır. O zaman Yaxın Şərqdə yeni bir era başlaya bilər. Bununin liderliyini edə biləcək yeganə dövlət isə Türkiyədir...
 
Sultan Laçın