Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri bu tarixi nəticəni davamlı sülh, əməkdaşlıq və regional inkişaf gündəliyinə çevirməkdir. Vaşinqton görüşü də bu baxımdan regionun gələcəyi üçün mühüm siyasi mərhələ kimi qiymətləndirilir. Ötən bir ilin nəticələrini, qarşıda duran vəzifələri və Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsini millət vəkili Sevinç Fətəliyeva ilə müzakirə etdik.





Moderator.az həmin müsahibəni təqdim edir. 
 
— Sevinc xanım, Vaşinqton görüşündən ötən bir ili qiymətləndirərkən, əldə olunan razılaşmaların artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq real və dayanıqlı sülh mexanizminə çevrildiyini söyləmək olarmı? Qarşıdakı mərhələdə sülh sazişinin yekun imzalanmasını şərtləndirən əsas amilləri necə qiymətləndirirsiniz?
 
— Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması baxımından mühüm siyasi mərhələ olmaqla yanaşı, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisi oldu.
 
Vaşinqton görüşünün siyasi əhəmiyyətini qiymətləndirərkən ilk növbədə həmin prosesə gətirib çıxaran tarixi və siyasi şəraiti nəzərə almaq lazımdır. Yeni mərhələnin əsasını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi təşkil edir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisində suverenliyini təmin etməklə regionda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişdi. Bu, ilk növbədə, tarixi ədalətin və beynəlxalq hüququn bərpası demək idi.
 
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında qalmasına baxmayaraq, münaqişənin həlli məqsədilə yaradılmış vasitəçilik mexanizmləri real nəticə verə bilməmişdi. Azərbaycan isə öz gücü və siyasi iradəsi hesabına BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin etdi və bununla Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq formalaşdırdı.
 
Artıq sülh prosesi praktiki mərhələyə keçib. Ötən bir il ərzində baş verən hadisələr bunu deməyə əsas verir. Son bir ilin dinamikası göstərir ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq normallaşma prosesinin əsas və alternativsiz formatı kimi getdikcə daha aydın şəkildə təsbit olunur.
Əgər əvvəllər iki ölkə arasındakı məsələlərin müzakirəsində müxtəlif beynəlxalq vasitəçilik platformaları ön planda idisə, hazırda ikitərəfli təmaslar sistemli və davamlı xarakter almaqdadır. Yüksək və ali səviyyədə dialoq formalaşıb, administrasiyalar arasında daimi operativ əlaqələr mövcuddur.
 
— TRIPP layihəsi Vaşinqton razılaşmasının ən mühüm praktiki nəticələrindən biri kimi təqdim olunur. Sizcə, bu layihənin reallaşması Azərbaycan-Ermənistan münasibətlərindən kənarda Cənubi Qafqazın geoiqtisadi xəritəsini və Orta Dəhlizin regional rolunu nə dərəcədə dəyişə bilər?
 
— Vaşinqton görüşünün mühüm nəticələrindən biri regional kommunikasiyaların açılması istiqamətində daha konkret perspektivin meydana çıxmasıdır. Bu baxımdan “Tramp marşrutu” — TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinə imkan yaratmaqla yanaşı, daha geniş regional və beynəlxalq nəqliyyat sisteminin formalaşdırılması üçün yeni perspektivlər açır.
Son bir ildə TRIPP-in həyata keçirilməsi istiqamətində müşahidə edilən dinamika layihənin tədricən siyasi konsepsiyadan praktiki müstəviyə keçdiyini göstərir. ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu istiqamətdə nümayiş etdirdiyi maraq, Azərbaycan və Ermənistanla aparılan iş, eyni zamanda, Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və bağlantı məsələlərinin müzakirəsi TRIPP-in əhəmiyyətinin yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmadığını göstərir.
Layihənin gələcəkdə Orta Dəhlizin imkanları ilə əlaqələndirilməsi Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan nəqliyyat marşrutlarının strateji əhəmiyyətini daha da artıra bilər. Bu mənada TRIPP yalnız nəqliyyat infrastrukturu layihəsi deyil, eyni zamanda, Cənubi Qafqazın formalaşmaqda olan yeni geoiqtisadi arxitekturasının mühüm elementinə çevrilmək potensialına malikdir.
 
TRIPP eyni zamanda üçüncü tərəfin Azərbaycan-Ermənistan sülh gündəliyində iştirakının mümkün modelini də ortaya qoyur. Burada əsas prinsip ondan ibarətdir ki, üçüncü tərəfin iştirakı yalnız Azərbaycan və Ermənistanın razılığı əsasında və konkret istiqamət, yaxud layihə çərçivəsində həyata keçirilir. Bu baxımdan ABŞ Prezidenti Donald Tramp sülh prosesində xüsusi rol oynadı.
 
— Hazırda Cənubi Qafqazda müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu yeni geosiyasi şərait formalaşır. Belə bir mühitdə Azərbaycan-Ermənistan sülh gündəliyinin kənar təsirlərdən qorunması və birbaşa dialoq formatının davamlı saxlanılması üçün Bakı hansı strateji xətti davam etdirməlidir?
 
— Vaşinqton formatının mühüm xüsusiyyəti ondan ibarətdir ki, ABŞ Azərbaycan və Ermənistanın siyasi iradəsini əvəz edən ənənəvi vasitəçi kimi deyil, tərəflərin razılığı əsasında konkret istiqamətlər üzrə prosesə siyasi və iqtisadi dəstək verən tərəf kimi çıxış edir. Bu yanaşma Bakının uzun müddətdir müdafiə etdiyi birbaşa dialoq prinsipinə də uyğundur.
 
Eyni zamanda, ötən il ərzində normallaşma prosesinin yalnız siyasi-diplomatik müstəvidə qalmaması diqqət çəkir. İqtisadi əməkdaşlığın ilkin elementlərinin meydana çıxması, regional nəqliyyat layihələri ətrafında maraqların formalaşması, ekspert və vətəndaş cəmiyyəti səviyyəsində təmasların genişlənməsi sülh gündəliyinin tədricən daha geniş məzmun qazandığını göstərir.
 
Bu proses həm Azərbaycan, həm də Ermənistan üçün yeni xarici siyasət imkanları yaradır. Regionda münaqişə riskinin azalması dövlətlərə öz təhlükəsizlik məsələlərinin həllində, iqtisadi inkişafın təmin edilməsində, investisiyaların cəlb olunmasında və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiyada əlavə imkanlar verir. Başqa sözlə, sülh gündəliyi tədricən yalnız siyasi məqsəd deyil, regional inkişaf resursuna çevrilir.
 
Əlbəttə, bir il ərzində uzunmüddətli münaqişənin bütün nəticələrinin aradan qaldırıldığını söyləmək mümkün deyil. Sülh sazişinin yekun imzalanması üçün mövcud məsələlərin həlli, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması, sərhədin növbəti hissələrinin delimitasiya və demarkasiyası, kommunikasiyaların tam açılması və TRIPP layihəsinin praktiki reallaşdırılması qarşıdakı dövrün əsas istiqamətləri olaraq qalır.
 
Bununla yanaşı, son bir ilin təcrübəsi mühüm bir həqiqəti ortaya qoyub: tərəflər arasında mövcud olan və gələcəkdə yarana biləcək fikir ayrılıqlarının hərbi qarşıdurma deyil, siyasi-diplomatik vasitələrlə müzakirəsi üçün yeni mexanizmlər formalaşır.
 
Sülh bütün ziddiyyətlərin avtomatik aradan qalxması demək deyil. Əsas məsələ həmin ziddiyyətlərin idarə olunması və həlli üsulunun dəyişməsidir. Bu məqam region ətrafında son dərəcə mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə xüsusilə əhəmiyyətlidir.
 
Ötən bir ildə Cənubi Qafqazın şimal və cənub istiqamətlərində təhlükəsizlik mühiti daha da mürəkkəbləşib, müxtəlif güc mərkəzləri arasında rəqabət artıb. Buna baxmayaraq, Azərbaycan-Ermənistan sülh gündəliyinin qorunub saxlanılması və konkret məzmunla zənginləşdirilməsi tərəflərin normallaşma prosesinin davam etdirilməsində maraqlı olduğunu göstərir.
 
Bu gün Cənubi Qafqazda yaranmış yeni siyasi reallığın əsas müəlliflərindən biri məhz Azərbaycandır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz əvvəlcə ərazi bütövlüyünü, sonra tam suverenliyini bərpa etdi, daha sonra isə əldə olunmuş tarixi nəticəni davamlı regional sülh və əməkdaşlıq gündəliyinə çevirmək təşəbbüsü ilə çıxış etdi.
 
Bu siyasət regionun gələcək arxitekturasını da dəyişir. Əgər əvvəlki regional düzən münaqişə, işğal, separatizm, qapalı sərhədlər və xarici vasitəçilik mexanizmləri ilə xarakterizə olunurdusa, yeni model suverenlik, birbaşa dialoq, iqtisadi qarşılıqlı maraqlar, nəqliyyat bağlantıları və regional əməkdaşlıq prinsipləri üzərində formalaşır.
 
Vaşinqton görüşünün birinci ildönümünün əsas siyasi mahiyyəti də məhz bundan ibarətdir. 8 avqust 2025-ci ildə əldə edilmiş nəticələr ayrıca diplomatik epizod olaraq qalmadı, sonrakı proseslərin istiqamətini müəyyən edən mühüm siyasi çərçivəyə çevrildi.
 
Qarşıda görüləcək işlər və həll olunmalı məsələlər çoxdur. Lakin artıq əsas tendensiya müəyyənləşib: Cənubi Qafqaz tədricən keçmiş münaqişənin məntiqindən çıxaraq yeni siyasi və geoiqtisadi reallığa uyğunlaşır.
 
Azərbaycan isə bu transformasiyanın əsas təşəbbüskarlarından və aparıcı qüvvələrindən biri kimi çıxış edir. Məhz buna görə Vaşinqton Sammitindən ötən bir ili yalnız əldə edilmiş razılaşmaların ildönümü kimi deyil, Azərbaycanın yaratdığı yeni regional reallığın sülh, əməkdaşlıq və inkişaf modelinə transformasiyasının mühüm mərhələsi kimi qiymətləndirmək olar.
 
Pərvin Şakirqızı