Sona Əliyeva: “Qarabağı kitabdan oxumaqla görmək arasında böyük fərq var”
Artıq bir neçə ildir ki, əcəbi diplomatlar, turist və səyyahların işğaldan azad edilən ərazilərə səfərləri təşkil edilir. Məqsəd beynəlxalq miqyasda həm erməni vəhşilikləri, həm də dövlətimizin həyata keçirdiyi abadlıq-quruculuq prosesinə diqqət çəkməkdir.
Maraqlıdır, şagird və tələbələrin də işğaldan azad edilən torpaqlara səfərlərinin təşkili faydalı ola bilərmi? Bu səfərlərin onların vətənpərvərlik ruhunda tərbiyəsinə, vətən sevgisinin artmasına, mənəvi bağlılığının yüksəlməsinə sitimul verməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən sabiq millət vəkili, təhsil ekspert Sona Əliyeva bu cür səfərlərə ciddi ehtiyac olduğunu vurğulayıb:
“Qarabağı kitabdan oxumaqla görmək arasında böyük fərq var. Məktəblilərin və tələbələrin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkilini çox müsbət qiymətləndirirəm. Amma bu səfərləri yalnız ekskursiya kimi təşkil etməkdən daha çox, həm tarix, həm coğrafiya, həm mədəniyyət, həm də vətəndaşlıq tərbiyəsi baxımından ciddi təhsil imkanı kimi qurmaq daha faydalı olar. Uşaq üçün “Qarabağ”, “Şuşa”, “Ağdam”, “Laçın” kimi anlayışlar dərslikdə, xəritədə və ya videoda öyrənilən məlumatdır. Həmin məkanı görmək isə bu məlumatı şəxsi təcrübə ilə əlaqələndirir. Təhsildə təcrübə əsaslı öyrənmənin dəyəri də məhz bundadır. Çünki uşağın orada nə gördüyü, nə öyrəndiyi və səfərdən sonra bu təcrübəni necə mənalandırdığıdır.
Məncə, belə səfərlərdə yalnız dağıntıları göstərmək də kifayət deyil. Uşaq həm keçmişin izlərini, həm də bu gün aparılan bərpa və quruculuğu görməlidir. Dağıdılmış məktəbi, tarixi abidəni və ya yaşayış məntəqəsini görmək keçmiş haqqında təsəvvür yaradırsa, yenidən qurulan şəhəri, infrastrukturu, məktəbi və yaşayış məkanını görmək ona başqa bir sual verir. Məsələn, bu torpaqların gələcəyində, tarixi quruculuq prosesində mənim rolum nə ola bilər? Çünki vətənpərvərlik yalnız keçmişdə baş verənləri bilmək deyil. Öz ölkəsinin tarixinə, mədəniyyətinə və gələcəyinə məsuliyyət hiss etməkdir.
Ona görə də mən belə səfərləri bir günlük gəzinti formatında deyil, təhsil proqramının bir hissəsi kimi təşkil etməyi daha doğru hesab edirəm. Səfərdən əvvəl uşağa mövzu ilə bağlı məlumat verilməli, səfər zamanı müşahidə və suallar üçün imkan yaradılmalı, qayıtdıqdan sonra isə gördükləri haqqında müzakirə aparılmalıdır.
Mən hesab edirəm ki, məktəblilərin və tələbələrin Qarabağa səfərləri onların vətənpərvərlik tərbiyəsinə həqiqətən də töhfə verə bilər. Amma bunun üçün uşağa hazır fikir vermək yox, görmək, soruşmaq, düşünmək və nəticə çıxarmaq imkanı yaratmaq lazımdır. Vətən sevgisi yalnız şüarlarla formalaşmır. Bəzən insanın bir torpağa bağlılığını artıran şey həmin torpağın tarixini oxumaq qədər, onu öz gözü ilə görmək və onun gələcəyini təsəvvür etməkdir”.
Seymur ƏLİYEV