“Tehranın yanaşmasında əsas məqam budur: İran bu sazişi hələlik özünə qarşı yaradılmış hərbi koalisiya kimi təqdim etmir…”
 




“Əgər Səudiyyə ərazisinə İranla əlaqəli qüvvələr hücum edərsə, Türkiyə və Pakistan hansı səviyyədə müdaxilə etməyə hazır olacaq?..”
 
“Məkkə sazişi İsrailə qarşı yaradılmış ittifaq olmasa da, İsrailin Yaxın Şərqdə qurmaq istədiyi yeni təhlükəsizlik və normallaşma modelinə mühüm geosiyasi alternativ kimi qiymətləndirilə bilər…”
 
 
Qeyd:
 
Material “Əl-Cəzirə” kanalının ingiliscə bürosu (“Al Jazeera”) nəşrində 9 avqust 2026-cı ildə Maziar Motamedi tərəfindən dərc olunmuş “Where does Iran stand on Saudi-Pakistan-Turkiye pact?” (“İran Səudiyyə–Pakistan–Türkiyə paktına necə yanaşır?”) materialı əsasında hazırlanıb. Moderator.az materialı Azərbaycan dilinə tərcümə və redaktə etməklə yanaşı, mövzunun daha dolğun təqdimatı üçün digər İran, Pakistan, Türkiyə, İsrail və beynəlxalq mənbələrdən məlumat və ekspert rəyləri ilə zənginləşdirib.

Məkkədə imzalanan üçtərəfli müdafiə sazişi Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dəyişdiyini göstərir. Tehran hələlik açıq narahatlıq nümayiş etdirməsə də, yeni blokun gələcəkdə İrana qarşı çəkindirmə mexanizminə çevrilə biləcəyindən ehtiyatlanır.
 
“Birinə hücum hamısına hücumdur…”
 
Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə avqustun 7-də Məkkədə yeni Birgə Müdafiə Sazişi imzalayıb. Razılaşmanın əsas müddəasına görə, üç ölkədən hər hansı birinə qarşı xarici silahlı hücum digərlərinə qarşı hücum kimi qiymətləndiriləcək.
 
Saziş ABŞ və İran arasında müharibənin davam etdiyi, Hörmüz boğazının bağlanmasının enerji və dəniz nəqliyyatına ciddi zərbə vurduğu, İranın isə İsrail və ABŞ hücumlarına cavab olaraq regiondakı ABŞ və Körfəz obyektlərini hədəfə aldığı bir vaxtda meydana çıxıb.
 
İlk baxışdan bu, NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmi təsiri bağışlayır. Lakin Türkiyənin xarici işlər naziri Hakan Fidan vurğulayıb ki, saziş heç bir konkret ölkəyə, o cümlədən İrana qarşı yönəlməyib. Pakistanın xarici işlər naziri İshaq Dar da sənədin “tamamilə müdafiə xarakterli” olduğunu və başqa ölkələrin də gələcəkdə ona qoşula biləcəyini bildirib.
 
Bununla belə, sənədin imzalandığı vaxt və regiondakı hərbi-siyasi reallıq onun yalnız formal müdafiə razılaşması olmadığını göstərir.
 
Tehran niyə hələlik sakitdir?...
 
İranın rəsmi reaksiyası ilk mərhələdə təmkinli olub. Xarici işlər naziri Abbas Əraqçi üçtərəfli sazişi birbaşa qeyd etmədən müsəlman ölkələrinin həmrəyliyinin “xarici bədxahların” yaratdığı problemlərlə mübarizədə əsas vasitə olduğunu bildirib.
 
Tehranın yanaşmasında əsas məqam budur: İran bu sazişi hələlik özünə qarşı yaradılmış hərbi koalisiya kimi təqdim etmir…
 
İran Xarici İşlər Nazirliyinin parlament və hüquq məsələləri üzrə baş direktoru Hüseyn Nüşabadi isə sazişi daha geniş kontekstdə qiymətləndirərək onu ABŞ-ın Qərbi Asiya və Fars körfəzində təhlükəsizlik hegemonluğunun zəifləməsinin əlaməti adlandırıb.
 
Bu yanaşmanın arxasında İranın çoxdankı strategiyası dayanır: regionun təhlükəsizliyi region ölkələrinin özləri tərəfindən təmin edilməlidir, ABŞ kimi xarici güclərin hərbi iştirakı ilə deyil.
 
Bu baxımdan Tehran üçün paradoks yaranır. Səudiyyə Ərəbistanının ABŞ-dan təhlükəsizlik baxımından daha az asılı olmaq istəməsi İranın uzun illər irəli sürdüyü tezisə müəyyən mənada uyğundur. Lakin eyni proses İranın özünə qarşı daha güclü regional çəkindirmə mexanizminin yaranmasına səbəb ola bilər.
 
Əsl narahatlıq “anti-İran” blokunun yaranmasıdır…

Clingendael İnstitutunun İran və Yaxın Şərq üzrə analitiki Həmidreza Əzizi hesab edir ki, Tehran üçün əsas məsələ sazişin bu gün yaratdığı təhlükədən daha çox onun gələcəkdə hansı istiqamətdə inkişaf edə biləcəyidir.
 
Çünki üç ölkənin imkanları bir-birini tamamlayır: Pakistan nüvə çəkindirməsinə və böyük hərbi təcrübəyə, Türkiyə güclü orduya və inkişaf etmiş müdafiə sənayesinə, Səudiyyə Ərəbistanı isə maliyyə resurslarına və Körfəzdə siyasi-iqtisadi təsirə malikdir. 
 
“Associated Press” də bu üçlüyün hərbi, texnoloji və maliyyə imkanlarının bir-birini tamamladığını qeyd edir.
 
Bu baxımdan İranın ehtiyat etdiyi ssenari belədir: yeni mexanizm zamanla Yəmən, İraq, Suriya və hətta iqtisadi sahədə İrana qarşı koordinasiyalı təzyiq vasitəsinə çevrilə bilər.
 
Xüsusilə Yəmən amili diqqət çəkir. Sazişdən cəmi iki gün sonra İranla əlaqəli husilər Səudiyyənin Cizan bölgəsindəki “Saudi Aramco” obyektinə dron hücumuna görə məsuliyyəti üzərinə götürüblər. Səudiyyə yanğının söndürüldüyünü təsdiqləsə də, onun səbəbini açıqlamayıb…
 
Bu hadisə sazişin kağız üzərindəki müddəalarından daha mühüm bir sual doğurur: Əgər Səudiyyə ərazisinə İranla əlaqəli qüvvələr hücum edərsə, Türkiyə və Pakistan hansı səviyyədə müdaxilə etməyə hazır olacaq?..
 
“Yeni NATO” demək hələ tezdir…
 
Üçtərəfli sazişin əhəmiyyətini şişirtmək də düzgün olmazdı.
 
Corctaun Universitetinin professoru Mehran Kamrava hesab edir ki, sənəd hazırda daha çox siyasi simvolizm daşıyır və Türkiyə ilə Pakistanın Səudiyyənin Yəməndəki münaqişəsinə hərbi müdaxiləyə hazır olması real görünmür.
 
Bu mühüm məqamdır. Çünki “birinə hücum hamısına hücumdur” prinsipi avtomatik olaraq digər iki ölkənin müharibəyə qoşulması demək deyil. Müdafiə yardımının forması kəşfiyyat məlumatlarının paylaşılması, hava hücumundan müdafiə, silah-sursat, logistika və ya birbaşa hərbi müdaxilə ola bilər. Türkiyə də sazişdə konkret cavab mexanizminin əvvəlcədən müəyyənləşdirilmədiyini vurğulayıb.
 
Üstəlik, üç ölkənin İranla münasibətləri tamamilə fərqlidir.
 
Səudiyyə Ərəbistanı Tehranla rəqabət aparsa da, son illərdə Çin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılmasına çalışıb. Türkiyə İranla həm rəqib, həm də tərəfdaşdır; iki ölkənin iqtisadi, enerji və təhlükəsizlik əlaqələri mövcuddur. Pakistan isə İranla uzun sərhədə malikdir və İslamabad üçün Tehranla düşmənçilik Qərb sərhədində əlavə təhlükəsizlik böhranı yarada bilər…
 
Deməli, İranla müharibə məsələsində üç ölkənin eyni mövqedə dayanacağına zəmanət yoxdur.
 
Əsl dəyişiklik: Vaşinqtona alternativ axtarışı…
 
Sazişin ən mühüm tərəfi bəlkə də İran deyil, ABŞ-dır.
 
2026-cı il müharibəsi Körfəz ölkələrinin uzun illər güvəndiyi Amerika təhlükəsizlik çətirinin nə dərəcədə etibarlı olduğu barədə sualları yenidən gündəmə gətirib. “Al Jazeera”-nın analitik araşdırmasına görə, ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası Körfəz ölkələrinin təhlükəsizlik zəifliyini üzə çıxarıb və Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə inamı azaldıb.
 
Bu proses əslində yeni başlamayıb. Səudiyyə Ərəbistanı 2019-cu ildə “Abqaiq–Xurays” neft obyektlərinə hücumdan sonra ABŞ-ın təhlükəsizlik təminatlarına daha ehtiyatlı yanaşmağa başlamışdı. 2025-ci ilin sentyabrında isə Ər-Riyad Pakistanla ayrıca Strateji Qarşılıqlı Müdafiə Sazişi imzaladı. Yeni üçtərəfli razılaşma həmin xəttin daha geniş formata keçirilməsi kimi qiymətləndirilə bilər...
 
Beləliklə, İranın “ABŞ-ın regional təhlükəsizlik hegemonluğunun zəifləməsi” barədə qiymətləndirməsində müəyyən məntiq var.
 
Amma burada Tehranın nəzərdən qaçırmamalı olduğu ikinci tərəf də mövcuddur: ABŞ-ın rolunun azalması avtomatik olaraq İranın regional üstünlüyünün artması demək deyil.
 
Əksinə, Körfəz ölkələri və digər regional güclər öz təhlükəsizlik mexanizmlərini yaratmağa başlaya bilərlər.
 
Misir növbəti halqa ola bilərmi?..
 
Türkiyə rəsmilərinin açıqlamalarında digər ölkələrin də sazişə qoşulmasının mümkünlüyü qeyd edilir və xüsusilə Misirin adı çəkilir.
 
Bu baş verərsə, üçtərəfli format daha geniş regional təhlükəsizlik platformasına çevrilə bilər. Əslində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir artıq 2026-cı ilin ilk yarısında regional təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparırdı. İyunda dörd ölkənin xarici işlər nazirləri ABŞ-İran razılaşmasının Körfəz təhlükəsizliyini və dəniz yollarını nəzərə almalı olduğunu bəyan etmişdilər.
 
Bu formatın genişlənməsi İran üçün daha ciddi strateji problem yarada bilər.
 
Çünki Tehran uzun müddət “regional təhlükəsizlik – regional ölkələrin işi” tezisini müdafiə edib. Əgər həmin ideya əsasında yaradılan yeni təhlükəsizlik arxitekturasında İranın özü iştirak etməzsə, nəticədə regionun təhlükəsizlik sistemindən kənarda qala bilər.
 
Tehran üçün ən böyük risk nədir?..
 
Hazırda İranın üçtərəfli sazişdən birbaşa hərbi təhlükə hiss etməsi ehtimalı aşağıdır. Lakin uzunmüddətli perspektivdə üç risk daha önə çıxır.
 
Birincisi, sazişin İrana qarşı çəkindirmə mexanizminə çevrilməsi.
 
İkincisi, Yəmən, İraq, Suriya və digər istiqamətlərdə İranın müttəfiqlərinə qarşı regional koordinasiyanın güclənməsi.
 
Üçüncüsü isə İranın yeni regional təhlükəsizlik arxitekturasından kənarda qalması.
 
İran üçün ən optimal variant buna görə də sazişi dağıtmağa çalışmaq deyil, onun açıq şəkildə anti-İran hərbi blokuna çevrilməsinin qarşısını almaqdır.
 
Bunun üçün Tehran Türkiyə və Pakistanla münasibətlərini qorumaqla yanaşı, Səudiyyə Ərəbistanı ilə də son illərdə başlanan dialoqu davam etdirməli olacaq.
 
Üçtərəfli sazişin İsrail amili…
 
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə paktının mahiyyətini yalnız İran təhlükəsi ilə izah etmək kifayət deyil. Sazişin digər mühüm geo-siyasi fonu İsrailin regiondakı mövqeyi və son illərdə formalaşan təhlükəsizlik arxitekturasıdır. Üç ölkənin İsraillə münasibətləri isə bir-birindən ciddi şəkildə fərqlənir. Türkiyə İsraillə diplomatik münasibətləri saxlamasına baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Təl-Əvivin Qəzza siyasətinin ən sərt tənqidçilərindən birinə çevrilib. Ankara İsrailin Fələstin ərazilərindəki hərbi əməliyyatlarını dəfələrlə pisləyib və Fələstin dövlətinin yaradılmasını müdafiə edib. Pakistan isə İsraili dövlət kimi tanımır və İsrail-Fələstin münaqişəsində açıq şəkildə Fələstin tərəfini tutur. Səudiyyə Ərəbistanının mövqeyi isə daha mürəkkəbdir. Ər-Riyad İsraili tanımır, lakin son illərdə ABŞ vasitəçiliyi ilə İsraillə münasibətlərin normallaşdırılması barədə danışıqlar aparıb. Lakin Ər-Riyad dəfələrlə bildirib ki, Fələstin dövlətinin yaradılması və onun paytaxtının Şərqi Qüds olması məsələsində irəliləyiş olmadan normallaşma mümkün deyil. 2026-cı ilin iyun və iyul aylarında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın da daxil olduğu səkkiz ölkə İsrailin Əl-Əqsa məscidindəki fəaliyyətini kəskin şəkildə pisləyib və Fələstin dövlətçiliyinə dəstəyi bir daha təsdiqləyib. Bu baxımdan yeni müdafiə paktı İsrailin ABŞ vasitəsilə genişləndirməyə çalışdığı “İbrahim sazişləri” modelinə paralel regional təhlükəsizlik əməkdaşlığının yaranması kimi də qəbul edilə bilər… 
 
İsrail üçün problem təkcə üç ölkənin hərbi potensialının birləşməsi deyil. Daha mühüm məsələ ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı kimi İsraillə gələcək normallaşma perspektivi olan əsas ərəb dövlətinin Ankara və İslamabadla təhlükəsizlik əlaqələrini dərinləşdirməsidir. Beləliklə, Ər-Riyadın təhlükəsizlik təminatını İsraillə mümkün strateji tərəfdaşlıqdan çox, regional müsəlman dövlətləri arasında əməkdaşlıq hesabına gücləndirmək istiqamətində hərəkət etdiyi barədə təəssürat yaranır. Bu isə Vaşinqtonun və Təl-Əvivin son illərdə qurmağa çalışdığı regional düzənin məntiqini müəyyən qədər dəyişir…

İsrail bu sazişdən niyə narahatdır?..
 
İsrail tərəfdə sazişə münasibət hələlik açıq şəkildə “anti-İsrail hərbi ittifaqı” kimi formalaşmayıb, lakin İsrail analitik dairələrində narahatlıq kifayət qədər aydın görünür. “The Jerusalem Post” nəşrinin 9 avqust tarixli təhlilində İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Körfəz Araşdırmaları üzrə rəhbəri Yoel Guzanskinin fikirlərinə yer verilib. Onun qiymətləndirməsinə görə, saziş İsrail üçün “ideal” deyil və Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma qapısını tam bağlamasa da, prosesi çətinləşdirə bilər. Guzanski hesab edir ki, Ər-Riyadın əsas motivlərindən biri Vaşinqtonun regiondakı etibarlılığı ilə bağlı yaranan suallar fonunda özünə daha çox təhlükəsizlik variantı yaratmaqdır. İsrail ekspertinin fikrincə, burada xüsusilə Türkiyə və Pakistanın İsrailə qarşı sərt mövqeyi diqqət çəkir. Hətta sazişdən bir gün sonra Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif İsrailə qarşı “vahid hərbi cəbhə” yaradılmasının vacibliyindən danışıb və İsraili müsəlman dünyası üçün təhlükə kimi xarakterizə edib. Bu açıqlama sazişin rəsmi mətnində İsrailin adının çəkilməməsinə baxmayaraq, onun siyasi kontekstinin Təl-Əviv üçün əhəmiyyətini artırıb… 
 
Türkiyənin İsrailə münasibəti də İsrail üçün ayrıca problemdir. Prezident Ərdoğan iyul ayında İsrail hökumətinin regionda yenidən “barıt və qan qoxusu” yaymasına imkan verilməməli olduğunu bildirmişdi. Eyni zamanda İsrail mediasında Türkiyənin regional güc kimi yüksəlişinin Ankara ilə Təl-Əviv arasında strateji rəqabəti dərinləşdirə biləcəyi vurğulanır. Bununla belə, sazişin İsrailə qarşı birbaşa hərbi öhdəlik yaratdığını söyləmək üçün hələ əsas yoxdur. Üç ölkənin hər hansı birinə hücumun hamısına hücum sayılması prinsipi konkret olaraq xarici silahlı hücumlara aid edilir və sənəd İsraili təhdid kimi göstərmir. Üstəlik, Türkiyə və Pakistanın İsrailə qarşı siyasi mövqeləri ilə Səudiyyə Ərəbistanının praqmatik diplomatik maraqları arasında ciddi fərqlər mövcuddur. Ər-Riyad üçün əsas prioritet hazırda İran təhlükəsinin qarşısını almaq, ölkənin müdafiə imkanlarını artırmaq və ABŞ-dan tam asılı olmadan əlavə təhlükəsizlik dayaqları yaratmaqdır. İsrail ekspertləri də sazişin ilk mərhələdə daha çox diplomatik və çəkindirmə xarakterli ola biləcəyini, Türkiyə və Pakistanın İranla genişmiqyaslı müharibəyə avtomatik şəkildə qoşulmasının isə real görünmədiyini bildirirlər. Lakin saziş gələcəkdə Misir, Qətər və digər ölkələrin iştirakı ilə genişlənərsə, İsrail üçün daha ciddi strateji nəticələr yarana bilər. Belə bir halda Təl-Əviv özünü ABŞ-ın dəstəklədiyi regional təhlükəsizlik sisteminin mərkəzindən kənarda, qarşısında isə daha çox koordinasiya edən müsəlman dövlətlər qrupunun olduğu bir mühitdə görə bilər. Buna görə də Məkkə sazişi İsrailə qarşı yaradılmış ittifaq olmasa da, İsrailin Yaxın Şərqdə qurmaq istədiyi yeni təhlükəsizlik və normallaşma modelinə mühüm geosiyasi alternativ kimi qiymətləndirilə bilər…
 
Nəticə: Yeni Yaxın Şərq formalaşır…

Səudiyyə Ərəbistanı–Pakistan–Türkiyə sazişi nə “müsəlman NATO-su”dur, nə də hazırda İrana qarşı yaradılmış açıq hərbi ittifaq.
 
Lakin onu sadəcə simvolik sənəd kimi qiymətləndirmək də səhv olardı.
 
Bu razılaşma Yaxın Şərqdə daha dərin prosesin – regional dövlətlərin ABŞ-dan tam asılı olmayan təhlükəsizlik sistemi qurmaq cəhdinin – növbəti mərhələsidir.
 
İran üçün əsas məsələ bu dəyişikliklə mübarizə aparmaq deyil, onun hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirməkdir.
 
Əgər yeni blok yalnız regional əməkdaşlıq və kollektiv müdafiə platforması olaraq qalarsa, Tehran bundan müəyyən siyasi divident də əldə edə bilər. Lakin saziş genişlənərək İranın hərbi imkanlarını və regiondakı müttəfiqlərini balanslaşdırmağa yönəlmiş strukturlaşmış koalisiyaya çevrilərsə, Tehran artıq ciddi strateji problemlə üzləşəcək.
 
Bu baxımdan Məkkədə imzalanan sənədin ən mühüm sualı “İran bu ittifaqın hədəfidirmi?” deyil.
 
Əsas sual budur: İran yeni Yaxın Şərq təhlükəsizlik sisteminin qurulmasında iştirak edənlərdən biri olacaq, yoxsa həmin sistemin qarşısında dayanan əsas aktora çevriləcək?
 
Hazırda cavab açıq qalır…
 
Sultan Laçın