Bankdan kredit götürən vətəndaş üçün borcun vaxtında ödənilməsi ilə yanaşı, öhdəliyin icra olunmadığı halda hansı hüquqi proseslərin baş verə biləcəyini bilmək də olduqca vacibdir.Xüsusilə borca görə əmlaka həbs qoyulması, onun satışa çıxarılması və yeganə yaşayış evinin bu prosesdə hansı hüquqi təminatlara malik olması  vətəndaşlarda çoxsaylı suallar doğurur.


Kredit öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı yaranan proseslərdə həm kreditorun, həm də borclunun qanunla müəyyən edilmiş hüquq və vəzifələri var. Bu baxımdan vətəndaşın yalnız borc öhdəliyini deyil, həmin öhdəliyin icrası zamanı qanunun ona verdiyi təminatları da bilməsi mühüm əhəmiyyət daşıyır.






Əmlaka həbs qoyulması və onun satışa çıxarılması da öz-özlüyündə avtomatik baş verən proses deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və hüquqi prosedurlar mövcuddur. Vətəndaşın bu prosedurlardan xəbərdar olması isə mümkün hüquq pozuntularının qarşısının alınması və öz hüquqlarını vaxtında müdafiə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


Moderator.az-ın Pərvin Şakirqızı ilə “Hüququnu bil” rubrikasında bank borcu ilə bağlı yaranan suallara Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənova ilə aydınlıq gətirməyə çalışdıq.



Həmin müsahibəni təqdim edirik:


– İlhamə xanım, vətəndaşın banka olan borcuna görə onun əmlakına hansı hallarda həbs qoyula bilər? Bunun üçün mütləq məhkəmə qərarı tələb olunurmu və bankın öz təşəbbüsü ilə borclunun əmlakına hər hansı məhdudiyyət tətbiq etmək hüququ varmı?


– Bank qarşısında borcun yaranması öz-özlüyündə banka vətəndaşın əmlakına həbs qoymaq hüququ vermir. Bank kreditor kimi borcun ödənilməsini tələb edə bilər, lakin əmlaka həbs məcburetmə tədbiridir və yalnız qanunla müəyyən edilmiş prosedur çərçivəsində tətbiq oluna bilər.


Burada iki mərhələni fərqləndirmək lazımdır.


Birincisi, məhkəmə mübahisəsi zamanı tətbiq edilən həbsdir. Bank borcun tutulması barədə məhkəməyə müraciət etdikdə, gələcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulmasını da istəyə bilər. Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinə əsasən belə təminat tədbiri məhkəmənin qərardadı ilə tətbiq edilir. Üstəlik, əmlak yalnız iddia tələbi həddində siyahıya alınmalıdır. Deməli, təminat tədbiri borcun məbləği və məqsədi ilə mütənasib olmalıdır.


İkincisi, artıq icra sənədi mövcud olduqda tətbiq edilən həbsdir. “İcra haqqında” Qanunun 50-ci maddəsinə görə, icra sənədinin icrası zamanı borclunun əmlakına həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə qoyulur. Yalnız əmlakın məhv ediləcəyi, gizlədiləcəyi və ya özgəninkiləşdiriləcəyi barədə dəqiq məlumat olan təxirəsalınmaz hallarda icra məmuru məhkəmə qərarı olmadan həbs qoya bilər və bu halda 24 saat ərzində məhkəməyə məlumat verməlidir.


Burada vacib bir istisna da var: borcun məcburi tutulması üçün hər zaman əvvəlcədən məhkəmə qətnaməsinin olması mütləq deyil. Qanunun nəzərdə tutduğu hallarda notariusun icra qeydi də icra üçün əsas ola bilər. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə, borcun mübahisəsizliyini təsdiq edən müvafiq sənədlər olduqda notarius icra qeydi apara bilər. Lakin borclu həmin icra qeydini məhkəmədə mübahisələndirmək hüququna malikdir.


Bankın özü isə icra məmurunu və ya məhkəməni əvəz edərək vətəndaşın digər daşınar və daşınmaz əmlakına “həbs” qoya bilməz. İpoteka müqaviləsinin dövlət qeydiyyatına alınması nəticəsində yaranan yüklülük isə həbsdən fərqli hüquqi institutdur: vətəndaş həmin əmlakı əvvəlcədən konkret öhdəliyin təminatı kimi ipoteka ilə yüklü etmiş olur.


– Borclunun adına qeydiyyatda olan yeganə yaşayış evi və ya mənzil hansı hallarda borca görə risk altına düşə bilər?


– Azərbaycan qanunvericiliyi borclunun və ailəsinin yaşayış hüququnu xüsusi qaydada qoruyur. “İcra haqqında” Qanunun 49.2-ci maddəsi əsasında qəbul edilmiş Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 nömrəli Qərarına görə, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamasını təmin edən bir evə və ya bir mənzilə, bir qayda olaraq, icra sənədi üzrə tələb yönəldilə bilməz. Lakin bu müdafiə mütləq deyil.


Həmin Qərarın özündə mühüm istisna müəyyən edilib: bu təminat ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulmasına, habelə ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir. Başqa sözlə, şəxsin yalnız bir mənzilinin olması həmin mənzil ipotekaya qoyulubsa, onun satışını avtomatik olaraq istisna etmir. Vətəndaş mənzilini bank kreditinin təminatı kimi ipotekaya qoyubsa və təmin edilmiş öhdəliyi qanunda və müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirmirsə, tutmanın həmin mənzilə yönəldilməsi mümkündür.


“İpoteka haqqında” Qanunun tətbiqinə dair məhkəmə təcrübəsində də qəbul edilir ki, əsas öhdəliyin və ya onun bir hissəsinin icrası 90 təqvim günü və daha artıq gecikdirildikdə, eləcə də qanunda və ipoteka müqaviləsində nəzərdə tutulan digər əsaslar yarandıqda ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edə bilər.


Deməli, iki vəziyyəti bir-birindən ayırmaq lazımdır: Adi istehlak və ya digər təminatsız bank borcuna görə vətəndaşın ailəsi ilə yaşadığı və sanitariya normaları çərçivəsində yaşayışını təmin edən yeganə mənzil, bir qayda olaraq, icra predmetinə çevrilməməlidir. Həmin mənzil kreditin təminatı kimi ipotekaya qoyulubsa və ya evin tikilməsi/alınması üçün verilən kredit üzrə qanunda nəzərdə tutulan hal yaranıbsa, “yeganə yaşayış yeri” arqumenti özlüyündə əmlakın satışının qarşısını almır.

İpoteka predmetinin satışından əldə edilən məbləğ borcu və qanuni xərcləri üstələyirsə, artıq qalan məbləğ borcluya — əmlakın mülkiyyətçisinə qaytarılmalıdır.


– Əmlakına həbs qoyulacağı və ya əmlakının satışa çıxarılacağı bildirilən vətəndaş hansı hüquqi addımları ata bilər?


– İlk növbədə vətəndaş passiv qalmamalı və həbsin hansı hüquqi sənədə əsaslandığını müəyyən etməlidir: məhkəmənin təminat tədbiri barədə qərardadına, qanuni qüvvəyə minmiş məhkəmə aktına, notariusun icra qeydinə, yoxsa artıq başlanmış icra icraatı çərçivəsində icra məmurunun qərarına.


Məhkəmənin iddianın təmin edilməsi barədə qərardadı əsasında həbs qoyulubsa, Mülki Prosessual Məcəllənin 161–163-cü maddələri həmin təminat tədbirinin başqa tədbirlə əvəz edilməsini, ləğvini tələb etmək və qərardaddan şikayət vermək imkanlarını nəzərdə tutur. Pul tələbi üzrə cavabdeh müəyyən hallarda tələb olunan məbləği məhkəmənin depozit hesabına ödəməklə tətbiq edilmiş təminat tədbirinin əvəz edilməsini də tələb edə bilər.


Notariusun icra qeydi əsasında icra başlanıbsa, borclu həmin tələbi məhkəmə qaydasında mübahisələndirə bilər. İcra məmurunun qanunsuz və ya əsassız hərəkətlərindən də qanunda nəzərdə tutulan qaydada məhkəməyə şikayət verilə bilər. Borcun məbləği ilə həbs qoyulan əmlakın dəyəri arasında ciddi fərq olduqda isə mütənasiblik məsələsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, nisbətən kiçik məbləğli borca görə çox yüksək dəyərə malik əmlakın məhdudlaşdırılması və satışa yönəldilməsi zamanı daha az məhdudlaşdırıcı vasitələrlə icranın mümkün olub-olmaması qiymətləndirilməlidir.


Mülki Prosessual Məcəllənin 158.4-cü maddəsi də təsadüfi olaraq müəyyən etmir ki, cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınmalıdır. Ali Məhkəmənin icra icraatı çərçivəsində əmlakın hərracdan satılması ilə bağlı hüquqi mövqeyində də Konstitusiyanın 71-ci maddəsinə istinad edilməklə hüquq və azadlıqların məhdudlaşdırılmasının gözlənilən nəticəyə mütənasib olması vurğulanıb.


Bundan başqa, əmlakın real bazar dəyəri düzgün müəyyən edilməyibsə, qiymətləndirmə də mübahisələndirilə bilər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən, qanunda göstərilən istisnalar xaric, borclunun əmlakı peşəkar qiymətləndirici tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun qiymətləndirilməlidir. Vətəndaşın maddi vəziyyəti borcun dərhal tam ödənilməsinə imkan vermirsə, başqa hüquqi mexanizm də mövcuddur.


Mülki Prosessual Məcəllənin 231-ci və “İcra haqqında” Qanunun 15-ci maddələrinə əsasən məhkəmədən qətnamənin icrasına möhlət verilməsi, hissə-hissə icra edilməsi və ya icra üsulu və qaydasının dəyişdirilməsi tələb oluna bilər. Nəticə etibarilə, bank qarşısında borcun olması vətəndaşın bütün əmlakının avtomatik olaraq həbs ediləcəyi və ya satılacağı demək deyil. 


Həm həbs, həm qiymətləndirmə, həm də satış qanunla müəyyən edilmiş prosedura, tələb məbləğinə və mütənasiblik prinsipinə uyğun aparılmalıdır. Xüsusilə yeganə yaşayış evi qanunla ciddi şəkildə qorunur; lakin həmin ev ipoteka predmetidirsə və ya onun alınması/tikilməsi üçün verilmiş kreditlə bağlı qanunda nəzərdə tutulan istisna mövcuddursa, bu müdafiə tətbiq edilməyə bilər".


Pərvin Şakirqızı 


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda hazırlanıb.