"Tarix siyasətçiləri çox vaxt qazandıqları seçkilərlə deyil, yaratdıqları uzunmüddətli nəticələrlə qiymətləndirir..."
 




"...Dünya siyasətində bəzən ən böyük üstünlük yanlış istifadə edildikdə ən böyük strateji itkiyə çevrilir..."
 
“Pew Research Center”-in 2026-cı ilin mayında keçirdiyi sorğuya görə, ABŞ-da İsrail xalqına müsbət münasibət 2022-ci ildəki 67 faizdən 2026-cı ildə 52 faizə düşüb. İsrail hökumətinə müsbət münasibət isə eyni dövrdə 47 faizdən 32 faizə enib; 62 faiz amerikalı İsrail hökumətinə mənfi münasibət bəslədiyini bildirib..."
 
"İsrailin Vaşinqtondakı gələcək dayağı yalnız bugünkü respublikaçı elita deyil. Əsas sual 10–15 ildən sonra respublikaçı seçicilərin İsrailə necə baxacağıdır..."
 
"ABŞ və İsrailin eyni hərbi əməliyyatda iştirak etməsi onların bütün strateji prioritetlərinin eyni olması demək deyil. Əksinə, İran müharibəsi göstərdi ki, iki müttəfiq arasında belə təhlükəsizlik məqsədlərinin şərhi və müharibənin siyasi nəticələri barədə fərqli baxışlar yarana bilər..."
 
"Netanyahu hətta İsrailə ən yaxın münasibəti ilə tanınan respublikaçı Ağ Evlə də strateji fikir ayrılığına girir..."
 
"Netanyahu Amerikanı hələ tam itirməyib, amma İsrailin Vaşinqtondakı partiyalarüstü strateji üstünlüyünü itirmək təhlükəsi əvvəlkindən daha real görünür..."
 
Moderator.az  əməkdaşı bu analitik yazını Amerika paytaxtı Vaşinqtonda fəaliyyət göstərən jurnalist Said Arikatın “Al-Cəzirə”də dərc olunan “How Netanyahu lost America?” (“Netanyahu Amerikanı necə itirdi?”) məqaləsində irəli sürdüyü tezislər və digər beynəlxalq mənbələrdəki məlumatlar əsasında hazırlayıb. Müəllifin əsas iddiası budur ki, Benjamin Netanyahu uzun illər İsrailin ABŞ-da malik olduğu iki partiyalı siyasi dəstəyi qorumaq əvəzinə, Təl-Əviv–Vaşinqton münasibətlərini daha çox Respublikaçılarla əlaqələndirdi və bunun nəticəsində İsrail məsələsi Amerika daxilində daha çox siyasi qütbləşməyə məruz qaldı...

 
Benjamin Netanyahu Vaşinqtonu ən yaxşı tanıyan xarici siyasətçilərdən biri hesab olunurdu. ABŞ-da təhsil almış, Amerika siyasi sisteminin mexanizmlərini dərindən bilən İsrail baş naziri uzun illər ərzində özünü Ağ Ev və Konqres dəhlizlərinin ən uğurlu oyunçularından biri kimi göstərmişdi. Lakin dünya siyasətində bəzən ən böyük üstünlük yanlış istifadə edildikdə ən böyük strateji itkiyə çevrilir...
 
ABŞ-ın paytaxtında bu gün getdikcə daha çox müzakirə olunan sual budur:
 
Benjamin Netanyahu İsraili Amerikanın dəstəyindən uzaqlaşdırdı, yoxsa sadəcə əvvəldən mövcud olan siyasi parçalanmanı sürətləndirdi?
 
ABŞ-da fəaliyyət göstərən jurnalist Said Arikat “Al-Cəzirə”də yayımlanan “How Netanyahu lost America?” məqaləsində iddia edir ki, Netanyahunun əsas strateji səhvi İsraili ABŞ-ın iki partiyalı siyasi konsensusundan çıxarıb Respublikaçı siyasi düşərgə ilə həddindən artıq yaxınlaşdırması olub.
 
Müəllifin fikrincə, İsrailin Vaşinqtondakı ən böyük diplomatik kapitalı hərbi yardım və siyasi lobbiçilik deyil, məhz onilliklər boyu formalaşmış iki partiyalı dəstək idi. İndi isə həmin dayağın zəiflədiyi görünür.
 
İsrailin ən qiymətli diplomatik sərvəti: iki partiyalı Amerika dəstəyi…
 
İsrail-Amerika münasibətləri uzun illər ABŞ xarici siyasətində xüsusi yer tuturdu. Respublikaçılar İsrailə əsasən strateji müttəfiq və Yaxın Şərqdə təhlükəsizlik tərəfdaşı kimi yanaşırdı. Demokratlar isə İsrailə həm təhlükəsizlik, həm də demokratik dəyərlər prizmasından dəstək verirdilər. Bu fərqli yanaşmaların ortaq nöqtəsi isə dəyişməz idi: İsrail ABŞ siyasətində partiyalararası mübahisə mövzusu olmamalı idi...
 
Said Arikat yazır ki, Netanyahu bu balansı qorumaq əvəzinə, getdikcə daha çox Respublikaçı düşərgəyə yaxınlaşdı və nəticədə İsrail məsələsi Amerika daxili siyasi mübarizənin bir hissəsinə çevrildi. Bu isə İsrail üçün uzunmüddətli risk yaratdı. Çünki ABŞ-da prezidentlər dəyişir, administrasiyalar dəyişir, amma strateji ittifaqlar yalnız bir siyasi qanadın dəstəyi üzərində qurula bilməz...
 
2015-ci il Konqres çıxışı: Vaşinqtondakı qırılma nöqtəsi...
 
Netanyahunun Amerika siyasətində yaratdığı ən böyük dönüş nöqtələrindən biri 2015-ci ildə baş verdi. Həmin vaxt İsrail baş naziri respublikaçıların dəvəti ilə ABŞ Konqresində çıxış etdi və prezident Barak Obamanın İranla nüvə sazişinə qarşı sərt mövqe nümayiş etdirdi. Çıxış respublikaçılar tərəfindən böyük alqışlarla qarşılandı.
Lakin demokratların bir hissəsi bunu İsrail liderinin ABŞ daxili siyasətində tərəf seçməsi kimi qiymətləndirdi.
 
Said Arikat hesab edir ki, məhz həmin hadisədən sonra İsrailin Vaşinqtondakı ənənəvi “partiyalarüstü” mövqeyi ciddi şəkildə zədələndi...
 
Bu, sadəcə bir diplomatik mübahisə deyildi. Bu, İsrailin Amerika siyasi sistemindəki statusunun dəyişməsinin başlanğıcı idi.
 
Tramp dövrü: tarixi qələbələr, strateji yanlış hesab…
 
Donald Tramp administrasiyasının ilk dövrü Netanyahu üçün diplomatik uğurlar mərhələsi oldu.
 
ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdı, səfirliyini ora köçürdü, Colan təpələri üzərində İsrailin suverenliyini qəbul etdi və İran nüvə sazişindən çıxdı.Netanyahu bu addımları İsrail diplomatiyasının böyük qələbəsi kimi təqdim etdi.
 
Lakin Arikatın əsas arqumenti bundan ibarətdir ki, Netanyahu bu uğurları yanlış şərh etdi.
 
Bir administrasiyanın İsrailə güclü dəstək verməsi bütün Amerika siyasi sisteminin dəyişməsi anlamına gəlmirdi. ABŞ siyasətində hakimiyyət dəyişir.
 
Ağ Evə bir gün respublikaçılar, digər gün isə demokratlar nəzarət edə bilər. Dövlətlərarası münasibətlər isə şəxslərə deyil, geniş ictimai və siyasi razılığa söykənməlidir.
 
Qəzza müharibəsi: dəyişən Amerika münasibətinin əsas sınağı…

7 oktyabr 2023-cü il hücumlarından sonra ABŞ İsrailə misli görünməmiş siyasi və hərbi dəstək göstərdi. Co Bayden administrasiyası İsrailin özünü müdafiə hüququnu tanıdı, hərbi yardımları davam etdirdi və BMT platformasında İsraili diplomatik baxımdan müdafiə etdi.Lakin müharibə uzandıqca Vaşinqton daxilində suallar artmağa başladı.Qəzzada dağıntılar, humanitar böhran və müharibədən sonrakı siyasi planın olmaması ABŞ ictimaiyyətində İsrailə münasibətin dəyişməsinə səbəb oldu...
 
Said Arikat yazır ki, Netanyahu hətta ABŞ administrasiyası ilə fikir ayrılıqları yarandığı vaxtlarda belə, daha çox öz daxili siyasi bazasına mesaj verməyə üstünlük verdi.
Bu isə Vaşinqtonda belə bir təsəvvür yaratdı ki, İsrail hökuməti artıq Amerika ilə strateji tərəfdaşlıqdan çox, Amerika siyasətində müəyyən bir düşərgəyə söykənir.
 
 
Yeni Amerika nəsli İsrailə əvvəlki kimi baxmır…
 
ABŞ-da İsrailə münasibətin dəyişməsində ən mühüm faktor yeni nəsillərin siyasi baxışlarıdır. Əvvəlki nəsillər üçün İsrail əsasən Holokostdan sonra yaranmış demokratik dövlət və ABŞ-ın əsas müttəfiqi kimi qəbul edilirdi. Gənc amerikalıların bir hissəsi isə məsələyə daha çox insan hüquqları, beynəlxalq hüquq və Fələstin məsələsi prizmasından yanaşır. Bu dəyişiklik xüsusilə Demokrat Partiyasında daha aydın görünür. Lakin proses yalnız demokratlarla məhdudlaşmır. ABŞ-da bəzi gənc respublikaçı populist dairələr də artıq bütün xarici öhdəliklərə daha skeptik yanaşırlar. Bu tendensiyanın miqyası artıq sorğularda da görünür.
 
“Pew Research Center”-in 2026-cı ilin mayında keçirdiyi sorğuya görə, ABŞ-da İsrail xalqına müsbət münasibət 2022-ci ildəki 67 faizdən 2026-cı ildə 52 faizə düşüb. İsrail hökumətinə müsbət münasibət isə eyni dövrdə 47 faizdən 32 faizə enib; 62 faiz amerikalı İsrail hökumətinə mənfi münasibət bəslədiyini bildirib.
 
Daha diqqətçəkən məqam gənclər arasındakı fərqdir. 30 yaşdan aşağı amerikalıların yalnız 32 faizi İsrail xalqına müsbət münasibət bəsləyir. Fələstin xalqına müsbət münasibət isə həmin yaş qrupunda 58 faizdir. Bu, xüsusilə gənc demokratlar arasında kəskindir: onların yalnız 26 faizi İsrail xalqına, 72 faizi isə Fələstin xalqına müsbət münasibət bəsləyir...
 
Bu rəqəmlər göstərir ki, İsrailə münasibətdə nəsil dəyişməsi artıq gələcəyin ehtimalı deyil, bu günün siyasi reallığıdır...
 
Respublikaçılar daxilində də çatlar yaranır…
 
İsrailə dəstəyin yalnız Demokrat Partiyasında zəiflədiyini demək də artıq kifayət etmir. “Pew Research Center”-in məlumatına görə, respublikaçıların ümumi əksəriyyəti hələ də İsrail xalqına demokratlardan daha müsbət yanaşır: 2026-cı ildə respublikaçıların 65 faizi İsrail xalqına müsbət münasibət bildirib. Lakin bu göstərici 2022-ci ildəki 77 faizdən aşağıdır. İsrail hökumətinə münasibətdə də respublikaçılar arasında azalma müşahidə olunur: müsbət münasibət 2022-ci ildə 65 faiz olduğu halda, 2026-cı ildə 51 faizə düşüb. Daha böyük dəyişiklik isə gənc respublikaçılar arasında müşahidə olunur. Bu, Netanyahu üçün strateji baxımdan daha ciddi problemdir. Çünki İsrailin Vaşinqtondakı gələcək dayağı yalnız bugünkü respublikaçı elita deyil. Əsas sual 10–15 ildən sonra respublikaçı seçicilərin İsrailə necə baxacağıdır...
 
Netanyahu hökumətinin daxili siyasəti və beynəlxalq imic problem…
 
Netanyahunun rəhbərlik etdiyi koalisiyada radikal sağ qüvvələrin güclənməsi də İsrailin beynəlxalq imicinə təsir göstərir. Fələstin məsələsi, yaşayış məntəqələri və Qəzzanın gələcəyi ilə bağlı sərt mövqelər ABŞ-da xüsusilə Demokrat dairələrində narahatlıq yaradır. İsrail tərəfdarları isə bildirirlər ki, ölkə təhlükəsizlik baxımından görünməmiş təhdidlərlə üz-üzədir və tənqidlər İsrailin özünü müdafiə hüququnu kölgədə qoymamalıdır.
 
Məsələnin mürəkkəbliyi də məhz buradadır: İsrail təhlükəsizlik problemi ilə siyasi legitimlik problemi arasında sıxışıb.
 
İran müharibəsi: ABŞ və İsrail maraqlarının tam üst-üstə düşmədiyi yeni reallıq…

2026-cı ilin əvvəlində ABŞ və İsrailin İrana qarşı birgə hərbi kampaniyası da Vaşinqton-Qüds münasibətlərinin yeni mərhələsini formalaşdırdı. “Pew Research Center”-in iyun ayında dərc etdiyi araşdırmaya görə, İsraillilərin böyük əksəriyyəti ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasını düzgün qərar hesab edirdi. Lakin ABŞ ictimaiyyəti məsələyə daha parçalanmış yanaşırdı. Bu fərq əhəmiyyətlidir. Çünki İsrailin təhlükəsizlik baxışında İran təhlükəsinin hərbi yolla aradan qaldırılması əsas prioritet kimi görünə bilər...
 
ABŞ ictimaiyyətində isə xarici hərbi müdaxilənin qiyməti, müharibənin müddəti və onun Amerika maraqlarına nə dərəcədə xidmət etdiyi ayrıca suallardır.
 
Beləliklə, ABŞ və İsrailin eyni hərbi əməliyyatda iştirak etməsi onların bütün strateji prioritetlərinin eyni olması demək deyil. Əksinə, İran müharibəsi göstərdi ki, iki müttəfiq arasında belə təhlükəsizlik məqsədlərinin şərhi və müharibənin siyasi nəticələri barədə fərqli baxışlar yarana bilər...
 
Miçiqan siqnalı: İsrail məsələsi artıq ABŞ seçki siyasətinin içindədir…
 
Bu dəyişiklik ABŞ seçki siyasətində də özünü göstərir. 2026-cı ilin avqustunda Miçiqanda keçirilən Demokratların Senat ilkin seçkisi İsrail məsələsinin partiya daxilində nə qədər həssas mövzuya çevrildiyini göstərdi. Proqressiv namizəd Abdul El-Sayed İsrailə qeyd-şərtsiz hərbi yardımın dayandırılması mövqeyini kampaniyasının əsas istiqamətlərindən birinə çevirdi və nəticədə demokratların namizədliyini qazandı. Onun qələbəsi İsrail məsələsində Demokrat Partiyasının gələcək istiqaməti ilə bağlı mühüm siyasi siqnal kimi qiymətləndirildi. Burada söhbət yalnız bir seçkidən getmir. İsrail məsələsinin artıq ABŞ-da seçici davranışına təsir edən daxili siyasi mövzuya çevrilməsi İsrail üçün uzunmüddətli riskdir. Çünki əvvəllər İsrailə dəstək çox vaxt xarici siyasət məsələsi kimi qəbul edilirdisə, indi bu mövzu ABŞ daxilində partiya, nəsil və ideoloji mənsubiyyətlə daha sıx əlaqələnir.
 
İsrail getdikcə Vaşinqtonda “müttəfiq” olmaqla yanaşı, siyasi mübahisənin tərəfinə də çevrilir...
 
Ən çətin sual: müharibədən sonra nə olacaq?..
 
Netanyahu hökumətinin əsas tənqid olunduğu məsələlərdən biri Qəzza müharibəsindən sonrakı siyasi modelin qeyri-müəyyən qalmasıdır. İsrail "HƏMAS"-ın hərbi imkanlarının məhv edilməsini əsas məqsəd kimi göstərir. Lakin beynəlxalq siyasətdə əsas sual bundan sonra gəlir:
 
Qəzza müharibədən sonra necə idarə olunacaq?

Çünki tarix göstərir ki, hərbi üstünlük qazanmaq mümkündür, amma siyasi həll olmadan uzunmüddətli sabitlik yaratmaq çətindir. Və məhz bu məsələ 2026-cı ilin avqustunda ABŞ-İsrail münasibətlərində yeni böhran nöqtəsinə çevrilib.
 
Yeni mərhələ: Netanyahu artıq Trampı da itirə bilərmi?..
 
"Əl-Cəzirə"dəki sözügedən materialın hazırlanmasından cəmi bir neçə gün sonra baş verən hadisələr “Netanyahu Amerikanı itirdi?” sualına yeni və daha ciddi ölçü əlavə edib. Dünən -9 avqust 2026-cı ildə İsrailin baş naziri Benjamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzzanın gələcəyi ilə bağlı hazırladığı 15 maddəlik planı rədd edib. Vaşinqtonun planı atəşkəs, “HƏMAS”-ın tərksilah edilməsi, İsrail qüvvələrinin mərhələli geri çəkilməsi və Qəzzada ABŞ-ın dəstəklədiyi keçid idarəçiliyinin yaradılmasını nəzərdə tutur.
 
ABŞ planında həmçinin Qəzzada təhlükəsizliyin təmin olunması üçün beynəlxalq qüvvənin yaradılması və ərazinin yenidən qurulması üçün keçid mexanizminin formalaşdırılması nəzərdə tutulur. “HƏMAS” planın əsas çərçivəsini dəstəklədiyini bildirsə də, İsrail tərəfi onun tətbiqi ilə bağlı ciddi etirazlar irəli sürüb. Netanyahu İsrail qüvvələrinin "HƏMAS" tam şəkildə tərksilah edilməyənədək geri çəkilməyəcəyini bildirib...
 
Bu hadisə məqalənin əsas tezisini əhəmiyyətli dərəcədə dəyişir. Əgər əvvəllər söhbət Netanyahunun əsasən Demokrat administrasiyalarla və liberal Amerika ilə münasibətlərinin pisləşməsindən gedirdisə, indi məsələ daha genişdir:
 
Netanyahu hətta İsrailə ən yaxın münasibəti ilə tanınan respublikaçı Ağ Evlə də strateji fikir ayrılığına girir.
 
Bu, xüsusilə diqqətçəkəndir. Çünki Netanyahu uzun illər ərzində ABŞ-da Respublikaçı siyasi düşərgəyə yaxınlaşmaqla Demokratlarla yaranmış məsafəni kompensasiya edə biləcəyini düşünürdü. Trampın ilk prezidentliyi dövründə Qüdsün İsrailin paytaxtı kimi tanınması, səfirliyin köçürülməsi, Colan təpələri ilə bağlı qərar və İran nüvə sazişindən çıxış kimi addımlar bu strategiyanın böyük uğurları kimi təqdim edilmişdi.Lakin 2026-cı ilin yeni reallığı göstərir ki, məsələ artıq demokratlar və respublikaçılar arasında seçim etmək deyil. Vaşinqtonla Qüds arasında fikir ayrılığı ABŞ-ın hansı partiyasının hakimiyyətdə olmasından asılı olmayaraq yarana bilər...
 
Tramp faktoru: əvvəlki tezisin ən ciddi sınağı…
 
Netanyahunun Tramp administrasiyası ilə münasibətləri uzun müddət İsrailin Vaşinqtondakı ən böyük üstünlüklərindən biri hesab olunurdu. Lakin Trampın yeni Qəzza planının Netanyahu tərəfindən qəbul edilməməsi göstərir ki, ABŞ prezidenti İsrail hökumətinin bütün qərarlarını avtomatik şəkildə dəstəkləməyə hazır deyil. Bu, münasibətlərdə mühüm psixoloji dəyişiklikdir. Çünki İsrail üçün əsas təhlükə yalnız ABŞ-da İsrailə dəstəyin azalması deyil. Daha ciddi təhlükə ondan ibarətdir ki, Amerika administrasiyası İsrail hökumətinin prioritetləri ilə ABŞ-ın regional strategiyasını eyni şey kimi görməməyə başlayır. Vaşinqton üçün əsas məsələ artıq yalnız “HƏMAS”-ın məğlub edilməsi deyil, müharibənin başa çatdırılması, Qəzzanın idarə olunması və regional sabitliyin təmin edilməsidir. Netanyahu hökuməti üçün isə "HƏMAS"-ın tam tərksilah edilməsi və İsrailin təhlükəsizlik nəzarətinin qorunması əsas şərt olaraq qalır...
 
Bu iki yanaşma arasında fərq böyüdükcə ABŞ-İsrail münasibətlərinin əvvəlki “strateji avtomatizmi” də zəifləyə bilər.
 
Amerika cəmiyyətində dəyişiklik artıq rəqəmlərlə görünür…
 
Məsələ yalnız Ağ Ev və Konqresdəki siyasi mübahisə deyil.
 
“Pew Research Center”-in 2026-cı ilin martında keçirdiyi sorğuya görə, amerikalıların 60 faizi İsrailə mənfi münasibət bəsləyir. Bu göstərici bir il əvvəl 53 faiz idi.
 
Eyni sorğuda amerikalıların yalnız 27 faizi Netanyahunun dünya siyasətində düzgün qərarlar qəbul edəcəyinə müəyyən qədər və ya çox güvəndiyini bildirib, 59 faiz isə ona az və ya heç güvənmədiyini deyib. Üstəlik, hər iki partiyada 50 yaşdan aşağı seçicilər arasında İsrailə və Netanyahuya mənfi münasibət çoxluq təşkil edir.
 
Bu rəqəmlər bir məqamı xüsusilə aydın göstərir:
 
Amerikalıların İsrailə münasibəti ilə Netanyahu hökumətinə münasibət artıq eyni məsələ deyil.
 
İyul ayında dərc olunan başqa bir “Pew” araşdırması isə göstərir ki, İsrail hökumətinə mənfi münasibət 2026-cı ildə 62 faizə çatıb.
 
Bu, 2022-ci ildəki 43 faizlə müqayisədə kəskin dəyişiklikdir.
 
Deməli, ABŞ-da İsrailin özü ilə İsrail hökumətini fərqləndirən yanaşma formalaşır.
 
Bu, bir tərəfdən İsrail üçün müəyyən siyasi imkan saxlayır: hökumətin siyasətinə tənqidin dövlətə münasibətdən tam ayrılması mümkündür.
 
Digər tərəfdən isə uzunmüddətli təhlükə yaradır.
 
Çünki əgər hökumət və dövlət arasındakı fərq gələcəkdə Amerika ictimaiyyətinin nəzərində aradan qalxarsa, siyasi böhran daha dərin xarakter ala bilər.
 
Netanyahu Amerikanı həqiqətən itiribmi?..
 
Əslində ABŞ-ın İsraildən tam uzaqlaşdığını demək doğru olmaz.
 
İki ölkə arasında hərbi, kəşfiyyat və texnoloji əməkdaşlıq hələ də güclüdür.
 
İsrail ABŞ üçün Yaxın Şərqdə mühüm hərbi və texnoloji tərəfdaş olaraq qalır.
 
Lakin dəyişən əsas məsələ budur:
 
İsrail artıq əvvəlki kimi ABŞ siyasi sisteminin bütün təbəqələrində eyni səviyyədə qəbul edilən məsələ deyil.
 
Bu isə strateji problemdir. Çünki beynəlxalq münasibətlərdə yalnız silah və iqtisadi güc deyil, siyasi legitimlik də mühüm resursdur. Daha da əhəmiyyətlisi, problem artıq təkcə demokratların İsrailə münasibətinin dəyişməsi deyil.
 
Əgər İsrailin ənənəvi respublikaçı dayağı da nəsil dəyişməsi, populizm və “America First” yanaşması fonunda əvvəlki qədər etibarlı olmazsa, Netanyahu strategiyasının əsas sütunlarından biri sarsıla bilər...
 
İki partiyalı dəstəkdən siyasi qütbləşməyə…
 
Burada əsas strateji paradoks yaranır.
 
Netanyahu demokratlarla yaranan məsafəni respublikaçılarla yaxınlaşmaqla kompensasiya etməyə çalışdı. Bu taktika qısamüddətli perspektivdə nəticə verdi. Lakin uzunmüddətli perspektivdə İsrailin Vaşinqtondakı mövqeyini daha həssas etdi. Çünki İsrailin gücü təkcə respublikaçıların onu dəstəkləməsində deyildi. Əsas üstünlük ondan ibarət idi ki, həm respublikaçılar, həm də demokratlar İsrailin təhlükəsizliyini ABŞ-ın əsas strateji maraqlarından biri hesab edirdilər. İndi isə bu konsensusun yerini daha çox siyasi mübahisə tutur. Bir partiyanın İsrailə münasibəti digər partiyanın münasibətindən kəskin fərqlənir... Nəsil fərqləri artır...
 
İsrail məsələsi seçki kampaniyalarında daha çox istifadə olunur. Və ən əsası, ABŞ administrasiyası ilə İsrail hökuməti arasında fikir ayrılıqları artıq yalnız demokrat administrasiyalar dövründə baş vermir...
 
Tarix Netanyahu haqqında nə yazacaq?..
 
Benjamin Netanyahu İsrail tarixinin ən uzunmüddətli baş naziri kimi yadda qalacaq. Onun tərəfdarları deyirlər ki, o, İsrailin təhlükəsizliyini qoruyub və ölkənin beynəlxalq mövqeyini gücləndirib. Tənqidçiləri isə hesab edir ki, Netanyahu qısamüddətli siyasi qələbələr naminə uzunmüddətli strateji üstünlüyü – Vaşinqtondakı iki partiyalı dəstəyi – zəiflədib. Said Arikatın “Al-Cəzirə”dəki təhlilinin əsas tezisi də budur:
 
Netanyahu İsrailin Amerikanı itirməsinə səbəb olan prosesi sürətləndirdi...

Lakin 2026-cı ilin avqustunda bu tezisə daha bir cümlə əlavə etmək lazım gəlir:
 
Netanyahu Amerikanı hələ tam itirməyib, amma İsrailin Vaşinqtondakı partiyalarüstü strateji üstünlüyünü itirmək təhlükəsi əvvəlkindən daha real görünür...
 
Çünki indi problem yalnız demokratların İsraildən uzaqlaşması deyil. Problem həm də ABŞ cəmiyyətində nəsil dəyişməsidir.Problem İsrail məsələsinin Amerika seçkilərinin daxili siyasi gündəliyinə çevrilməsidir. Problem gənc respublikaçıların da əvvəlki nəsillər qədər avtomatik şəkildə İsrailə bağlı olmamasıdır.
 
Və ən yeni problem budur:
 
Netanyahu artıq İsrailə ən yaxın ABŞ prezidentlərindən biri hesab olunan Donald Trampın Qəzza planı ilə də açıq fikir ayrılığı yaşayır.
 
Bu, məqalənin əvvəlində qoyulan sualı dəyişir.
 
Əvvəllər sual belə idi:
 
Netanyahu Amerikanı itirdi?
 
İndi isə daha doğru sual budur:
 
Netanyahu İsrailin Amerikanın hansı administrasiyası hakimiyyətdə olsa belə, qoruna biləcək partiyalarüstü strateji dayağını itirirmi?.. Tarix siyasətçiləri çox vaxt qazandıqları seçkilərlə deyil, yaratdıqları uzunmüddətli nəticələrlə qiymətləndirir. Əgər gələcəkdə İsrailin Vaşinqtondakı xüsusi mövqeyinin zəifləməsi ayrıca bir siyasi mərhələ kimi yazılarsa, həmin hekayənin başlanğıc nöqtəsi böyük ehtimalla yalnız Qəzzada deyil, məhz Amerikanın siyasi paytaxtında – Vaşinqtonda axtarılacaq...
 
Və bəlkə də həmin tarixin ən mühüm dönüş nöqtələrindən biri 2015-ci ildəki Konqres çıxışı yox, 2026-cı ilin avqustunda Netanyahu ilə Tramp arasında Qəzzanın gələcəyi barədə yaranan açıq fikir ayrılığı olacaq...
 
Hazırladı:
Sultan Laçın