“Onun devizi belə idi: “Cinayət baş verdikdən sonra nəticələrinin qarşısını almaqdansa, öncədən cinayətin baş verməsinin qarşısını almaq daha şərəflidir...” “
“...Ukraynalıların xor ifaları məni valeh edirdi. Çox istəyirdim ki, bizdə də xor oxumaq ənənəsi yaransın. Axı xor birlik, həmrəylik və bir-birini duymaq, anlamaq rəmzidir...”
“Onun bir gözəl xüsusiyyəti də vardı: harada ağsaqqal, yaşlı bir insan görsəydi, mütləq onunla söhbət edər və sonra belə deyərdi: Yenə nəsə öyrəndim...”
**** **** **** **** ****
Bu gün – 12 avqust Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Milli Ordu quruculuğunda, həmçinin I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, mərhum polkovnik Mehman Səlimovun doğum günüdür. Rəhmətlik yaşasaydı, xanımı, övladları ilə birgə 71 yaşını qeyd edəcəkdi...
Allah qəni-qəni rəhmət eləsin!..
...Vəd etdiyimiz kimi( burada:), mərhum polkovnikin ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı həyat hekayətlərinin ən maraqlı və ibrətamiz məqamlarını dəyərli oxucuların diqqətinə çatdırmağa başlayırıq:
... 31 iyul 1982-ci il yağışlı bir gün... Toy məclisinin səhəri düyün karvanı Borçalı mahalına yola düşdü...
Bir hərbçinin həyat yoldaşı olmaq mənim taleyimə yazılmışdı. Bu ilk çətin səfər qürurverici, sınaqlarla dolu bir həyatın –tale yolunun başlanğıcı idi və məni dərindən düşündürürdü. Hamı sevinir, gülür, mən isə bu yolun nə qədər çətin olacağını götür-qoy edir, arada ətrafda nə baş verdiyini sezməyəcək, duymayacaq qədər bir dərin fikirlərə qərq olurdum...
Nəhayət, Azərbaycanın qədim Borçalı elinə qədəm qoyduq. Bu mehriban, səs-küylü ocaqda məni böyük sevgi və hörmətlə qarşıladılar. Geniş mağarda el ağsaqqalları, ağbirçəkləri bizə xeyir-dua verdilər...
O günlərdə özümü heç vaxt qərib hiss etmədim, sanki doğma evimizə gəlmişdik...
Əmirxan kişinin ocağı çox insanın ümid yeri idi. Yaxın kəndlərdən, Başkeçiddən Tiflisə gedənlərin dayanacaq məkanı həmişə bu ocaq olurdu. Hamını öz doğmaları kimi qarşılayır, xoş arzularla yola salırdılar...
İlk dəfə görüb ünsiyyətə başlayandan qəlbimə yatan bu mehriban diyarda gözəl bir həftə keçirdikdən sonra “Qruzinski doroqa”(“Gürcüstan yolu”) deyilən çətin dağ yollarını aşıb Ukraynaya yola düşdük. Əzəmətli, vüqarlı dağların arasından keçdikcə həyat yoldaşım öz dərslərini mənə aram-aram keçir, hərbçi ailəsinin necə olması barədə düşüncələrini bölüşürdü. Yol boyu susur, onu səbirlə dinləyirdim. Bir növ onun xarakteri, hərbçi ideologiyası ilə tanış olmaq üçün fürsət qazanmışdım...
Paytaxt Kiyevdən sonra qalın meşələrin içindən keçərək SSRİ məkanında nümunəvi hesab olunan Desna hərbi şəhərciyinə daxil olduq. Yüksək səviyyədə qurulmuş bu şəhərcik mənim xatirələrimdə özünəməxsus yer tutur...
Axşam tərəfi mənzilə daxil olduq. İki otaqlı mənzilin bir otağı xaricdə olan hərbçiyə məxsus idi. Gecə yarısı qapı açıldı, ev sahibləri gəldilər... Ertəsi gün biz özümüzə bir otaqlı mənzil tapıb yüngülvari təmir etdik. Beləliklə, hərbçi həyatı — daim hərəkətdə olan, köçlərlə müşayiət edilən keşməkeşli günlərimiz başladı. Bu, sonralar 18 dəfə o məkandan bu məkana köç etdiyimiz hərbçi taleyinin ilk dar, keçilməz cığırları idi...
...Ukrayna mənə çox doğma gəldi. İnsanlarının isti münasibəti, qonaqpərvərliyi insanı duyğulandırırdı...
1982-ci ildə Bakıda indi Universitet adlanan Tibb İnstitunu müalicə-profilaktika fakültəsini mamalıq-ginekologiya ixtisası üzrə bitirmişdim... Odur ki, Kiyevdə bir illik internatura keçməli oldum. Desnadan 60 kilometr uzaqda, o zamanlar məşhur olan, son 4-5 ildə Rusiya təcavüzü nəticəsində dağıntılara məruz qalan və az qala hər gün yeni bombardıman təhlükəsi yaşayan Kreşatikdə...
Buradakı geniş küçələr, ucaboylu insanlar, əzəmətli, irigövdəli ağaclar insanı heyrətləndirirdi. Maksim Qorkinin təbirincə desək: “Mən şəhərlərdə çox parklar gördüm, amma park içində şəhər olan Kiyevi gördüm...”
...Ukrayna paytaxtının payızı əsrarəngiz olurdu. Ağacların aramla, sanki Yaradanın təyin etdiyi xüsusi bir ritmlə düşən iri yarpaqları sarı, qızılı, qırmızı rənglərə bürünərək yerdə sanki xalça kimi görünürdü...
Kiyevə gəldiyimizdən bir həftə sonra qonşular başıma yığışıb müxtəlif məsələləri soruşub dolğun cavablar alanda Mehman müəllim təəccübləndi:
— Sən hər şeyi mükəmməl bilirmişsən ki... Mənə heç nə demədin, susurdun...
Ömür-gün yoldaşıma belə cavab verdim:
— Hər iş əyani olaraq daha gözəldir...
...Hərdən oradakı bir otaqlı mənzilimizi, bütün çətinliklərimizə baxmayaraq, xoşbəxt günlərimizi xatırlayıram. Masamız, stullarımız, kitab rəfimiz onun öz əl işləri idi. Əlləri qızıl idi, nə istəsə, düzəldə bilirdi. Amma bir az yumorlu görünən xüsusiyyəti vardı: hər hansı bir işi bitirdikdən sonra on dəfələrlə məndən “çox sağ ol”- təşəkkür istərdi...
Pərdələr, stolüstü süfrələr, kitab rəfinin bəzəkləri mənim əl işlərim idi. Hətta əlavə xərc çəkməyək deyə, döşək üzlərini köhnə hərbi köynəklərdən maşın tikişi ilə özüm hazırlamışdım...
Yenicə bir hərbçi ilə ocağını, günlərini, aylarını bölüşməyə başlamış gəlinlərimizə on illərin belə təcrübəsini yaşamış bir ana nəsihəti kimi deyirəm: bizim borcumuz onların zəhmətinə qiymət verməkdir...
...Gecə birdən yuxudan oyanardı:
— Hərbi hissəyə gecə yoxlamasına getməliyəm...
Etiraz etsə də, mən də qalxar və birgə ğedərdik. Mən maşında oturar, o isə divardan aşıb hərbi hissəyə daxil olar, 30-40 dəqiqədən sonra geri qayıdar və sükan arxasına keçib deyərdi:
— Daha bir xoşagəlməz hadisənin qarşısını aldım...
Onun devizi belə idi:
“Cinayət baş verdikdən sonra nəticələrinin qarşısını almaqdansa, cinayətin baş verməsinin qarşısını almaq daha şərəflidir...”
...Həmin bir otaqlı mənzildə internaturanı bitirib işə başladım. İlk övladımız dünyaya gəldi, həyat yoldaşım isə Moskvadakı Lenin adına Hərbi-Siyasi Akademiyaya qəbul oldu...
...Yeni ili qarşılayanda hər kəs öz hazırladığı cürbəcür ləziz xörəklərlə masa arxasına əyləşərdi. Qonşularla birlikdə həmin məclisdə generallar, polkovniklər, podpolkovniklər də vardı, biz isə baş leytenant ailəsi idik. İlk dəfə belə toplaşanda hazırladığım aş-qaralı plovla birinci yeri mənə verdilər...
...Ukraynalıların xor ifaları məni valeh edirdi. Çox istəyirdim ki, bizdə də xor oxumaq ənənəsi yaransın. Axı xor birlik, həmrəylik və bir-birini duymaq, anlamaq rəmzidir...
...Ukraynadan ayrılacağımız gün Kiyevi son dəfə gəzdik. Sonra həyat yoldaşım məni qəbiristanlığa apardı. İlk həyat müəlliminin, ilk komandirinin məzarını ziyarət etdi, üzərinə gül qoydu. Sanki ondan xeyir-dua alırdı...
Onun bir gözəl xüsusiyyəti də vardı: harada ağsaqqal, yaşlı bir insan görsəydi, mütləq onunla söhbət edərdi. Deyərdi:
— Yenə nəsə öyrəndim...
...Beləcə, 1984-cü ilin sentyabrında qatarla Moskvaya — hərbi həyatımızın növbəti dayanacağına doğru yola düşdük...
(Davamı var)
Nərminə Səlimova