İranın ali dini liderinin hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi son açıqlamalarında TRIPP layihəsi ilə bağlı Ermənistanla hər hansı ilkin razılığın əldə olunmadığını bildirib. 


O, layihənin hazırkı formatının İranın təhlükəsizlik maraqları baxımından qəbuledilməz olduğunu qeyd edib, Cənubi Qafqazda ABŞ-nin mümkün rolunun Tehran üçün narahatlıq doğurduğunu vurğulayıb.






Bununla yanaşı, İranın Ermənistanla müzakirələri davam etdirdiyini deyən Səfəvi, layihənin təhlükəsizlik mexanizmlərində ABŞ hərbi iştirakının olması halında Tehranın buna cavab vermək hüququnu özündə saxladığını ifadə edib.


Maraqlıdır, Səfəvinin son açıqlamalarını nəzərə alsaq, İranın bu mövqeyini daha çox regiondakı geosiyasi proseslərə təsir göstərməyə hesablanmış siyasi mesaj kimi qiymətləndirmək olar, yoxsa Tehran bununla TRIPP layihəsinin təhlükəsizlik modeli ilə bağlı prinsipial "qırmızı xətlər"ini nümayiş etdirir?


Mövzu ilə bağlı Moderator.az-a Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu açıqlama verib. 


Deputat bildirib ki, əslində, Yəhya Rəhiminin Ermənistanın İranla TRIPP marşrutu ilə bağlı razılaşma əldə etmədiyini bildirməsi, dolayısı ilə belə bir razılaşmanın əldə olunduğunu və ya olunmaqda olduğunu etiraf etməsi kimi qiymətləndirilə bilər:



"Çünki burada əvvəllər olduğu kimi qətiyyətli və təhdidedici fikirlərdən daha çox, nisbətən müsbət çalarlı yanaşma müşahidə olunur. Səfəvi qeyd edir ki, əgər burada Amerika Birləşmiş Ştatlarının hərbi iştirakı olacaqsa, bu, İran üçün qəbuledilməzdir. Bildiyimiz kimi, TRIPP marşrutu iqtisadi və kommunikasiya layihəsidir.


Burada hər hansı hərbi iştirak nəzərdə tutulmur. Ermənistanın Baş naziri Nikol Paşinyan da dəfələrlə bildirib ki, təhlükəsizliklə bağlı hər hansı məsələ yaranacağı təqdirdə, bunu Ermənistan özü tənzimləyəcək. Çünki söhbət Ermənistan ərazisindən gedir.


Ona görə də mən düşünürəm ki, səsləndirilən bu fikirlər İranın əvvəllər elan etdiyi "qırmızı xətt" prinsipindən geri çəkilməsidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, İran, bunu qırmızı xətt hesab etsə belə, elan etdiyi prinsipi qorumağa gücünün çatmadığını anlayır.


Çünki bütün resurslarını Hörmüz boğazına cəmləyib və bu gün, əslində, var olmaq uğrunda mübarizə aparır. Belə olan halda, verilən açıqlama da mövcud vəziyyətin məntiqi ifadəsidir".


Pərvin Şakirqızı