İranda özünü "İranşəhri" ideologiyasına bağlı hesab edən bəzi fars millətçi qruplar Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində dənizin "Kaspi" və ya "Mazandaran" adlandırılması təklif edilir.
Bununla bağlı səslənən fikirlər regionda tarixi-coğrafi adların qorunması, tarixi irsin təqdimatı və bu məsələlərin siyasi müstəviyə daşınmasının mümkün nəticələri barədə müzakirələri yenidən aktuallaşdırıb.
Xüsusilə də İranın rəsmi sənədlərində "Xəzər dənizi" ifadəsinin işlədildiyi bir şəraitdə belə təşəbbüslərin hansı məqsədlərə xidmət etdiyi suallar doğurur.
Maraqlıdır, tarixi-coğrafi adların bu şəkildə mübahisələndirilməsi regionda tarixi həqiqətlərin təhrifinə və siyasi manipulyasiya cəhdlərinə zəmin yarada bilərmi?
Belə hallarda Azərbaycanın tarixi irsin qorunması və beynəlxalq səviyyədə qəbul olunmuş yanaşmaların müdafiəsi istiqamətində hansı addımları ön plana çıxarması vacibdir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı,Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının Platformasının baş katibi Azər
Allahverənov açıqlama verib.
Deputat qeyd edib ki, şübhəsiz ki, İranda bəzi millətçi qruplar zaman-zaman təkcə Xəzər dənizi ilə deyil, ümumilikdə toponim adlarla bağlı müxtəlif təşəbbüslərlə çıxış edirlər:
"Burada təkcə ideoloji mövqedən çıxış edilmir, eyni zamanda məsələnin siyasi müstəvidə qabardılmasına da xüsusi maraq göstərilir. Çünki yanaşmalar tamamilə fərqlidir və bəzi dairələr bölgədə özlərini hegemon dövlət kimi təqdim etmək məqsədilə məhz bu cür siyasi gedişlərdən istifadə etməyə çalışırlar.
Məsələn, İranın tarixinə nəzər salsaq, oxşar yanaşmanın Fars körfəzi məsələsində də müşahidə olunduğunu görərik. Vaxtilə bu körfəz bir çox xəritələrdə və mənbələrdə "Ərəb körfəzi" kimi qeyd edilirdi. Hətta yaxın dövrdə də bəzi xəritələrdə bu adla rastlaşmışdım.
Lakin sonradan İranın təşəbbüsü nəticəsində BMT səviyyəsində həmin su hövzəsi "Fars körfəzi" kimi qəbul olundu və bununla bağlı müəyyən siyasi konsensus formalaşdı. Nəticə etibarilə İranın bu istiqamətdə atdığı addımlar və məsələyə tarixi don geyindirilməsi həmin təşəbbüsün dəstəklənməsinə gətirib çıxardı.
Hazırda Xəzər dənizi ilə bağlı irəli sürülən təşəbbüsləri də bu kontekstdə qiymətləndirmək olar. Məsələn, İranın öz daxilində Xəzər dənizinin ölkəyə aid hissəsi bəzən "Mazandaran dənizi" kimi də adlandırılır. Hətta İranın kino sənətində və ədəbiyyatında da bu addan daha geniş istifadə olunduğunu görürük.
Belə təşəbbüslərin yenidən gündəmə gətirilməsi daha çox daxili auditoriyaya hesablanmış addım kimi qiymətləndirilə bilər. Çünki müəyyən dairələr retrospektiv yanaşma sərgiləyərək keçmiş ideoloji çərçivələrə qayıdışı məhz köhnə toponimlərin bərpası üzərindən əsaslandırmağa çalışırlar.
Lakin belə cəhdlər daxili auditoriyada necə qarşılanmasından asılı olmayaraq, regionda gedən proseslərə müsbət təsir göstərə bilməz. Əgər söhbət region ölkələri arasında etimaddan gedirsə, nəzərə almaq lazımdır ki, beynəlxalq sənədlərdə, o cümlədən ingilisdilli mənbələrdə bu su hövzəsi "Caspian Sea" – yəni Xəzər dənizi kimi qeyd olunur.
Beynəlxalq praktikada qəbul edilən prinsip də məhz budur. Ayrı-ayrı ölkələrin daxildə istifadə etdikləri xəritələrdə fərqli adlardan istifadə etmələri isə heç bir halda beynəlxalq müstəvidə həmin adın dəyişəcəyi anlamına gəlmir".
Millət vəkili vurğulayıb ki, belə mövzular hər zaman mübahisə doğuran məsələlər sırasındadır:
"Xüsusilə söhbət Xəzər dənizindən gedirsə, nəzərə almaq lazımdır ki, bu su hövzəsi beş dövlətin ortaq dəyəridir. Buna görə də bu istiqamətdə atılan istənilən addım çaşqınlıq və narazılıq yarada, eləcə də qonşular arasında etimad mühitinin zəifləməsinə səbəb ola bilər. Ona görə də zaman-zaman hansısa şəhərin və ya digər coğrafi obyektlərin adlarının dəyişdirilməsi ilə bağlı təşəbbüslərin irəli sürülməsi gözləniləndir.
Ancaq söhbət ortaq dənizdən gedirsə, bu artıq həm hüquqi, həm də siyasi baxımdan olduqca həssas məsələdir. Buna tarixi don geyindirməyə çalışsalar belə, sırf ideoloji baxışlardan çıxış etməklə belə bir yanaşma müsbət təəssürat yaratmayacaq.
Bununla belə, ideoloji alətlərdən istifadə etməyə çalışan dairələrin müxtəlif məsələlərdə də məhz bu mövqedən çıxış etdiyini görürük. Mən hesab edirəm ki, beynəlxalq praktikada qəbul olunmuş coğrafi adlar mövcuddur. Əgər hər hansı ad yalnız bir dövlətə aid deyilsə, ortaq coğrafi məkanın adıdırsa və onun dəyişdirilməsi təşəbbüsü irəli sürülürsə, bu zaman bütün tərəflərin maraqları nəzərə alınmalıdır.
Bu baxımdan, Xəzər dənizi ilə bağlı yalnız İrana məxsus adın dövriyyəyə buraxılması ən yaxşı halda İranın nəzarətində olan sahəyə münasibətdə istifadə oluna bilər. Bundan kənarda isə həm hüquqi, həm də siyasi çərçivələr belə yanaşmanın bütöv dənizə şamil edilməsini mümkünsüz edir.
Müxtəlif regionlarda iki və ya daha çox dövləti birləşdirən dəniz və göllərə diqqət yetirsək, görərik ki, yanaşmalar fərqli olsa da, beynəlxalq praktikada qəbul edilmiş coğrafi adlar mövcuddur. Həmin adların dəyişdirilməsi isə yalnız ümumi konsensus əsasında mümkündür.
Tarixin axarına buraxılmış, müxtəlif dövrlərdə istifadə edilmiş adlar kifayət qədər çoxdur. Lakin bu faktlardan istifadə edərək siyasi manipulyasiya aparmağa və ya hansısa ideoloji hegemonluğu böyük bir bölgəyə sirayət etdirməyə çalışan dövlətlər çox deyil.
Tarixi zərurət nəticəsində müəyyən adların gündəmə gətirilməsi başa düşüləndir. Ancaq söhbət Xəzər dənizindən gedirsə, tarixi xəritələrə nəzər saldıqda da görürük ki, əsasən bu gün beynəlxalq praktikada qəbul olunmuş "Caspian Sea" adı istifadə edilib. Bu adın formalaşması da Xəzər ətrafında yaşamış kaspi tayfaları ilə bağlı tarixi proseslərin nəticəsidir və artıq beynəlxalq sənədlərdə qəbul olunmuş coğrafi ad kimi təsbit edilib.
Bu məsələnin yenidən gündəmə gətirilməsi, məncə, doğru yanaşma deyil. Ən azı sadalanan səbəblər baxımından belə təşəbbüslər qonşu dövlətləri siyasi müstəvidə narahat edə və regionda etimad mühitinə mənfi təsir göstərə bilər. Ümid etmək olar ki, bu cür təşəbbüslər elə təşəbbüs olaraq da qalacaq və geniş siyasi prosesə çevrilməyəcək. Çünki belə cəhdlərin geniş vüsət alması regionda xoşagəlməz siyasi atmosferin formalaşmasına və dövlətlər arasında etimadın zəifləməsinə səbəb ola bilər".
Pərvin Şakirqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.