"Hər kəs ehtiraslardan -nəfsindən çəkinərsə, ən yüksək məqama çatar..."- Hədis-Qüdsi 

 






Moderator.az tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın "İnsanı axmaq, nadan edən nədir?" başlıqlı növbəti dini-fəlsəfi yazısının tərcüməsini təqdim edir:


Rəhman və Rəhmli Allahın adı ilə! 




Albert Eynşteyn bir dəfə deyib: "Yalnız iki sonsuz şey var: kainat və axmaqlıq. Baxmayaraq ki, kainat haqqında tam əmin deyiləm"...
 
 Bəziləri üçün axmaqlıq ömürlük yoldaş, digərləri üçün isə zaman-zaman rastlaşdığı bir dostdur. Bəs niyə heç birimiz bu qarşılaşmalardan qaça bilmirik? Niyə hətta ən bilikli insanlar bəzən tamamilə rasional, məqsədyönlü və ya ehtiyatlı olmayan hərəkətlər edirlər?..
 
Təəssüf ki, axmaqlıqdan təhsil, bilik əldə etmək cəhdləri və ya hətta biliklə "qorunmaq" mümkün deyil. Çünki hər birimizin daxilində rasional arqumentlərə yad olan və sağlam düşüncə ilə ziddiyyət təşkil edən bir qüvvə var: ehtiraslar, nəfsimiz... 
 
Ehtiraslar instinktlərlə qarışdırılmamalıdır. İnstinktlər insanın fizioloji ehtiyaclarına kök salmış təbii hərəkətverici qüvvələrdir, insan ehtirasları isə onların xarakterinə əsaslanır...
 
E. Fromm rasional ehtirasları (sevgi, canlılara qayğıkeş münasibət) və irrasional ehtirasları, məsələn, tamahkarlıq, lovğalıq, qürur, paxıllıq, qısqanclıq və digərlərini fərqləndirir. Rasional ehtiraslar həyati əhəmiyyətlidir; onlar sevinc hissini artırır, özünü təsdiqləməyə kömək edir və həyata məna verir. Əksinə, irrasional ehtiraslar insanın həyat fəaliyyətinə mane olur, gücünü sarsıdır və ikiləşməyə, ikiüzlülüyə və həyatının mənasını itirməsinə səbəb olur... 
 
Əgər bir insan ehtiraslarını daha böyük xeyir üçün səfərbər etməyə müvəffəq olarsa, daha böyük inteqrasiya və bütövlüyə nail olar. Frommun dediyi kimi, o vaxta qədər onları cilovlamaq və ram etmək olar, amma sağaltmaq mümkün deyil...
 
İnsanlar onlar üçün ilk növbədə emosional əhəmiyyət kəsb edən şeyləri görür və onlara əhəmiyyət verirlər...
 
Bir gün bir amerikalı hindli və dostu Manhettendə gəzirdilər. Nahar vaxtı yaxınlaşırdı və küçələr insanlarla dolu idi. Maşınlar siqnal verir, taksilər kəsişmələrdə qışqırır, sirenlər fəryad edirdi - şəhərin səsləri, demək olar ki, insanı kar edirdi... 
 
Birdən hindli dedi: "Mən cırcırama səsi eşidirəm". Dostu cavab verdi: "Nə? Bütün bu səs-küydə cırcırama səsini necə eşitdin?" "Xeyr, əminəm", - deyə o, etiraz etdi. "Mən cırcırama səsi eşitdim." 
 
Hindli bir an diqqətlə qulaq asdı. Sonra küçəni keçib içərisində bir neçə kol bitən böyük bir sement çanağa çatdı. Budaqların altındakı kolların içinə baxdı və kiçik bir cırcırama gördü... 
 
Nyu-Yorklu dostu təəccübləndi. "Bu inanılmazdır", dedi. "Sənin fövqəlbəşəri eşitmən olmalıdır!" 
 
"Xeyr", -hindli cavab verdi, -"mənim qulaqlarım səninkindən yaxşı deyil. Hər şey qəlbin eşitməsindən asılıdır." Sonra əlini cibinə saldı, bir neçə sikkə çıxardı və onları səkiyə atdı... 
 
Və onda, izdihamlı küçənin səs-küyünə baxmayaraq, iyirmi metrlik məsafədəki hər kəs səkidə cingildəyən pulun onun olub-olmadığını görmək üçün dönüb səsi eşitdiyi istiqamətə baxdı... 
 
"Bax, gördün, mən nə demək istəyirəm?",-deyə hindli soruşdu,- "Hər şey sənin üçün nəyin vacib olmasından asılıdır... O zaman həmin şeyi dərhal duyursan, ən zəif səsini belə, eşidirsən..."
 
"Müdrik yaşamaq üçün çox şey bilmək lazımdır",- bir fars şairi belə deyib. Müdrik yaşamaq üçün cırcıramanın mahnısını, sikkələrin cingiltisini və bir şey istəyənin səsini eşitmək lazımdır. Lakin insanlar əsasən yalnız onlar üçün emosional əhəmiyyət kəsb edən şeyləri görür və eşidirlər. Ancaq onlar uzunmüddətli perspektivdə özləri üçün vacib olanı gözardı edirlər...
 
İnsan ehtiraslara uymaqla daha vacib, rifahı və inkişafı üçün vacib olan bir şeyi görməzdən gəlir. Belə məhdud bir vizyon üzündən bizlər səhv, məhdudlaşdırıcı qərarlar veririk; başqa sözlə, bu cür korluq üzündən axmaq hərəkətlər edirik...
 
Ərəb dilində "ehtiras" sözü "hauran" kimi tərcümə olunur və "sevgi", "şıltaqlıq", "aşiqlik" və "ehtiras" mənasını verir. Uca Allah ehtiraslara uymağı pisləyir və onların insan xoşbəxtliyinə mənfi təsirləri barədə xəbərdarlıq edir:

"(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona nail olmalıdır!)" ( Qurani-Kərim, "Furqan" surəsi, ayə 43).
 
"Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?" (Casiyə, ayə 23).
 
"Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!"(Qəsəs, ayə 50).
 
Beləliklə, əgər bir insan öz nəfslərinə ibadət etməyə başlasa, bilikləri onu xilas etməyəcək; əksinə, bu, çox güman ki, ona yalnız zərər verəcəkdir. Çünki ürəklərini nəfsə tabe edərək, hətta bilik və dindən də istifadə edərək, istəklərinə uyğun olanı vurğulayacaq və onlara zidd olanı görməzdən gələcəklər...
 
Odur ki, özünü axmaqlıqdan xilas etmək üçün öz biliyinə belə, etibar etmək olmaz. Bunun üçün insan yalnız qəlbə aydın bir anlayış verəcək və ona haqqı həqiqət, batili isə batil kimi göstərəcək Allaha etibar etməlidir...
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın