“Çinin iştirak etmədiyi böyük müharibədə Şimali Koreyanın birbaşa yer alacağını düşünmürəm...”
 




“Məqsəd, həmçinin Moskvanın yaxın və uzaq düşmənlərini III Dünya savaşı ilə təhdid etmək və onlardan nəsə qoparmaqdır..."
 
“Rusiya müharibə sahəsini böyütmək istəyirsə, özü kimi təcavüzkar dövlətlər tapmalı və onların da imkanlarından istifadə etməlidir. Əks halda yalnız başına...”
 
“Trampın son zamanlar Şimali Koreya prezidenti Kim Çen İnə zeytun budağı uzatması da, məncə, təsadüfi deyil. Məqsəd onun Rusiyanın təsir dairəsinə düşməməsini təmin etmək ola bilər...”
 
Rusiyanın Ukraynaya genişmiqyaslı və amansız təcavüzü ilə başlanmış və 5 ilə yaxındır ki, davam edən savaşın yeni ölkələrin və resursların daha geniş şəkildə cəlb olunduğu qlobal qarşıdurmaya çevrilmə təhlükəsi varmı? Lavrovun Rusiyanın Şimali Koreya ilə “yeni və ədalətli dünya nizamı” quracaqlarından danışmasını bu istiqamətdə çağırışlardan biri hesab etmək olarmı?..
 
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, indiki şəraitdə Rusiyanın müharibə sahəsinin genişləndirilməsində o qədər də maraqlı olduğuna inanmır: 
 
“Rusiya, sözsüz ki, digər qonşu ölkələri təhdid edir və edəcək. Amma bu təhdidlərin ritorikadan reallığa çevrilmə ehtimalı çox azdır. Əks halda, Rusiya öz düşmənlərini aktiv hala gətirə bilər və onsuz da sıxışdığı müharibə meydanında daha çətin vəziyyətə düşər”.
 
Heydər Oğuzun fikrincə, Ukrayna ilə müharibə Rusiyanın təkcə hərbi imicinə və müdafiə imkanlarına zərbə vurmur, eyni zamanda onu iqtisadi cəhətdən də zəiflədir: 
 
“Təsadüfi deyil ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi may ayında 2026-cı il üçün ÜDM-nin artım proqnozunu üç dəfə (1,3%-dən 0,4%-ə qədər) endirdi. İyul ayında Mərkəzi Bank 0-1% artım gözləyir. Bu isə o deməkdir ki, Rusiya iqtisadiyyatının böyümə perspektivi yox səviyyəsindədir. Düzdür, Rusiyanın Dövlət Statistika İdarəsi bu ilin ikinci rübü üçün göstəriciləri 1-cü rüblə müqayisədə daha müsbət dəyərləndirmişdi – hardasa 0.6%. Amma bir çox iqtisadçılar bu rəqəmlərə inanmır, statistik rəqəmlərin saxtalaşdırılması ehtimalından danışırlar. Hətta göstəricilərin saxtalaşdırılmadığına inananlar da bunun müvəqqəti hal olduğuna diqqət çəkirlər. Onların fikrincə, 2-cü rübdə göstəricilərin daha yüksək olmasının ilk səbəbi iş günü fərqi ilə əlaqədardır. 2025-ci ilin eyni dövründə 59 iş günü olduğu halda, bu ilin ikinci rübündə 62 iş günü qeydə alınıb. Nəticədə 5 faiz daha çox işləyən Rusiya iqtisadiyyatının 0.6% nəticə göstərməsi uğur sayıla bilməz. Üstəlik, Ukraynanın rus enerji müəssisələrinə və Rusiyanın ticarət obyektlərinə xüsusilə iri onlayn pərakəndə satış və market şəbəkəsi olan “Wildberries” anbarlarına endirdiyi zərbələrin statistikada inikası ilin 3-cü rübü hesabatlarında ortaya çıxacaq. Böyük ehtimalla, ilin son 3 rübündə iqtisadi artımın azaldığını müşahidə edəcəyik... 
 
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putinin özü də bu il iqtisadi inkişafdan mənfi tonda danışır. O, bir neçə gün əvvəl Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasındakı çıxışında 2026-cı ildə iqtisadi inkişafın “təvazökar, amma müsbət” dinamikaya sahib olduğunu bildirmişdi. Putinin fikrincə, Rusiyanın 2026-cı ildəki iqtisadi artımı 1% civarında olacaq. Rəsmi iqtisadi statistikalar isə indidən 0.3-0.6%-dən bəhs edir və Putinin xeyli nikbin proqnoz verdiyini göstərir. 
 
Artıq iş o yerə çatıb ki, Rusiyanın ən ciddi iqtisadçıları belə, bütün təzyiqlərə, repressiyalara baxmayaraq, öz əndişələrini və iradlarını dilə gətirməkdən çəkinmirlər. Bir neçə gün öncə İqtisadi İnkişaf nazirinin müavini Andrey Klepaç rəsmi toplantılardan birində çıxış edərək Rusiya iqtisadiyyatını gözləyən təhlükədən danışdığına görə işdən qovuldu. Halbuki, o, Rusiya dövlətinin əleyhinə hər hansı bir fikir bildirməmiş, sadəcə, “iqtisadi yavaşlamanın günahının yarısının ultra-sərt pul siyasətinin nəticəsi olduğunu və bunun da investisiyaların azalmasına yol açdığını subsidiyalı kreditlərin zəifləməsi ilə yanaşı, bütün istehlakçı tələbatının da aşağı düşdüyünü bildirmişdi. Onu da qeyd etmişdi ki, bu yanlış siyasətlərin sayəsində bütün avtomobil və yol avadanlıqları bazarı Çinin əlinə keçib. Bu tənqidi yanaşma Andrey Klepaçın öz işini itirməsi ilə nəticələndi. Fikrimcə, Rusiyada kiçik bir tənqidə aqressiv münasibət iqtisadiyyatın həssas durumda olduğunu, vətəndaşların bu kimi məlumatlardan uzaq tutulmağa çalışıldığının ən bariz nümunəsidir. Sözsüz ki, bu cür həssas iqtisadi vəziyyətlə qarşı-qarşıya qalan Rusiyanın eskalasiyanı genişləndirməsi inandırısı deyil...”
 
Siyasi şərhçi onu da əlavə edib ki, “deeskalasiya xətrinə eskalasiya” siyasəti 1990-cı illərin sonu-2000-ci illərin əvvəlində Rus hərbi diktrinasının başlıca tezisi olmuşdu: 
 
“Bu tezisə görə, Rusiya həyati təhlükəyə məruz qalarsa, özünün nüvə potensialından istifadə edə bilər. İdeyanın müəllifi Nikolay Sokov 80-90-cı illərin əvvəllərində Sovet-Amerika silahlara nəzarət danışıqlarının iştirakçısı idi və o, 2020-ci ildə Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibədə bu tezisi irəli sürdüyünə görə peşman olduğunu bildirmişdi. Açıq etiraf etməsə də, Sokovun bu peşmançılığının əsas səbəbi hədə-qorxusunun artıq işə yaramadığından qaynaqlanırdı. Çünki Rusiya diplomatiyasının “deeslakasiya xətrinə eskalasiya” siyasətlərinin boş bir təhdid olduğu hələ 2020-ci ildə bəlli idi. 2008-ci ildə Qərb dövlətlərinin Gürcüstanda, 2014-cü ildə isə Ukraynada anti-Rusiya qüvvələrini dəstəkləməsi onların Moskvanın göz yaşına inanmadıqlarını ortaya qoyurdu. Bununla belə, Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya geniş miqyaslı hücum edərək şansını son dəfə sınamağa qərar verdi. Müharibənin ilk illərində hətta Ukrayna və Qərb dövlətlərini nüvə hücumları ilə də təhdid etdi. Amma bütün bu təhdidləri işə yaramadı. Sonunda Putin və ətrafı da “deeslakasiya xətrinə eskalasiya” nəzəriyyəsinin dişi tökülmüş aslan obrazı olduğunu anladı, artıq neçə ildir, bu təhdidi dilə gətirmirlər”.
 
Heydər Oğuzun fikrincə, Rusiya üçün indiki anda hansısa ölkəyə təkbaşına hücum etmək real “deeslokasiya xətrinə eskalasiya” siyasəti sayıla bilməz: 
 
“Rusiya müharibə sahəsini böyütmək istəyirsə, özü kimi təcavüzkar dövlətlər tapmalı və onların da imkanlarından istifadə etməlidir. Əks halda yalnız başına gah sağa, gah sola saldırmaq müharibənin sahəsini böyütmür. Sadəcə Rusiyanın düşmənlərini artırır. Görünür, Kremldə də bəzi dairələr bunu anlayıblar. Bəlkə də bu səbəbdən Azərbaycana qarşı təhdid və hədyanlar yağdıran Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev “öz xoşuyla” istefa vermək məcburiyyətində qaldı. 
 
Açığı, Rusiyanın Xarici işlər naziri Lavrovun Şimali Koreya ilə “yeni və ədalətli dünya nizamı” quracaqlarından dəm vurması da yeni məzmunlu “deeslokasiyaya qarşı eskolosiya” siyasətinin tələblərindən irəli gəlir. Məqsəd Rusiyanın şərq sərhədlərində günü-gündən böyüyən Yaponiya təhlükəsinə qarşı Şimali Koreya və Çini səfərbər etmək, həmçinin yaxın və uzaq düşmənlərini III Dünya savaşı ilə təhdid etmək və onlardan nəsə qoparmaqdır. Hətta bu məqsədlə Putin Xirosimaya atom bombası atılmasının ildönümündə - 6 avqustda Kuril adalarına getmiş və oradan II Dünya savaşının ən ağır nəticəsi sayılan məlum hadisəni bəşəriyyətə xatırlatmaq ehtiyacı hiss etmişdi. Bununla da Rusiyanın yeri gələndə nüvə savaşlarına hazır olduğuna eyham vurmuşdu. Bununla belə, Putinin perspektiv müttəfiq kimi baxdığı Çini və Şimali Koreyanı “deeskalasiya xətrinə eskalasiya” taktika və ya strategiyasına inandıracağını zənn etmirəm. Xüsusilə Çin iqtisadi cəhətdən ABŞ-ı sıxışdırıb dünya hegemonluğu kürsüsündən aşağı salmağın daha ağıllı plan olduğuna inanır və bu istiqamətdə də işini davam etdirir. Pekin gözəl anlayır ki, indiki şəraitdə Yaponiya, Filippinlər, Cənubi Koreya və s. kimi ölkələrlə münasibətləri korlamaq ABŞ-ın əlini gücləndirir. Pekin daha təmkinli siyasətlərlə onu gözləyən təhlükəni özündən uzaqlaşdırmaq və ya eskalasiyanın zamanını uzatmağa çalışır. Çinin iştirak etmədiyi böyük müharibədə Şimali Koreyanın birbaşa yer alacağını isə düşünmürəm. Yeri gəlmişkən, ABŞ prezidenti Donald Trampın son zamanlar Şimali Koreya prezidenti Kim Çen İnə zeytun budağı uzatması da, məncə, təsadüfi deyil. Məqsəd onun Rusiyanın təsir dairəsinə düşməməsini təmin etmək ola bilər...”
 
Təqdim etdi:
Sultan Laçın