Qonşu mənzildə aparılan təmir işləri bəzən yalnız səs-küy və narahatlıqla məhdudlaşmır. Divarların sökülməsi, konstruksiyalara və mühəndis-kommunikasiya sistemlərinə müdaxilə kimi işlər nəticəsində digər mənzillərdə çatların yaranması, su sızması və əmlaka müxtəlif zərərlərin dəyməsi mümkündür. Belə hallarda məsələ artıq sadəcə qonşular arasında narazılıq deyil, vurulmuş zərərin müəyyənləşdirilməsi və hüquqi məsuliyyətin yaranması məsələsinə çevrilir.


Moderator.az-ın Pərvin Şakir qızı ilə “Hüququnu bil” rubrikasında bu dəfə qonşu mənzildə aparılan təmir və ya yenidənqurma işlərinin digər mənzilə vurduğu zərərdən və belə vəziyyətdə vətəndaşın hüquqlarını necə qoruya biləcəyindən danışırıq.








Yaranmış sualları hüquqşünas, mediator, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Hüseynov cavablandırıb. 



Moderator.az həmin müsahibəni təqdim edir:


– Qonşu mənzildə aparılan təmir və ya yenidənqurma işləri nəticəsində digər mənzilə zərər dəydikdə, hüquqi məsuliyyət hansı meyarlar əsasında müəyyən edilir? Zərərin məhz aparılan təmir işləri ilə səbəbli əlaqəsini təsdiqləmək üçün hansı sübutlara ehtiyac var?


– Qonşu mənzildə aparılan təmir və ya yenidənqurma işləri nəticəsində digər mənzilə ziyan dəydiyi halda, ilk növbədə ziyanın faktı, onun həcmi, yaranma səbəbi və təmir işləri ilə zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsində real zərərə əmlakın zədələnməsi və hüququn bərpası üçün çəkilmiş və ya çəkilməli olan xərclər də aid edilir.


Bundan əlavə, Mülki Məcəllənin 1096 və 1097-ci maddələri zərərvurma nəticəsində yaranan öhdəlikləri və zərərin əvəzinin ödənilməsi məsələsini tənzimləyir. Bu baxımdan, məsələn, qonşu mənzildə divarın sökülməsi, su-kanalizasiya sisteminə müdaxilə, daşıyıcı konstruksiyalara təsir, döşəmə və ya tavan konstruksiyalarında dəyişiklik kimi işlər nəticəsində digər mənzildə çatlar, su sızması, divarların və tavanın zədələnməsi yaranıbsa, işləri həyata keçirən şəxsin və konkret haldan asılı olaraq mənzil sahibinin məsuliyyəti məsələsi araşdırıla bilər.


Burada avtomatik olaraq “mənzil sahibi məsuliyyət daşıyır” və ya “usta məsuliyyət daşıyır” demək düzgün olmaz. Məsuliyyət kimin hansı hərəkəti nəticəsində zərərin yarandığının müəyyən edilməsindən asılıdır.


Belə mübahisələrdə əsas sübutlardan biri məhkəmə tikinti-texniki ekspertizasıdır.


Ekspert qarşısında, məsələn, aşağıdakı suallar qoyula bilər:


Mənzildə mövcud zədələnmələrin yaranmasına səbəb olan amillər hansılardır?

Aşkar edilmiş zədələnmələr qonşu mənzildə aparılmış təmir və ya yenidənqurma işləri ilə səbəbli əlaqədədirmi?

Qonşu mənzildə aparılmış təmir və ya yenidənqurma işləri qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğundurmu?

Aparılmış işlər zamanı binanın daşıyıcı konstruksiyalarına və ya digər mühəndis-kommunikasiya sistemlərinə hər hansı müdaxilə edilibmi?

Müəyyən edilmiş zədələnmələrin aradan qaldırılması üçün hansı bərpa və təmir işlərinin aparılması zəruridir?

Zərərin tam aradan qaldırılması üçün tələb olunan bərpa işlərinin təxmini dəyəri nə qədərdir?


Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması üçün məhkəmə ekspertiza təyin edə bilər. Tərəflər ekspert qarşısında qoyulacaq sualları təqdim etmək hüququna da malikdirlər.


Ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya qanunvericiliyə uyğun olaraq özəl məhkəmə ekspertləri tərəfindən də həyata keçirilə bilər. Praktiki baxımdan zərərçəkən şəxs məhkəməyə müraciət etməzdən əvvəl də müstəqil mütəxəssis rəyi, foto-video materiallar, smeta və digər sübutlar toplamağa çalışmalıdır. Lakin məhkəmə ekspertizasının prosessual sübut kimi əhəmiyyəti ayrıca qiymətləndirilir.


– Tutaq ki, sakin mənzilinə zərər dəydiyini düşünür. O, məsələni hüquqi müstəvidə həll etmək üçün ilk olaraq hansı addımları atmalı, zərəri necə sənədləşdirməli və təmir işlərinin qanuniliyinin yoxlanılması üçün hansı qurumlara müraciət etməlidir?


– Burada iki məsələni bir-birindən ayırmaq lazımdır.


Birincisi – ziyanın ödənilməsi. Bu, əsasən mülki-hüquqi mübahisədir və zərərçəkən şəxs zərərvuran şəxsə qarşı tələb irəli sürə bilər.

İkincisi – təmir və yenidənqurma işlərinin qanuniliyinin yoxlanılması. Əgər təmir zamanı tikinti norma və qaydalarının pozulduğu, icazəsiz yenidənqurma aparıldığı və ya təhlükəsizlik tələblərinin pozulduğu ehtimal edilirsə, şəhərsalma və tikinti sahəsində səlahiyyətli dövlət orqanlarına müraciət edilə bilər.


Hazırda şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti üzrə əsas qurumlardan biri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitənin məlumatına görə, Bakı şəhərində tikinti obyektləri ilə bağlı müvafiq müraciətlər Komitəyə, digər şəhər və rayonlarda isə aidiyyəti yerli icra orqanlarına yönəldilir.


Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə əsasən, tikintiyə dövlət nəzarəti zamanı tikintinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin və layihənin tələblərinə uyğunluğu, tikinti təhlükəsizliyi və digər məsələlər yoxlanıla bilər.

Məhkəməyə qədər zərərçəkən şəxs üçün ən düzgün addımlardan biri zərərin dərhal sənədləşdirilməsi, foto-video çəkilişlərin aparılması, mütəxəssis rəyinin alınması, qarşı tərəfə yazılı tələb göndərilməsi və zərurət olduqda aidiyyəti dövlət orqanına müraciət edilməsidir.


– Zərərçəkən tərəf qonşu ilə razılığa gələ bilmədikdə, mübahisənin məhkəməyə qədər həlli üçün hansı imkanlar mövcuddur? Digər tərəfdən, təmir və ya yenidənqurma zamanı tikinti norma və qaydalarının pozulduğu müəyyən edilərsə, zərərvuran şəxsi hansı hüquqi məsuliyyət gözləyə bilər?


– Bəli. Belə mübahisələrdə danışıqlar, yazılı razılaşma və mediasiya tətbiq oluna bilər.


“Mediasiya haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən mediasiya mülki işlər və iqtisadi mübahisələr üzrə tətbiq edilə bilər. Ailə və əmək mübahisələrindən fərqli olaraq, sırf qonşular arasında yaranmış belə mülki zərər mübahisəsində ilkin mediasiya sessiyası ümumi qaydada məcburi deyil, lakin tərəflər könüllü şəkildə mediasiyaya müraciət edə bilərlər.


Mediasiyanın üstünlüyü ondan ibarətdir ki, tərəflər məhkəmə qərarını gözləmədən:

ziyanın məbləğini müəyyən edə;

təmir xərclərinin ödənilməsi barədə razılaşa;

təmir işlərini kimin və hansı müddətdə həyata keçirəcəyini müəyyən edə;

gələcəkdə oxşar halların qarşısının alınması barədə şərtlər müəyyənləşdirə bilərlər.

Xüsusilə qonşuluq münasibətlərinin gələcəkdə də davam edəcəyini nəzərə alsaq, mediasiya belə mübahisələr üçün praktik və effektiv mexanizmlərdən biri hesab oluna bilər.


Əgər ekspertiza və ya səlahiyyətli dövlət orqanının yoxlaması nəticəsində təmir və ya yenidənqurma işlərinin tikinti norma və qaydalarının pozulması ilə aparıldığı müəyyən edilərsə, məsələ yalnız ziyanın ödənilməsi ilə məhdudlaşmaya bilər.


İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, o cümlədən mühəndis-axtarış və tikinti-quraşdırma işləri zamanı tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutur. Konkret pozuntudan asılı olaraq fiziki, vəzifəli və hüquqi şəxslər barəsində inzibati cərimələr tətbiq edilə bilər.


Bundan başqa, Mənzil Məcəlləsinin 27-ci maddəsi yaşayış sahəsinin özbaşına yenidən qurulması və yenidən planlaşdırılmasının nəticələrini tənzimləyir. Əgər belə dəyişikliklər digər şəxslərin hüquq və qanuni mənafelərini pozursa və ya onların həyat və sağlamlığı üçün təhlükə yaradırsa, işi həyata keçirən şəxs qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət daşıyır.


Belə hallarda mülki məsuliyyətlə inzibati məsuliyyətin eyni vaxtda mövcud olması da mümkündür. Yəni şəxs həm tikinti qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət daşıya, həm də qonşuya vurduğu maddi zərəri ödəməli ola bilər.

Son olaraq, “kim günahkardır?” sualına emosional cavab vermək deyil, zərərin səbəbini və təmir işləri ilə səbəbli əlaqəsini texniki və hüquqi sübutlarla müəyyən etmək lazımdır.


Ona görə də zərərçəkən şəxs:

Zərəri dərhal foto və video ilə sənədləşdirməli;

Təmir işlərinin xarakterini və aparılma tarixlərini müəyyən etməli;

Mütəxəssis/ekspert rəyini əldə etməli;

Qarşı tərəfə yazılı tələb göndərməli;

Zərurət olduqda şəhərsalma və tikinti sahəsində səlahiyyətli orqana müraciət etməli;

Məhkəmədən əvvəl mediasiya və ya danışıqlar yolu ilə həll imkanını nəzərdən keçirməli;

Razılıq əldə olunmadıqda isə vurulmuş zərərin ödənilməsi və digər hüquqi tələblərlə məhkəməyə müraciət etməlidir.

Təmir etmək hər kəsin hüququdur, lakin bu hüququ həyata keçirərkən qonşunun mülkiyyətinə və qanuni mənafelərinə zərər vurmaq hüququ verilmir.


Pərvin Şakirqızı

Moderator.az / Redaktor