Hər bir dövlətin məqsədi öz vətəndaşlarının sosial rifahını yüksəltmək, onların sülh və tərəqqi içərisində həqiqi xoşbəxtliyinə nail olmaqdır. Hətta tarixin müxtəlif dönəmlərində işğalçı müharibələr aparan, imperialist ambisiyalar ortaya qoyan, soyqırımlar törədən dövlətlərdə belə son məqsəd öz xalqlarının maddi zənginliyini, fiziki ağalığını, mənəvi üstünlüyünü təmin etmək olub. Lakin nə qədər qəribə olsa da dünyada öz xalqının qan və göz yaşından zövq alan, onun bədbəxtliyindən ilhamlanan dövlət də mövcudur. Bu dövlətin adı Rusiyadır!
 




Öz vətəndaşlarının bədbəxtliyindən ilham alan dövlət!
 
İlk baxışdan inanılmaz görünsə də, Rusiya dövləti hər zaman bütün digər xalqlarla yanaşı, həm də öz xalqı üçün ən ciddi təhlükə mənbəyi olub. Fasiləsiz müharibələr, davamlı düşmən axtarışı, “Pirr qələbəsi” hesabına olsa da hərbi nailiyyətləri təmin etmək, bütün xalqı və ölkə iqtisadiyyatını heç vaxt bitməyən müharibələrə səfərbər etmək Rusiya dövlətinin spesifik xüsusiyyətlərindəndir. Məhz bu siyasətin nəticəsidir ki, dünyanın təbii resurs ehtiyatına görə ən zəngin ölkəsi olan Rusiyada insanların böyük əksəriyyəti ağır ehtiyac içərisində yaşamaqda, yoxsulluq, səfalət və kütləvi hüquqsuzluqdan əziyyət çəkməkdədir.
 
4 ildən çoxdur ki, Ukraynada işğalçı müharibə aparan Rusiya hakimiyyəti, öz xalqına ordunu insan resursu ilə təmin edən mənbə kimi baxmaqda, onu öz siyasi hikkə və ambisiyasına qurban etməkdədir. Ötən əsrin 90-cı illərindən etibarən əhalinin təbii şəkildə azaldığı, demoqrafik böhranın yaşandığı Rusiyada bu gün xalqın öz hakimiyyəti tərəfindən işğalçılıq müharibəsinə qurban edilməsi prosesi yaşanır. Bu isə Rusiya xalqının genefonduna ölümcül zərbədir. Ancaq nə cəbhədə 100 minlərlə rus gəncinin ölümü, nə ölkəsinin beynəlxalq arenada yerlə bir olan nüfuzu, nə də rus xalqının acınacaqlı sosial durumu Rusiya hakimiyyətini zərrə qədər də olsun narahat etmiş deyil. Əksinə, rəsmi Moskva sanki öz vətəndaşlarının bədbəxtliyindən ilham almaqda, onun faciələrinə qeyri-adi biganəliklə tamaşa etməkdədir. Və yalnız müasir Rusiyanın deyil, çar, bolşevik və sovet Rusiyası tarixinin təhlili sübut edir ki, bu ölkədə sülh və xoşbəxtlik bütün zamanlarda heç vaxt bağışlanılmayan mənəvi cinayətlər hesab olunub.

İşğalı anti-terror əməliyyatı ilə “səhv salan” ölkə: Onu bağışlamaq olarmı?
 
Öz xalqına divan tutan Rusiya hakimiyyətinin digər ölkə və xalqlar üçün də ciddi təhlükə mənbəyi olduğu kimsəyə sirr deyil. Bu təhlükənin nə qədər ölümcül olduğunu anlamaq üçün bir neçə əsrlik keçmişə nəzər salmaq, yaxud 4 ildən çoxdur ki, Ukraynada davam edən müharibəyə diqqət etmək kifayətdir.
 
Təxminən 4 il bundan öncə Ukrayna torpaqlarının işğal və ilhaqına başlayan Rusiya, dünya dövlətlərinin təzyiqlərinə, ukraynalıların qəhrəmancasına müqavimətinə rəğmən Ukrayna xalqına torpaqlarını zəbt etməkdədir. Ən dəhşətlisi isə odur ki, Rusiya bütün dünyanın birmənalı şəkildə işağlçılıq müharibəsi adlandırdığı bu savaşı anti-terror əməliyyatı kimi xarakterizə edir. Halbuki, anti-terror əməliyyatı bir qrup separatçı və ya silahlı birləşməyə qarşı aparılan əməliyyat deməkdir. Necə ki, 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycan dövləti lokal anti-terror əməliyyatı keçirməklə erməni terrorçularını darmadağın etdi. Lakin Rusiya Ukraynanın timsalında bütöv bir xalqın soyqırımını həyata keçirir ki, Kremlin bunu anti-terror əməliyyatı kimi izah etməsi siyasi-mənəvi əxlaqsızlıq deməkdir. Və bu əxlaqsız yanaşmanın özü sübut edir ki, Rusiyanı bağışlamaq, onun bəd əməllərinə göz yummaq, bu əməlləri cəzasız qoymaq olmaz.

Putin rejimi Ukraynada mülki insanlara necə divan tutur?
 
Bir neçə ildir ki, Ukrayna ərazisində qələbə axtarışına çıxan və uğursuzluqdan başqa heç nə əldə edə bilməyən Putin rejimi arzusunda olduğu zəfəri qazanmaq, Ukrayna ordusunu sosial bazadan məhrum etmək, Ukrayna cəmiyyətində xof və ruh düşgünlüyü yaratmaq üçün mülki insanlara qarşı əsl qırğın həyata keçirməkdədir. Rusiya ordusu tərəfindən hərbi obyektlərlə yanaşı, mülki infrastrukturların, nəqliyyat qovşaqlarının, enerji qayanqlarının, bina və ticarət mərkəzlərinin, xəstəxana və ictimai iaşə müəssisələrinin vurulması Putin rejiminin mülki insanlara qarşı açdığı savaşdan xəbər verir.
 
Bundan başqa, Ukraynada silahsız insanları – uşaq, qadın və qocaları hədəf seçən Rusiyanın bu addımı Putin rejiminin qələbəyə olan ümidsizliyindən, məğlubiyyətlərin doğurduğu qəzəb və hikkədən xəbər verir. Putin cəbhədə rus ordusunun uğradığı məğlubiyyətlərin, verdiyi itkilərin qisasını Ukraynanın dinc əhalisindən almağa çalışır ki, bu da beynəlxalq qanun və konvensiyalarla yanaşı, əxlaq və mənəviyyata ziddir.
 
Putin hakimiyyətinin köçürülmə və deportasiya siyasəti: Xalqların taleyi ilə oynanılan oyun!
 
Uzun illərdir ki, Rusiyada hakimiyyətdə olan Putin rejiminin amansızlıqları Ukraynada törədilən qırğınlarla bitmir. Putin rejimi Şərqi Avropa və Uzaq Şərq, Afrika və Qafqaz regionunda da zaman-zaman müxtəlif gərginliklər yaratmaqda, müharibə və qarşıdurmaya xidmət edən addımlar atmaqdadır. Gürcüstanın bir hissəsində qondarma respublikaların yaradılması, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa başlayan Ermənistan siyasi-iqtisadi təzyiqlərin genişləndirilməsi, Rusiya jurnalistlərinin dili ilə Azərbaycanın hədəfə alınması və s. sübut edir ki, əslində Putin rejimi çar Rusiyasına dönəminə məxsus siyasəti yeni formatda davam etdirməkdədir. Rusiya-Yaponiya və Rusiya-Avropa münasibətlərində də bu xətti görmək mümkündür.
 
Müasir Rusiyanın xarici siyasətində köçürülmə və deportasiya xətti də mühüm rol oynayır.
 
Qeyd edək ki, yerli xalqların deportasiya edilməsi, boşaldılan ərazilərin süni şəkildə məskunlaşdırılması həm də çar və sovet Rusiyasına xas spesifik xüsusiyyətlərdəndir. 1813 və 1828-ci ilin Gülüstan və Türkmənistan müqavilələrinə əsasən ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması, sovet dönəmində - 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından çıxarılması, İkinci Dünya müharibəsi zamanı Axıska türklərinin Gürcüstandan didərgin salınması, 1944-cü ildə Krım tatarlarının imperiyanın müxtəlif bölgələrinə qovulması Rusiyanın köçürülmə və deportasiya siyasətinin çoxsaylı örnəklərindən biridir. Onu da qeyd edək ki, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan ölkəmizin aran ərazilərinə köçürülən insanların bəlli bir qismi kəskin iqlim fərqi və dözülməz şəraitdən dünyasını dəyişmişdir. 1945-ci ildə “Kuril adaları”nı işğal edən Rusiya 17 min nəfər yaponu dərhal deportasiya etmiş, həmin ərazilərin ilhaqı məqsədilə əraziyə minlərlə rus köçürmüşdür.
 
Son bir ildir ki, Putin rejiminin Rusiyada yaşayan bir çox xalqların, eləcə də azərbaycanlı iş adamlarının, diaspor fəallarının deportasiyasını həyata keçirməsi müşahidə edilir ki, bu da əksər hallarda fiziki zorakılıq, şərəf və ləyaqətin alçaldılması ilə paralel müşahidə edilir.
 
Putin despotizmi Stalin dönəminin şəxsiyyətə pərəstij ruhunu yenidən dirçəldib
 
Rusiya Prezidenti Vladimir Putinin siyasi hakimiyyəti xas özünəməxsus cəhətlərdən biri də onun Stalin dönəminə məxsus şəxsiyyətə pərəstij ruhuna yenidən həyat verməsi, hər cür azad fikir və demokratik təşəbbüsü beşiyincədə boğmasıdır. Bu gün Rusiya həbsxanaları məhz fikri azadlığına görə həbsə atılan insanlarla doludur ki, onların arasında media nümayəndələri, iş adamları, siyasətçilər xüsusi üstünlük təşkil edir. Bəzi hallarda isə sənət adamları da fikir plürializminin qurbanlarına çevrilirlər.

Putin hakimiyyətinin daxili azadlıq və demokratik fikirləri boğmasının nəticəsidir ki, yüzlərlə iş adamı, mədəniyyət və incəsənət xadimi Rusiyanı tərk etməyə məcbur olub. Hansı ki, onların arasında dünyaca məşhur sənətkarlar, mədəniyyət və ictimai xadimlər mövcuddur. Bütün dünyada heyranlıqla izlənilən məşhur müğənni Alla Puqaçova nümunəsi buna örnəkdir. Xatırladaq ki, Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin Rusiyanın Ukraynada apardığı işğalçılıq müahribəsinə etiraz etdiyinə, bununla bağlı öz vətəndaş mövqeyini ortaya qoyduğuna görə “xarici agent” elan edilib. Məhz bu hadisədən sonra Alla Puqaçova ölkəni tərk etməyə məcbur olub və bu gün də xaricdən verdiyi müsahibələrdə Putin rejiminin Ukraynadakı vəhşilikllərinə etiraz etməkdə davam edir.
 

Yalan vədlər ölkəsi: Öz imzasına tüpürən, xəyanəti ilə iftixar duyan hakimiyyət!
 
Rusiya hakimiyəti üçün xarakterik xüsusiyyətlərdən biri də onun verdiyi vədlərə, imzaladığı müqavilələrə hörmət etməməsi, bəzi hallarda isə nümayişkəranə şəkildə tüpürməsidir. Rusiyanın bütün keçmişi bu cür nümunələr, təkzibedilməz faktlarla zəngindir. Təkcə bir faktı qeyd edək ki, 1994-cü ilin 5 dekabr tarixində Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ arasıdna memorandum imzalanmış, bu memorandum əsasında nüvə silahından imtina edən Ukraynaya təhlükəsizlik zəmanəti verilmişdir. Ukraynaya təhlükəsizlik zəmanəti verən 3 dövlətdən biri olan Rusiya, 2014-cü ildə Ukraynanın ayrılmaz hissəsi olan Krımı ilhaq etmiş, 22 fevral 2022-ci ildən etibarən isə Ukraynaya qarşı tam miqyaslı müharibəyə start vermişdir. Və Kreml bununla sübut etmişdir ki, Ukrayna üçün ən böyük təhlükə elə özüdür.
 
Təkcə bu fakt Kremlin nə qədər etibarsız, Rusiyanın xəyanətkar təbiətinin nə qədər qorxunc olduğunu göstərir. Bu fakt sübut edir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Rusiya təhlükəsinə qarşı daha sıx birləşməli, bu təhlükəni dəf etmək üçün daha ciddi və koordinasiyalı fəaliyyət ortaya qoymalıdırlar.
 
Moderator.az