Ermənistanda yeni Konstitusiya mübahisəsi: İstiqlal Bəyannaməsi niyə Paşinyan üçün problemə çevrilib?..-TƏHLİL
25 Aug 2026, 08:16 17 baxış 8 dəq oxuma
Ermənistanda yeni Konstitusiyanın hazırlanması ilə bağlı mübahisələrin mərkəzində 1990-cı il avqustun 23-də qəbul edilmiş İstiqlal Bəyannaməsinin yeni əsas qanunda necə əks olunacağı məsələsi dayanır. “Aravot” nəşrində analitik Tiqran Dumikyanın dərc etdiyi yazıda da məhz bu məsələnin Ermənistan–Azərbaycan danışıqları baxımından əhəmiyyəti araşdırılır.
Moderator.az bu haqda erməni KİV-ə istinadla yazır.
Dumikyan diqqəti Bəyannamənin 12 maddədən ibarət olmasına yönəldərək bildirir ki, sənəd Ermənistanın müstəqil dövlətçiliyinin formalaşmasının başlanğıcını qoyub. Onun fikrincə, Bəyannamə yalnız Qarabağ məsələsi ilə bağlı sənəd deyil, həm də suverenlik, təhlükəsizlik, insan hüquqları, demokratiya, dil, təhsil, mədəniyyət, milli sərvətlər, xarici siyasət və erməni soyqırımının beynəlxalq səviyyədə tanınması kimi məsələləri ehtiva edən fundamental siyasi-hüquqi sənəddir.
Lakin hazırda əsas mübahisə Bəyannamənin özünün dəyişdirilməsi deyil, onun yeni Konstitusiyada hüquqi istinad kimi saxlanılıb-saxlanılmamasıdır. Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 24-də parlamentdə hökumət proqramını təqdim edərkən açıq şəkildə bildirib ki, yeni Konstitusiyada 1990-cı il İstiqlal Bəyannaməsinə istinad olmamalıdır.
Paşinyanın arqumentinə görə, Bəyannaməyə istinad Qarabağ hərəkatının davam etdirilməsi və Ermənistanın yenidən münaqişə məntiqinə qayıtması kimi qiymətləndirilə bilər. O, hesab edir ki, 2026-cı il seçkilərində Ermənistan cəmiyyətinin sülh gündəminə səs verməsi yeni Konstitusiyanın da bu istiqamətə uyğunlaşdırılmasını tələb edir.
Paşinyan eyni zamanda yeni Konstitusiya təşəbbüsünün Azərbaycan tərəfindən Ermənistana diktə edilməsi barədə müxalifətin ittihamlarını rədd edir. Onun sözlərinə görə, yeni Konstitusiya məsələsi 2020-ci ildən Ermənistanın daxili siyasi gündəmindədir və “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında da yer alıb.
Bununla belə, Ermənistan müxalifəti tamamilə başqa mövqedədir. ABŞ-ın erməni xidməti “Azatutyun”un məlumatına görə, müxalifət yeni Konstitusiyada Bəyannaməyə istinadın aradan qaldırılmasını Azərbaycanın tələblərinin yerinə yetirilməsi kimi qiymətləndirir.
Məsələ ondadır ki, Azərbaycan Ermənistanın hazırkı Konstitusiyasının preambulasında İstiqlal Bəyannaməsinə istinadı və həmin Bəyannamənin Qarabağla bağlı müddəalarını ərazi iddialarının hüquqi əsası kimi qiymətləndirir. Bakı bu səbəbdən həmin istinadın yeni Konstitusiyada saxlanılmamasını sülh prosesinin mühüm məsələlərindən biri hesab edir.
Ermənistanın müxalifət dairələrində isə bu yanaşma dövlətçilik prinsiplərindən geri çəkilmə kimi təqdim olunur. Ermənistan Milli Konqresinin sədr müavini Aram Manukyan Bəyannaməni ölkənin “təməlqoyucu sənədi” adlandıraraq onun müzakirə və dəyişiklik predmeti ola bilməyəcəyini bildirib.
Manukyan Paşinyan hakimiyyətini illər əvvəl Bəyannaməni təntənəli şəkildə oxuyan, indi isə ondan uzaqlaşan siyasətçilər kimi ittiham edir. Onun fikrincə, hakimiyyətin mövqeyindəki dəyişiklik Azərbaycanın tələblərinin qəbul edilməsi ilə bağlıdır.
Digər müxalifət nümayəndələri də məsələyə daha sərt yanaşırlar. "Ermənistan İnqilabi Federasiyası"- "Daşnaksütyun" Bəyannaməni hazırkı Konstitusiyanın “təməl daşı” hesab edir və yeni Konstitusiyada onun hüquqi əhəmiyyətinin zəiflədilməsini dövlətçiliyin əsaslarının sarsıdılması kimi qiymətləndirir.
Həmin mövqedə xüsusilə Bəyannamənin 12-ci maddəsinə diqqət çəkilir; bu maddəyə əsasən, sənəd Ermənistan Konstitusiyasının hazırlanması və dövlət orqanlarının fəaliyyətinin əsaslarından biri kimi müəyyənləşdirilib.
Rəssam və publisist Tiqran Paskiçyan isə məsələyə daha emosional və tarixi prizmadan yanaşır. O, Bəyannamənin sadəcə kağız üzərində qalan siyasi bəyanat olmadığını, onun müddəalarının sonrakı illərdə Ermənistan dövlətçiliyinin formalaşmasına istiqamət verdiyini iddia edir.
Paskеviçyanın fikrincə, söhbət sənəddə bir istinadın olub-olmamasından daha geniş məsələdir və əsas təhlükə erməni cəmiyyətinin öz dövlət proqramını formalaşdırmaq və həyata keçirmək iradəsinin zəifləməsidir.
Keçmiş Ermənistan rəsmisi və müxalif siyasətçi Levon Zurabyan isə Paşinyanın “Real Ermənistan” konsepsiyasını daha kəskin şəkildə tənqid edir. Onun fikrincə, bu konsepsiya Ermənistanın milli dövlətçilik iradəsinin zəiflədilməsi və Azərbaycanın tələblərinə uyğunlaşdırılmış yeni siyasi modelin yaradılması deməkdir.
Zurabyan xüsusilə hesab edir ki, Ermənistanın hazırkı Konstitusiyasının Bəyannaməyə istinad etməsi avtomatik olaraq Azərbaycana qarşı ərazi iddiası anlamına gəlmir. O, Paşinyanın bu məsələdə Azərbaycanın arqumentlərini legitimləşdirdiyini iddia edir.
Beləliklə, Ermənistanda məsələyə münasibətdə ən azı iki əsas mövqe formalaşıb. Hakimiyyət Bəyannaməyə istinadın aradan qaldırılmasını keçmiş Qarabağ münaqişəsinin siyasi-hüquqi mərhələsini bağlamaq və sülh gündəliyini möhkəmləndirmək vasitəsi kimi təqdim edir.
Müxalifət isə bunun əksinə, həmin addımı milli dövlətçilikdən və Ermənistanın müstəqillik tarixindən geri çəkilmə kimi qiymətləndirir. Bu düşərgənin bir hissəsi hətta yeni Konstitusiya təşəbbüsünün arxasında birbaşa Bakı ilə əldə edilmiş razılaşmaların dayandığını iddia edir.
Maraqlıdır ki, erməni analitik Dumikyan məsələni daha çox hüquqi-siyasi sual kimi qoyur və “Bəyannamə ilə yeni Konstitusiya arasındakı əlaqənin aradan qaldırılması Ermənistan üçün hansı problemləri həll edir və ya yaradır?” sualını önə çəkir.
Bu yanaşma mübahisənin yalnız Qarabağ məsələsindən ibarət olmadığını göstərir. Çünki Bəyannamənin 12 maddəsində dövlət quruluşundan tutmuş milli-mədəni məsələlərə qədər geniş prinsip və məqsədlər əks olunub.
Digər tərəfdən, Bəyannamənin preambulasında Ermənistan və Dağlıq Qarabağın “yenidən birləşdirilməsi” ilə bağlı 1989-cu il qərarına istinadın olması məsələyə Azərbaycan–Ermənistan sülh danışıqları kontekstində xüsusi həssaslıq verir. Ermənistanın hazırkı hakimiyyəti də məhz bu siyasi-hüquqi bağlantının gələcəkdə yeni münaqişə iddialarına əsas kimi istifadə edilməsini istəmir.
Erməni müxalifətinin etirazlarının əsas məğzi isə budur ki, Bəyannamənin hüquqi statusunun zəiflədilməsi ilə Ermənistanın müstəqillik tarixinin müəyyən hissəsi faktiki olaraq yeni siyasi kursa qurban verilir. Bu səbəbdən məsələ artıq adi konstitusiya texnikası deyil, Ermənistanda dövlətçilik və milli kimlik mübahisəsinə çevrilib.
Nəticədə 24 avqustda Ermənistan parlamentində Paşinyanın açıqlaması ətrafında başlayan mübahisə göstərir ki, İstiqlal Bəyannaməsinin taleyi həm daxili siyasətdə, həm də Bakı–İrəvan sülh prosesində mühüm simvolik və hüquqi məsələyə çevrilib.
Erməni mediasındakı fərqli mövqelərdən görünən əsas məqam isə budur: hakimiyyət Bəyannamədən uzaqlaşmanı “sülhün və yeni Ermənistanın” şərti kimi təqdim edir, müxalifət isə eyni addımı Azərbaycanın siyasi tələblərinə güzəşt və dövlətçilik prinsiplərindən geri çəkilmə hesab edir.
Bu baxımdan, yeni Konstitusiyanın layihəsi ictimaiyyətə təqdim ediləndə onun preambulasında və digər müddəalarında 1990-cı il İstiqlal Bəyannaməsinə münasibətin necə ifadə olunacağı Ermənistan–Azərbaycan münasibətlərinin gələcək siyasi-hüquqi çərçivəsi baxımından xüsusi əhəmiyyət daşıyacaq...