Qarabağ deyəndə ilk növbədə onun zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi və yetişdirdiyi görkəmli şəxsiyyətlər yada düşür. Lakin bu böyük irsin arxasında əsrlər boyu formalaşan mühüm bir təhsil və maarifçilik ənənəsi də dayanır.


Məktəb, elm və ziyalı mühiti Qarabağın ictimai-mədəni həyatının ayrılmaz hissələrindən biri olub.

Bu ənənənin necə yarandığı, hansı mərhələlərdən keçdiyi və Qarabağın ümumi inkişafına necə təsir göstərdiyi isə ayrıca araşdırma tələb edən mövzudur. 






Xüsusilə bölgənin təhsil tarixini müxtəlif dövrlər üzrə nəzərdən keçirmək, məktəbçilik ənənələrinin formalaşmasına təsir edən amilləri və bu prosesdə ziyalıların rolunu müəyyənləşdirmək mühüm əhəmiyyət daşıyır.


Bu gün Qarabağda həyatın bütün sahələri kimi, təhsil sistemi də yenidən qurulur. Yeni məktəblərin yaradılması ilə yanaşı, bölgənin tarixi təhsil irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması da aktuallaşır.


Bəs Qarabağın təhsil tarixinin əsas xüsusiyyətləri nədən ibarətdir? 


Bu tarixdə hansı ənənələr və dəyərlər xüsusi yer tutur? 


Və əsrlər ərzində formalaşmış həmin irsdən bu günün Qarabağ təhsilinə hansı nəticələri çıxarmaq mümkündür?


Moderator.az yaranmış suallara aydınlıq gətirmək üçün tarix elmləri namizədi, dosent, Qarabağın ziyalılarından olan Azad Vətən Partiyasının sədri Akif Nağı ilə həmsöhbət olub. 


Akif Nağı qeyd edib ki, təhsil tariximizə bütövlükdə nəzər saldıqda, onu şərti olaraq iki əsas mərhələyə — Rusiyanın Azərbaycana gəlişinə qədərki və sonrakı dövrə bölmək olar:


"Bu bölgü təkcə Qarabağın deyil, ümumilikdə Azərbaycanın təhsil tarixinin inkişaf dinamikasını anlamaq baxımından əhəmiyyətlidir. Uzun müddət belə bir təsəvvür formalaşdırılmağa çalışılıb ki, guya Rusiyanın işğalına qədər Azərbaycanda müasir anlamda təhsil mövcud olmayıb, yalnız dini xarakterli mollaxanalar və aşağı səviyyəli tədris ocaqları fəaliyyət göstərib. 


Guya yeni təhsil sistemi məhz rusların gəlişi ilə Azərbaycana gətirilib. Mən hesab edirəm ki, bu yanaşma doğru deyil və əslində Rusiyanın işğalına qədərki təhsil tariximizin əhəmiyyətini kiçiltməyə xidmət edir. Halbuki həmin dövrdə Azərbaycan böyük mütəfəkkirlər yetişdirib, elm və təhsil ənənələri formalaşıb, məktəblər və mədrəsələr fəaliyyət göstərib.


Hətta indiki universitet anlayışına müəyyən mənada uyğun gələn ali təhsil müəssisələri də Azərbaycan ərazisində mövcud olub. Azərbaycanda universitet təcrübəsinin ən azı XIII əsrdən etibarən mövcud olduğunu söyləmək mümkündür. Buna nümunə kimi Təbrizdəki böyük Darülfünunu göstərmək olar. “Darülfünun” sözü “fənlər evi” mənasını verir. 


Burada müxtəlif elm sahələri tədris olunurdu. Təbrizdəki bu ali təhsil ocağında dünyanın müxtəlif yerlərindən gəlmiş minlərlə tələbənin təhsil aldığı bildirilir. Onların böyük əksəriyyətinin başqa ölkələrdən gəlməsi həmin dövrdə Azərbaycanın elm və təhsil mühitinin yalnız yerli deyil, daha geniş coğrafiyada da əhəmiyyət daşıdığını göstərir.


Bundan başqa, Şamaxıda, indiki Məlhəm kəndinin ərazisində Məlhəm adı ilə tanınan tibb təhsili ocağı fəaliyyət göstərib. Akademiya səviyyəsində olan bu tibb müəssisəsində müxtəlif ölkələrdən tələbələrin təhsil aldığı, fərqli yerlərdən gələn alim və müəllimlərin burada dərs dediyi qeyd olunur.


Sonrakı dövrlərdə də Azərbaycanda elm və təhsil geniş şəkildə inkişaf edib. Ona görə XIX əsrdə, rusların gəlişindən sonra Azərbaycanda təhsilin sanki sıfırdan başladığını söyləmək düzgün olmazdı.


Burada başqa mühüm məqam da var: XIX əsrdə dünyada ümumilikdə yeni təhsil sisteminə keçid prosesi gedirdi. Yeni tipli məktəblər yalnız Azərbaycanda və ya Rusiyanın təsiri ilə yaranmırdı. 


Avropada da həmin dövrə qədər təhsil müəssisələrinin əhəmiyyətli hissəsi kilsələrin nəzdində fəaliyyət göstərirdi. XIX əsrdə isə yeni tipli məktəblər, gimnaziyalar, real məktəblər və digər təhsil ocaqları formalaşmağa başladı".


Partiya sədri vurğulayıb ki, bəzi Avropa ölkələri bu gün öz universitet tarixlərini XIII-XIV əsrlərə aparır və həmin ənənəni ön plana çıxarırlar:


"Lakin eyni tarixi yanaşmanın Azərbaycanın təhsil keçmişinə münasibətdə tətbiq edilmədiyini görürük. Halbuki həmin dövrlərdə Azərbaycanın elm və təhsil ənənələrini də obyektiv şəkildə qiymətləndirmək lazımdır. Məsələn, Rusiyada universitet təhsilinin formalaşması daha sonrakı dövrə təsadüf edir. 


Lomonosovun adı ilə bağlı universitetin XVIII əsrin ortalarında meydana gəlməsi də bunu göstərən nümunələrdən biridir. Bu baxımdan, universitet təhsili məsələsində Rusiyanın Azərbaycandan əsrlər əvvəl irəlidə olduğunu söyləmək mümkün deyil.


XIX əsrdə əsas yenilik yeni tipli məktəblərin meydana çıxması idi. Bu, əvvəlki təhsil ənənələrinin tamamilə dəyərsiz olduğu anlamına gəlmirdi. Sadəcə, dünyada təhsilin təşkilinə yeni yanaşma formalaşırdı. Avropa tipli məktəblərdə yeni tədris üsulları tətbiq edilir, məktəb mühiti dəyişirdi. Şagirdlərin yerdə oturması əvəzinə partalar, lövhələr, qlobuslar və digər tədris vasitələri meydana gəlirdi.


Bu proses Azərbaycanda da dünyada gedən dəyişikliklərlə təxminən eyni dövrdə özünü göstərməyə başladı. Azərbaycanın şimalında yeni tipli təhsil müəssisələri yaranır, bu istiqamət “Üsuli-cədid” — yəni yeni üsul, yeni təhsil qaydası kimi ifadə olunurdu.


Ona görə də Azərbaycan təhsil tarixini yalnız XIX əsrdən və ya Rusiyanın gəlişindən başlamaq doğru yanaşma deyil. Bu tarix daha qədim və zəngin ənənələrə söykənir. Dünyada XIX əsrdə formalaşan yeni təhsil modeli isə həmin ənənənin üzərinə gələn yeni mərhələ kimi qiymətləndirilməlidir".


Pərvin Şakirqızı 


Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.