Qarabağın tarixi yalnız siyasi hadisələr, müharibələr və ərazi mübarizələri ilə məhdudlaşmır. Bu coğrafiya əsrlər boyu elmə, təhsilə, ədəbiyyata və mədəniyyətə verdiyi töhfələrlə Azərbaycanın milli-mənəvi irsinin mühüm mərkəzlərindən biri olub. Bölgənin yetişdirdiyi alimlər, ziyalılar, ədiblər və sənət adamları bu zəngin irsin formalaşmasında mühüm rol oynayıblar.
Qarabağın tarixi yaddaşında xüsusi yer tutan məsələlərdən biri də təhsil və maarifçilik ənənələridir. Bu ənənənin kökləri XIX əsrdən, yaxud Rusiyanın bölgəyə gəlişindən daha əvvələ gedib çıxır.
Müxtəlif dövrlərdə formalaşan məktəb, mədrəsə və elm ocaqları Azərbaycanın ümumi intellektual mühitinin inkişafına təsir göstərib.
Bu baxımdan Qarabağın təhsil keçmişinə nəzər salmaq yalnız ayrı-ayrı təhsil müəssisələrinin tarixini öyrənmək deyil, həm də Azərbaycan xalqının elmə və maarifə münasibətinin tarixi köklərini araşdırmaq baxımından əhəmiyyətlidir.
Tarix elmləri namizədi, dosent, Qarabağın ziyalılarından olan Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında Azərbaycan təhsilinin tarixi inkişafına münasibətdə mövcud yanaşmalardan danışıb.
Akif Nağı qeyd edib ki, Azərbaycan təhsil tarixini şərti olaraq Rusiyanın Azərbaycana gəlişindən əvvəlki və sonrakı dövrlərə bölmək mümkündür:
"Lakin bu bölgü Rusiyanın gəlişindən əvvəl Azərbaycanda təhsil ənənələrinin olmadığı anlamına gəlməməlidir. Azərbaycan tarixinin müəyyən mərhələləri ilə bağlı formalaşdırılan yanlış təsəvvürlərdən biri də məhz təhsilin XIX əsrdən başladığı fikridir.
Uzun müddət belə bir təsəvvür formalaşdırılmağa çalışılıb ki, guya Rusiyanın işğalına qədər Azərbaycanda müasir anlamda təhsil mövcud olmayıb, yalnız dini xarakterli mollaxanalar və aşağı səviyyəli tədris ocaqları fəaliyyət göstərib. Guya yeni təhsil sistemi məhz rusların gəlişi ilə Azərbaycana gətirilib.
Hesab edirəm ki, bu yanaşma doğru deyil və əslində Rusiyanın işğalına qədərki təhsil tariximizin əhəmiyyətini kiçiltməyə xidmət edir.
Azərbaycanın qədim və orta əsrlər dövründə də elm və təhsil ənənələri mövcud olub. Məktəblər və mədrəsələr fəaliyyət göstərib, müxtəlif elm sahələri üzrə biliklər öyrədilib.
Həmin dövrdə Azərbaycan böyük mütəfəkkirlər yetişdirib, elm və təhsil ənənələri formalaşıb. Azərbaycanın təhsil tarixindən danışarkən ali təhsil ənənələrini də nəzərə almaq vacibdir. Mən hesab edirəm ki, ən azı XIII əsrdən etibarən Azərbaycanda universitet təcrübəsinin müəyyən elementlərinin mövcud olduğunu söyləmək mümkündür.
Buna nümunə kimi Təbrizdəki böyük Darülfünunu göstərmək olar. “Darülfünun” sözü “fənlər evi” mənasını verir. Burada müxtəlif elm sahələri tədris olunurdu. Təbrizdəki həmin elm və təhsil mühiti yalnız yerli əhəmiyyət daşımırdı. Müxtəlif coğrafiyalardan gələn tələbələrin, alimlərin və müəllimlərin burada toplanması Azərbaycanın həmin dövrdə daha geniş elm və təhsil mühitinin bir hissəsi olduğunu göstərir".
Partiya sədri vurğulayıb ki, digər mühüm nümunə isə Şamaxıda, indiki Məlhəm kəndinin ərazisində fəaliyyət göstərdiyi qeyd olunan Məlhəm adlı tibb təhsili ocağıdır:
"Akademiya səviyyəsində olan bu tibb müəssisəsində müxtəlif ölkələrdən tələbələrin təhsil aldığı, fərqli yerlərdən gələn alim və müəllimlərin burada dərs dediyi qeyd olunur. Bütün bunlar göstərir ki, Azərbaycan ərazisində elm və təhsil ənənələrinin yalnız XIX əsrdə meydana gəldiyini söyləmək obyektiv yanaşma deyil. Azərbaycanın təhsil tarixinin daha qədim kökləri var və həmin irsin düzgün qiymətləndirilməsi vacibdir.
XIX əsrdə baş verən əsas dəyişiklik əvvəlki təhsil ənənələrinin yox olması deyildi. Əsas məsələ dünyada yeni təhsil modelinin formalaşması idi. Həmin dövrdə Avropada da təhsil sistemində ciddi yeniliklər meydana gəlirdi, yeni tipli məktəblər, gimnaziyalar, real məktəblər və digər təhsil müəssisələri yaranırdı.
XIX əsrdə dünyada ümumilikdə yeni təhsil sisteminə keçid prosesi gedirdi. Yeni tipli məktəblər yalnız Azərbaycanda və ya Rusiyanın təsiri ilə yaranmırdı. Avropada da həmin dövrə qədər təhsil müəssisələrinin əhəmiyyətli hissəsi kilsələrin nəzdində fəaliyyət göstərirdi. XIX əsrdə isə yeni tipli məktəblər, gimnaziyalar, real məktəblər və digər təhsil ocaqları formalaşmağa başladı.
Azərbaycan təhsil tarixini qiymətləndirərkən tarixi müqayisələrə də obyektiv yanaşmaq lazımdır. Məsələn, bəzi Avropa ölkələri öz universitet tarixlərini XIII-XIV əsrlərə apararaq bu ənənəni milli tarixlərinin mühüm hissəsi kimi təqdim edirlər. Mən hesab edirəm ki, Azərbaycanın elm və təhsil keçmişinə münasibətdə də eyni tarixi yanaşma tətbiq olunmalıdır.
Məsələn, Rusiyada universitet təhsilinin formalaşması daha sonrakı dövrə təsadüf edir. Lomonosovun adı ilə bağlı universitetin XVIII əsrin ortalarında meydana gəlməsi də buna nümunədir. Bu baxımdan, universitet təhsili məsələsində Rusiyanın Azərbaycandan əsrlər əvvəl irəlidə olduğunu söyləmək mümkün deyil.
XIX əsrdə təhsil sahəsində baş verən dəyişikliklərin mahiyyətini izah edərkən yeni məktəb modelinin meydana çıxmasını xüsusi qeyd etmək lazımdır. Bu, əvvəlki təhsil ənənələrinin əhəmiyyətini azaltmırdı. Sadəcə, dünyada təhsilin təşkilinə yeni yanaşma formalaşırdı.
XIX əsrdə əsas yenilik yeni tipli məktəblərin meydana çıxması idi. Bu, əvvəlki təhsil ənənələrinin tamamilə dəyərsiz olduğu anlamına gəlmirdi. Sadəcə, dünyada təhsilin təşkilinə yeni yanaşma formalaşırdı. Avropa tipli məktəblərdə yeni tədris üsulları tətbiq edilir, məktəb mühiti dəyişirdi.
Bu dəyişikliklər tədris prosesinin özündə də özünü göstərirdi. Məktəblərdə partalar, lövhələr, qlobuslar və digər tədris vasitələrindən istifadə olunmağa başlanırdı. Beləliklə, təhsil yalnız məzmun baxımından deyil, onun təşkilati və metodoloji formaları baxımından da yeni mərhələyə daxil olurdu.
Dünyada gedən bu proseslər Azərbaycandan da yan keçməyib. Azərbaycanın şimalında yeni tipli təhsil müəssisələri yaranmağa başlayıb. Bu istiqamət “Üsuli-cədid”, yəni yeni üsul və yeni təhsil qaydası kimi ifadə olunub. Bütün bunlar göstərir ki, Azərbaycanın, o cümlədən Qarabağın elm və təhsil tarixini yalnız XIX əsrdən başlayan proses kimi təqdim etmək düzgün deyil.
XIX əsrdə meydana çıxan yeni məktəb modeli daha əvvəl formalaşmış elm və maarifçilik ənənələrinin üzərinə gələn yeni mərhələ kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu tarixi irsin öyrənilməsi yalnız keçmişin xatırlanması baxımından əhəmiyyət daşımır.
Qarabağda yeni həyatın qurulduğu, məktəblərin və təhsil müəssisələrinin yenidən fəaliyyətə başladığı indiki mərhələdə bölgənin əsrlər boyu formalaşmış elm, təhsil və maarifçilik ənənələrinin gələcək nəsillərə çatdırılması da xüsusi əhəmiyyət daşıyır.
Qarabağın tarixi təhsil yaddaşının araşdırılması Azərbaycanın dövlətçilik tarixinin, milli-mədəni irsinin və elm ənənələrinin daha dolğun şəkildə təbliğinə xidmət edən mühüm istiqamətlərdən biridir. Mən hesab edirəm ki, Qarabağda yeni məktəblər və təhsil müəssisələri qurularkən həmin bölgənin zəngin təhsil keçmişinin də öyrənilməsi və gələcək nəsillərə çatdırılması vacibdir".
Pərvin Şakirqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.