Qarabağ maarifçiliyində Xudu Məmmədov məktəbinin danılmaz yeri...-ARAŞDIRMA
29 Aug 2026, 19:29 11 baxış 18 dəq oxuma
“Bu məktəb təkcə kristalloqrafiya elmində yox, həm də azad Qarabağın gəncliyinin milli təfəkkürünün formalaşmasında xalqımızın ən böyük mənəvi qələbəsidir..."
Dünyanı heyran qoyan "pioner" kristalloqrafın ömür yolu və kəşfləri...
“Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” mövzusuna müraciət edib adının önünə əlavə heç nə yazmağa ehtiyac olmayan dünya şöhrətli bir Azərbaycan ziyalı alimi haqda danışmamaq, yazmamaq böyük bir günah olardı...
Xudu Surxay oğlu Məmmədov - 14 dekabr 1927-ci ildə Qarabağın qədim və ziyalı ocaqlarından biri olan Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açmışdır. Onun atası Surxay kişi Leninqrad Tikinti Akademiyasını bitirmiş dövrünün tanınmış tikinti mütəxəssislərindən, anası Yaxşı xanım isə mənəviyyata önəm verən bir ana idi. Orta təhsilini Ağdamda başa vurduqdan sonra Xudu Məmmədov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra o, Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi fəaliyyətə başlayır...
Gənc tədqiqatçının qeyri-adi istedadı sovet elmi mühitində tezliklə diqqəti cəlb etmiş və o, Moskvaya, SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasına göndərilir. Burada o, dünyaşöhrətli alim, sement silikatlarının elmi strukturunun banisi sayılan akademik N.V.Belovun rəhbərliyi altında fəaliyyət göstərir.
Cəmi 25 yaşında ikən Moskvada keçirilən beynəlxalq elmi konfransda dünya elminin nəhəngi, ingilis alimi Con Bernal onun haqqında heyranlıqla danışır. Con Bernal həm sovet, həm də Qərb alimlərinin illərlə həll edə bilmədiyi kristalloqrafik problemi bu azərbaycanlı tələbənin həll etdiyini bəyan edir...
1957-ci ildə Xudu Məmmədov apardığı fundamental kəşflərə və elmi çəkisinə görə Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü seçilir. O, 1960-cı ildə elm aləmində böyük əks-səda doğuran "Kalsium-silikatları və hidrosilikatların kristallokimyası” adlı fundamental monoqrafiyasını nəşr etdiriir...
Sement silikatlarında bağlayıcıların kristallokimyəvi nəzəriyyəsini məhz Xudu Məmmədov işləyib hazırlayır. Elmə ilk dəfə olaraq “quruluş vahidi” anlayışını gətirən də məhz bu böyük azərbaycanlı alim olur. O, Paterson funksiyasının araşdırılması sahəsində riyazi-kristalloqrafik çəkisi olan “üçlü pik” teoremini irəli sürür və sübut edir. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal strukturunu tam dəqiqliyi ilə müəyyənləşdirir...
1955-ci ildə namizədlik müdafiə edən alim, 1969-cu ildə Moskvada geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi alır. 1973-cü ildə professor adına layiq görülən Məmmədov, 1976-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir...
Xudu Məmmədov təkcə laboratoriya adamı deyil, həm də 1962-ci ildə gizli fəaliyyət göstərən Milli Azərbaycan Qərargahı təşkilatının qurucularından və rəhbərlərindən biri olan böyük milli fədai idi. O, hələ 1960-cı illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyətinin ay-ulduzlu üçrəngli bayrağının sxematik təsvirlərini çəkərək tələbələri arasında milli ideologiyanı yayan bir oyanış rəhbəri kimi meydana çıxdı...
Onun elmi yaradıcılığı sənətlə elmin sintezindən ibarət idi; o, kristalların daxili quruluşundakı simmetriya ilə Azərbaycan xalçalarının naxışları arasındakı riyazi qanunauyğunluğu kəşf edib...
Ömrünün son gününə qədər millətin dərdi ilə yaşayan alim, 15 oktyabr 1988-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyində Qarabağ düyününü və xalqın gələcəyini müzakirə edərkən ürək tutmasından dünyasını dəyişir...
Azərbaycan elmində bir intibah: "Bakı Kristalloqrafiya Məktəbi"
Arxiv mənbələri birmənalı olaraq təsdiqləyir ki, Xudu Məmmədov respublikada Bakı Kristalloqrafiya Məktəbinin(edu.gov.az ""Qarabağın məşhur müəllimləri" – Xudu Məmmədov") əsasını qoymaqla Azərbaycanda dəqiq elmlərin fəlsəfəsini kökündən dəyişdi. Onun rəhbərlik etdiyi Struktur-kimya laboratoriyası sanki bir elmi fabriki xatırladırdı. Alimin rəhbərliyi və rəsmi-qeyri-rəsmi himayəsi altında 40-dan çox yüksək səviyyəli alim yetişmiş, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edərək dünya elminə səs salmışdır...
Bunlar sadəcə quru statistik rəqəmlər deyil. Bu, sovet rejiminin içində milli kadr potensialını gizlicə, zərgər dəqiqliyi ilə formalaşdırmaq hərəkatı idi. Xudu Məmmədov tələbələrinə yalnız kalsium-silikatların strukturunu öyrətmirdi; o, bu quruluşların daxilindəki mükəmməl asılılığı milli birliyə, dövlətçilik strukturuna bağlayırdı...
Mərzilidən başlanan İşıq: Qarabağda maarifçilik ocağı və işğalın ağrısı...
Xudu Məmmədovun bütövlükdə Azərbaycana verdiyi töhfələr danılmazdır, lakin onun doğulub boya-başa çatdığı Qarabağ torpağı üçün etdikləri tamamilə başqa bir dastandır. Bu iş sadəcə paytaxt mühitində deyil, birbaşa onun doğulduğu, lakin dahi alimin vəfatından cəmi 5 il sonra — 23 iyul 1993-cü ildə erməni işğalçıları tərəfindən viran edilərək tam 27 il düşmən tapdağında qalan Ağdam rayonunun Mərzili kəndindən başlamışdı. Professor vaxtilə bu kənd məktəbindən gələn, lakin oxumaq həvəsi olan yoxsul kənd gənclərini təmənnasız olaraq öz himayəsinə götürür, onlara həm elmi tədqiqat aparmağı öyrədir, həm də yaşayış şəraiti qurmaqda böyük dəstək verirdi...
O, Ağdamın orta məktəblərində və doğma Mərzili kəndində məktəblilərlə görüşərkən elə bir coşğu yaradırdı ki, onun təsirindən onlarla Qarabağ gənci dəqiq elmlərə üz tuturdu. Sonradan bu məktəblərin və kəndlərin 30 ilə yaxın bir dövrdə erməni vandalizmi tərəfindən daş-daş sökülərək yerlə-yeksan edilməsi, əslində həm də "Xudu məktəbi"nin Qarabağdakı maddi izlərini silmək cəhdi idi. Lakin bu mənəvi işığı söndürə bilmədilər...
1962-ci il xəfiyyə sənədləri: "Milli Azərbaycan Qərargahı" və Oqtay Eldəgəz mücadiləsi...
Arxivlərin gizli səhifələrindən və tarixi sənədlərlə təsdiqlənən faktlardan bəllidir ki, Xudu Məmmədov 1962-ci ildə sovet totalitarizminin ən amansız vaxtında — 17 dekabr 1962-ci ildə axşam saat 11-də 95 nəfər ziyalının iştirakı ilə gizli qurulan "Milli Azərbaycan Qərargahı" (MAQ) təşkilatının əsas rəhbərlərindən biri olmuşdur. Bu qeyri-leqal təşkilatın ideoloji dayaqlarından biri olan Xudu Məmmədov, görkəmli istiqlal fədaisi, tarixçi və yazıçı Oqtay Rəfili (Oqtay Eldəgəz) ilə çiyin-çiyinə fəaliyyət göstərirdi. Oqtay Rəfilinin sədr, Xudu Məmmədovun isə sədr müavini seçildiyi bu gizli şəbəkə imperiya daxilində respublika büdcəsinə dair qərarların Moskvada deyil, Bakıda verilməsini, strateji rəhbər vəzifələrə azərbaycanlı kadrların gətirilməsini və milli oyanış proqramlarını icra edirdi...
Xudu Məmmədov özünün elmi toxunulmazlığından və beynəlxalq nüfuzundan istifadə edərək bu gizli qərargahın gənc üzvlərini sovet xəfiyyələrindən qoruyur, onlara Elmlər Akademiyasındakı laboratoriyasında faktiki sığınacaq yaradırdı. Arxiv qeydlərinə görə, o, Oqtay Eldəgəzlə birlikdə gizli bəyanatların hazırlanmasında və milli təfəkkürlü ziyalıların təşkilatlanmasında birbaşa iştirak edib...
Təşkilatın fəaliyyəti SSRİ DTK (“KQB”) tərəfindən izləndikdə və təzyiqlər başladıqda belə, dahi alim öz əqidəsindən dönmədi, milli azadlıq ideyasını yeraltı siyasi fəaliyyətdən elmi-maarifçilik müstəvisinə keçirməyi bacardı. Bu gizli mübarizə, Qarabağ maarifçiliyinin sadəcə məktəb divarları ilə məhdudlaşmadığını, həm də bir istiqlal mücadiləsi olduğunu təsdiqləyir...
Milli-demokratik düşüncə və üç ziyalının böyük ittifaqı...
...Arxivlərin tozlu səhifələrindən ən dramatik və gerçək xatirələri çəkib çıxarsaq, Xudu Məmmədovun milli sarsılmazlığını, onun böyük dostları — xalq şairi Bəxtiyar Vahabzadə və unudulmaz alim-cərrah Nurəddin Rzayevlə olan mənəvi birliyində görərik.Arxiv sənədlərində və xatirələrdə müqəddəs bir gecənin tablosu qorunub saxlanıb. 1970-ci illərin sonlarında bir gün Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev Xudu Məmmədovun evinə qonaq olurlar. Söhbətin canı, sümüyü Azərbaycanın gələcəyi, daxili azadlığı və o taylı-bu taylı vətən dərdləri idi. Həmin gecə hər üç böyük şəxsiyyət özünün ən böyük, müqəddəs arzusunu dilə gətirir. Bəxtiyar Vahabzadə Azərbaycanın bütövlüyünü görmək istədiyini, Nurəddin Rzayev isə vətənin parlaq və müstəqil gələcəyini arzuladığını deyir. Naxçıvan və digər bölgələrdən gələn tələbələrin də şahid olduğu o məclisdə növbə dahi kristalloqrafa çatanda, Xudu Məmmədov sovet “KQB”-sinin divar qulaqlarına meydan oxuyarcasına öz böyük maarifçilik və milli oyanış fəlsəfəsinin son hədəfini belə açıqlayır:
“Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir...” Bax, "Xudu məktəbi" bu cür mənəvi təməllər üzərində qurulmuşdu. Bəxtiyar Vahabzadənin poetik-fəlsəfi söz qüdrəti, Nurəddin Rzayevin tibb sahəsindəki ziyalılığı və Xudu Məmmədovun dəqiq elmlərdəki nüfuzu birləşərək bütöv bir Qarabağ və Azərbaycan maarifçilik cəbhəsini formalaşdırmışdı. Onlar imperiya daxilində gizli bir milli-demokratik düşüncə şəbəkəsi yaratmağı bacarmışdılar...
Ziyalı əhatəsi və "Xudu Məktəbi"nin elmi davamçıları...
Xudu Məmmədovun Bakıdakı laboratoriyası və ev mühiti təkcə Bəxtiyar Vahabzadə və Nurəddin Rzayevlə məhdudlaşmırdı; bura imperiyaya baş qaldıran azad fikirli sənətkarların — istiqlal şairi Xəlil Rza Ulutürk, xalq şairləri Məmməd Araz, Qabil, eləcə də ustadın ən yaxın mənəvi qardaşlarından biri olan ağdamlı görkəmli şair, publisist Şahmar Əkbərzadə kimi nəhənglərin ən çox toplaşdığı mənəvi məbəd idi. Qarabağlı, xüsusən də ağdamlı ziyalılarla sıx tellərlə bağlanan dahi alim, bölgəyə hər səfərində Ağdamın tanınmış və mötəbər ziyalısı, onun ən etibarlı sirdaşı olan Zeynal Məmmədovla (Zeynal müəllimlə) əslən Laçının Mişni kəndindən olan və seyid şəcərəsi olan taksi sürücüsü Nəcəf kişinin maşınında birgə hərəkət edər, Laçının, Kəlbəcərin yaylaqlarına, Dəli dağa yollanar, yerli el-elatın maariflənməsinə qanad gərərdi...
Ağdam şəhərinin rəmzinə çevrilmiş məşhur "Çay evi"nin memarlıq ideyası da məhz Xudu müəllimin rəhbərliyi ilə bu sənət, dostluq və Qarabağ ziyalılarının müzakirələrindən doğulub...
Onun elmdə açdığı çığır isə sadəcə arxiv rəflərində qalmadı; onun birbaşa yetişdirdiyi və bu gün də ustadın işini ləyaqətlə davam etdirən professor Məmməd Qasım oğlu Çıraqov, Dövlət mükafatı laureatı, Bilkənd Universitetinin professoru Əmrulla Məmmədov, ustadın elmi irsini Türkiyənin Qafqaz Universitetində kafedra müdiri kimi yaşadan Hacalı Nəcəfoğlu, həmçinin bu gün AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiri kimi çalışan və Xudu müəllimin əziz xatirəsinə "İşıqlı zirvə" kitabını həsr etmiş ağdamlı alim, professor İxtiyar Bəxtiyarlı kimi tanınmış kristalloqraflar "Xudu məktəbi"nin canlı işıqlarıdırlar. Bu alimlər ordusu, şair və ziyalı şəbəkəsi sübut edir ki, Xudu Məmmədovun əkdiyi toxumlar həm elmdə, həm də milli təfəkkürdə sarsılmaz bir şəcərə yaradıb...
Qarabağ uğrunda mücadilə...
1987-1988-ci illərdə başlanan Milli Azadlıq Hərəkatında Xudu Məmmədov şərəfi...
...Tarixin 1987-1988-ci illər kəsiyinə nəzər salanda Xudu Məmmədovun sadəcə bir alim deyil, sovet-rus imperiyasının riyakar siyasətinə qarşı sinəsini sipər edən bütöv bir xalq hərəkatının mənəvi atası olduğunu görürük. Moskvadakı ermənipərəst qüvvələrin Qarabağı Azərbaycandan qoparmaq planı tam ifşa olunanda, Xudu Məmmədov heç bir siyasi repressiyadan qorxmayaraq, Bakının Azadlıq meydanından alovlanan milli-demokratik hərəkatın ön cəbhəsinə atıldı...
O, sovet tanklarının və “KQB” agentlərinin kölgəsi altında keçən ziyalı toplantılarında Qarabağın tarixi və hüquqi sənədlərini ortaya qoyaraq imperiyanın saxta ideologiyasını elmi faktlarla darmadağın edirdi. Ağdamda və Şuşada yerli əhalinin ruhdan düşməməsi, hərəkatın xaotik deyil, intellektual və mütəşəkkil məcrada aparılması üçün gecə-gündüz çalışan ustad, gəncləri Qarabağ torpağının hər qarışı uğrunda güzəştsiz mübarizəyə səsləyirdi. Onun bu gərgin və sarsılmaz mücadiləsi, 15 oktyabr 1988-ci ildə məhz Qarabağ düyününün növbəti dramatik müzakirəsi zamanı qəfildən dayanan böyük ürəyi ilə nöqtələndi. Xudu Məmmədov bu fədakarlığı ilə sübut etdi ki, "Xudu məktəbi" təkcə elmi kəşflərin deyil, həm də Vətən uğrunda şəhid olmağı bacaran mənəviyyatın məktəbidir...
30 illik qaranlıqdan sonra dirçələn Mərzili və əbədi Xudu Məmmədov işığı...
Tarix sübut etdi ki, imperiyaların tankı, topu və erməni faşizminin Ağdamda, Mərzilidə törətdiyi 30 illik urbisid, yəni şəhər soyqırımı və barbarlıq aktı millətin səsini kəsməyə, onun intellektual yaddaşını silməyə yetmədi. Xudu Məmmədov kimi korifeylərin kənd məktəblərindən başlayaraq universitet auditoriyalarına qədər əkdiyi maarifçilik toxumları, 20 noyabr 2020-ci ildə Ağdam rayonunun ən müqəddəs maarifçilik, elm və təhsil məkanlarından biri kimi Mərzilinin yenidən azad olunması ilə öz tarixi ədalətinə qovuşdu. Dövlətimizin Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulacaq, modern şəhərsalma prinsipləri ilə bərpa ediləcək Mərzili kəndi, inşə Allah, tezliklə öz dahi oğlunun adına layiq intellektual mərkəzə çevriləcək. Bu böyük bərpa prosesinin ən fəxrli səhifəsi kimi, Mərzilidə dahi alimin adını daşıyacaq xüsusi statuslu Xudu Məmmədov məktəbi tikiləcək, kəndin mərkəzində onun əzəmətli xatirə heykəli ucaldılacaq və onun elmi-ictimai irsini gələcək nəsillərə ötürəcək xatirə muzeyi yaradılacaqdır. Bu addımlar "Xudu məktəbi"nin Qarabağ maarifçiliyindəki yerini yalnız tarix kitablarında deyil, həm də onun doğulduğu torpağın canında, daşında, gələcək uşaqların nurlu baxışlarında əbədiləşdirəcək.
Xudu Məmmədov məktəbi təkcə kristalloqrafiya elmində yox, həm də azad Qarabağın gəncliyinin milli təfəkkürünün formalaşmasında xalqımızın ən böyük mənəvi qələbəsidir. Onun yenidən doğulan Mərzilisində, azad Ağdamında ucalan bayrağımız və qurulmuş və qurulacaq yeni məktəb divarları, bu böyük insanın yandırdığı maarifçilik məşəlinin heç vaxt sönməyəcəyinin ən bariz sübutu olacaq...
Hazırladı:
Sultan Laçın
Qeyd:
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb
*** **** ****
Yazıda istifadə olunmuş əsas mənbələr:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Arxiv Fondları: Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur-kimya laboratoriyasının (1957–1988) fəaliyyət qeydləri və Xudu Məmmədovun şəxsi işi.
AMEA rəsmi portalı - Üzv-müxbirlər siyahısı.SSRİ Ali Attestasiya Komissiyasının (AAK) geologiya-mineralogiya elmləri namizədi (5 oktyabr 1955-ci il) və elmlər doktoru (1969-cu il) diplomlarının dövlət reyestr qeydləri.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi arxiv sənədləri:
Ağdam rayonunun 1 nömrəli orta məktəbinin və Mərzili kənd 7 illik məktəbinin tarixi təhsil bülletenləri.
“Qarabağın məşhur müəllimləri” elmi-maarifçilik layihəsi və onun rəsmi xronoloji reyestri. [Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi](edu.gov.az ""Qarabağın məşhur müəllimləri" – Xudu Məmmədov").
Gizli antisovet müqavimət hərəkatının sənədli qeydləri (DTK / KQB Arxivləri):
17 dekabr 1962-ci ildə yaradılmış "Milli Azərbaycan Qərargahı" (MAQ) təşkilatının təsis bəyanatı və fəaliyyət xronologiyası.
Azərbaycan tarixi 9-cu sinif - Rəsmi elektron dərslik portalı.
MAQ-ın sədri Oqtay Rəfili (Oqtay Eldəgəz) və sədr müavini Xudu Məmmədovun 60-cı illərdəki siyasi və ədəbi-maarifçi fəaliyyətinə dair sənədli arxiv materialları. Oqtay Eldəgəz - Vikipediya
.Monoqrafiyalar və akademik çap materialları:
Məmmədov X.S. "Kalsium-silikatları və hidrosilikatların kristallokimyası”, monoqrafiya, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960.“
V Beynəlxalq Həmzə Nigari Simpoziumu Materialları: Vətən sevdalı böyük insan - Xudu Məmmədov”, M.F.Axundov adına Milli Kitabxananın dövlət qeydiyyatlı elmi məqalələr toplusu.
Dövlət ictimai-siyasi mətbuatı və ziyalı xatirələri:
Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev və Xudu Məmmədovun mənəvi birliyinə, dahi alimin son arzusuna dair sənədli xatirələr. "Azərbaycan" qəzeti arxiv portalı -
İxtiyar Bəxtiyarlı, "İşıqlı zirvə" monoqrafiyası, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi fondları, Bakı.