Ermənistanda Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının gələcəyi ilə bağlı müzakirələr yenidən intensivləşib. Müxalifət nümayəndələrinin bazanın çıxarılması və onun yerində Türkiyə hərbi bazasının yerləşdirilə biləcəyi barədə səsləndirdiyi iddialar regionun təhlükəsizlik mühiti və Ermənistanın xarici siyasət kursu ilə bağlı müxtəlif yanaşmaları gündəmə gətirib.
Maraqlıdır, mövcud geosiyasi reallıqlar və tərəflər arasında qüvvədə olan razılaşmalar fonunda belə bir ssenarinin reallaşma ehtimalı varmı, yoxsa bu, daha çox Ermənistanın daxili siyasi gündəminə hesablanmış müzakirədir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli açıqlama verib.
Deputat qeyd edib ki, Ermənistanda Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının gələcəyi ilə bağlı müzakirələrin yenidən aktuallaşması ölkənin xarici və təhlükəsizlik siyasətində baş verən dəyişikliklərin mühüm indikatorlarından biri kimi də qiymətləndirilə bilər:
"Məsələnin aktuallaşması Rusiya-Ermənistan münasibətlərinin ikitərəfli konteksti ilə yanaşı Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının transformasiyası, Ermənistanın Qərb institutları ilə yaxınlaşması və Türkiyə ilə münasibətlərin normallaşdırılması perspektivləri baxımından da nəzərdən keçirilməlidir.
102-ci hərbi baza Ermənistanın təhlükəsizlik sistemində uzun müddət Rusiya amilini vurğulayan faktor kimi qiymətləndirilə bilər. Bazanın hüquqi statusu və fəaliyyət müddəti üzrə əldə edilmiş dövlətlərarası razılaşmalar onun uzunmüddətli perspektiv üçün Ermənistan ərazisində saxlanılmasını nəzərdə tuturdu.
Lakin son illərdə Ermənistan-Rusiya münasibətlərində meydana çıxan siyasi ziddiyyətlər və İrəvanın xarici siyasət prioritetlərində müşahidə olunan dəyişikliklər bazanın gələcəyini hüquqi razılaşmalarla bərabər həm də daha geniş geosiyasi transformasiya kontekstində qiymətləndirməyi zəruri edir.
Bu baxımdan, Rusiya və Ermənistan rəhbərliyinin son açıqlamaları diqqətəlayiqdir. Rusiya Prezidenti Vladimir Putinin bazanın Ermənistanın iradəsi əleyhinə saxlanılmasında maraqlı olmadığını və İrəvanın belə bir qərar qəbul edəcəyi təqdirdə Rusiyanın buna mane olmayacağını bildirməsi məsələyə Moskvanın yanaşmasında müəyyən dəyişiklik olduğunu göstərir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın da Rusiyanın bazanı çıxarmaq qərarı verəcəyi halda İrəvanın buna etiraz etməyəcəyini bildirməsi məsələni əvvəlki dövrlə müqayisədə daha açıq siyasi müzakirə predmetinə çevirir.
Bununla belə, bu açıqlamaları 102-ci bazanın yaxın perspektivdə avtomatik olaraq ləğv ediləcəyi barədə siyasi qərar kimi qiymətləndirmək düzgün olmazdı. Hazırkı mərhələdə daha çox tərəflərin mümkün ssenariləri açıq şəkildə müzakirə etməyə başladığı müşahidə olunur.
Bu isə bazanın statusu ilə bağlı danışıqların gələcəkdə intensivləşə biləcəyini söyləməyə əsas verir. Məsələnin digər mühüm aspekti Ermənistan daxilində bazanın mümkün çıxarılmasının necə təqdim edilməsidir.
Müxalifət nümayəndələrinin bir qismi Rusiyanın hərbi mövcudluğunun aradan qaldırılmasını Türkiyənin regionda hərbi iştirakının genişlənməsi ehtimalı ilə əlaqələndirir və hətta Gümrüdə Rusiya bazasının yerində Türkiyə hərbi bazasının yaradılacağı barədə iddialar səsləndirirlər.
Lakin bu iddianı hazırkı mərhələdə konkret dövlətlərarası razılaşma və ya təsdiqlənmiş siyasi qərar kimi qiymətləndirmək üçün kifayət qədər əsas mövcud deyil. Burada iki müxtəlif prosesin bir-birindən fərqləndirilməsi zəruridir.
Birincisi, Türkiyənin Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində münasibətlərinin inkişaf etməsi ehtimalıdır. İkincisi isə Türkiyənin Ermənistan ərazisində hərbi baza yerləşdirməsidir. Birinci proses regional normallaşma və kommunikasiyaların açılması fonunda müəyyən perspektivlərə malik olduğu halda, ikinci ssenarinin reallaşması üçün daha mürəkkəb geosiyasi və hüquqi şərtlərin mövcud olması tələb edilir".
Millət vəkili vurğulayıb ki, xüsusilə nəzərə alınmalıdır ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması hələ tam institusional mərhələyə çatmayıb. Bu Azərbaycanla yekun sülh sazişinin imzalanmasından sonra reallaşa biləcək bir prosesdir:
"Bu səbəbdən Türkiyənin Gümrüdə Rusiya hərbi bazasını birbaşa əvəz etməsi ssenarisini ən azı yaxın perspektivdə yüksək ehtimallı hesab etmək çətindir. Bundan əlavə, belə bir addım Türkiyə-Rusiya münasibətləri, NATO-Rusiya qarşıdurmasının regional nəticələri və Ermənistanın öz xarici siyasət balansı baxımından əlavə risklər yarada bilər.
Daha real görünən ssenari Ermənistanın təhlükəsizlik modelinin tədricən diversifikasiya edilməsidir. Ermənistan son illərdə Rusiya ilə hərbi-siyasi əməkdaşlığın əvvəlki səviyyəsini azaltmaqla yanaşı, Avropa İttifaqı, Fransa və digər Qərb tərəfdaşları ilə təhlükəsizlik və müdafiə sahələrində əlaqələrini genişləndirməyə çalışır.
Bu prosesin ehtimal etdiyim əsas xüsusiyyəti ondan ibarətdir ki, İrəvan təhlükəsizlik təminatçısının birbaşa dəyişdirilməsindən daha çox, təhlükəsizlik münasibətlərinin çoxşaxəli xarakter almasına üstünlük verir.
Bu xüsusda 102-ci bazanın gələcəyi Ermənistanın xarici siyasət kursunun daha geniş transformasiyasının bir elementi kimi çıxış edə bilər. Rusiya ilə münasibətlərdə hərbi komponentin zəifləməsi Ermənistanın Qərb strukturları ilə əməkdaşlığının genişlənməsi ilə paralel şəkildə gedir.
Lakin belə dəyişikliklər Ermənistan üçün yeni təhlükəsizlik öhdəlikləri də formalaşdırır. Rusiya hərbi mövcudluğunun azalması fonunda Ermənistan yeni təhlükəsizlik tərəfdaşlıqlarının yaradılması məsələləri ilə üzləşir. Bu baxımdan Gümrü məsələsini yalnız Rusiya-Ermənistan münasibətlərinin parametrləri ilə məhdudlaşdırmaq düzgün deyil.
102-ci bazanın gələcəyi Cənubi Qafqazda qüvvələr balansının dəyişməsi baxımından da əhəmiyyətlidir. Müxalifətin “Rusiya bazası çıxır və onun yerinə Türkiyə bazası gələcək” formasında təqdim etdiyi teziz olduqca mürəkkəb transformasiya prosesini bəsit ikili seçim müstəvisində təqdim edir. Belə yanaşmanın əsas funksiyası hakimiyyətin xarici siyasət kursunu təhlükəsizlik prizmasından tənqid etməkdir.
Bu baxımdan belə iddiaların siyasi kommunikasiya vasitəsi kimi qiymətləndirilməsi daha məqsədəuyğundur. Eyni zamanda bu tezis Rusiya ilə münasibətlərin saxlanılmasını müdafiə edən siyasi qüvvələr üçün də əlverişli arqument yaradır. “Rusiyanın çıxışı Türkiyənin gəlişi ilə nəticələnəcək” fikri cəmiyyətdə təhlükəsizlik narahatlığını artıraraq mövcud status-kvonun alternativsizliyi barədə təsəvvür formalaşdırmağa xidmət edə bilər.
Beləliklə, 102-ci baza ətrafındakı müzakirələr Ermənistanın daxili siyasi mübarizəsinin xarici siyasət və təhlükəsizlik komponenti ilə sıx şəkildə əlaqələnir. Bütövlükdə, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələri yaxın perspektivdə “Rusiya-Türkiyə hərbi bazalarının bir-birini əvəz etməsi” modeli çərçivəsində qiymətləndirmək əsaslandırılmış arqument kimi görünmür.
Daha çox ehtimal olunan ssenari Rusiyanın Ermənistanın təhlükəsizlik sistemindəki rolunun mərhələli şəkildə azalması və İrəvanın tədricən daha çoxşaxəli təhlükəsizlik modeli formalaşdırmağa çalışmasıdır.
Hazırkı mərhələdə “Türkiyə bazası” iddiasını daha çox Ermənistanın daxili siyasi gündəliyinə və təhlükəsizlik mövzusunda aparılan siyasi mübarizəyə aid etmək mümkündür.
Lakin 102-ci bazanın gələcəyi ilə bağlı müzakirələrin özü artıq Ermənistanın təhlükəsizlik siyasətində struktur dəyişikliklərinin baş verə biləcəyini göstərən mühüm geosiyasi indikator kimi qiymətləndirilmə bilər.."
Pərvin Şakirqızı