“Yaxşı təhsil almış insan uzunmüddətli iqtisadi gəlir yarada bilir...”
 




“Təhsil iqtisadiyyatı bu 3 sualın cavabına daim hazır olmalıdır: nə qədər xərclədik? nə aldıq? nəticədə cəmiyyət və iqtisadiyyat nə qazandı?  I sual büdcə uçotu, II sual səmərəlilik, III sual isə ictimai investisiyanın gəlirliliyi məsələsidir...”
 
“Bu səbəblərdən universitetlərimizdə elm tənəzzül etmiş, Boloniya prosesinə qoşulma və rəqəmsallaşma prosesləri yarımçıq qalmış, keyfiyyətli insan kapitalı formalaşdırmaq missiyası reallaşa bilməmişdir...”   
 
“Azərbaycanın təhsil  iqtisadiyyatına analitik baxış.  Təhsilimiz səmərəlidirmi?..” 
 
Təhsil iqtisadiyyatı  sosial missiyadan nəticəyönlü dövlət investisiyasına doğru inkişaf etməlidir
 
Təhsilə yalnız sosial siyasətin bir istiqaməti kimi baxmaq XXI əsrin reallıqlarına cavab vermir.  Bəli,  təhsil, şübhəsiz ki, fundamental sosial institutdur: insanın dünyagörüşünü, sosiallaşmasını, mədəniyyətini, vətəndaşlıq mövqeyini və şəxsi inkişafını formalaşdırır. Amma bununla yanaşı, təhsil həm də iqtisadi sistemdir. Bu sistem resurs istehlak edir, əmək və kapital cəlb edir, infrastruktur yaradır, texnologiya alır, dövlət büdcəsindən və ailələrdən maliyyə alır və nəticədə insan kapitalı istehsal edir.
 
Məhz burada təhsil iqtisadiyyatı meydana çıxır. Təhsil iqtisadiyyatı təhsilə ayrılan resursların necə formalaşdırılması və bölüşdürülməsi, təhsil xərclərinin səmərəliliyi, insan kapitalına investisiyanın gəlirliliyi, təhsilin əmək bazarına və iqtisadi artıma təsiri, müxtəlif maliyyələşmə modellərinin nəticələri və dövlət xərclərinin nəticəyönlü idarəsini öyrənir...
 
Təhsildə əsas  məsələlərdən biri də bu sektora  nə qədər vəsait xərclənməsi, xərclənən hər manat hansı təhsil, sosial və iqtisadi nəticə  yaratmasıdır.  Bu  təhsil siyasəti qarşısında qoyulan mühüm  sual olmalıdır. 
 
Ölkənin təhsil büdcəsi son illər dinamik artsa da, təhsilin keyfiyyəti ilbəil enir. Bu haqda əvvəllər çox yazmışıq, ona görə də bir daha təkrara ehtiyac yoxdur. Amma təhlillərə ehtiyac var.  
 
Təhsil xərc deyil, investisiyadır...
 
Təhsilə dövlət xərcləri, büdcə baxımından mühüm xərcdir, bu  mühüm investisiya kimi də qiymətləndirilə bilər. Dövlət bu gün vəsait xərcləyir, nəticənin mühüm hissəsini isə illər, hətta onilliklər sonra əldə edilir.  Məsələn, məktəbə qoyulan investisiyanın iqtisadi nəticəsi həmin maliyyə ilində görünməyə bilər. Amma yaxşı təhsil almış insan daha yüksək məhsuldarlıq nümayiş etdirirsə, daha çox gəlir yaradırsa, innovasiya proseslərinə qoşulursa (bu özünü yeni yaradılan elmtutumlu, “nou-hau” tipli  xidmət və məhsullarda, innovasiyalarda, patentlərdə, startaplarda göstərməlidir), vergi bazasını genişləndirirsə və sosial xərclərə ehtiyac  azalırsa, ilkin təhsil investisiyası uzunmüddətli iqtisadi gəlir yaradır...
 
Azərbaycan üzrə Dünya Bankının təhlili təhsilə investisiyanın müsbət fərdi gəlirliliyini göstərir. 2015-ci il məlumatları əsasında aparılmış hesablamalarda ölkədə təhsilə investisiyanın orta xüsusi gəlirliliyi 6,1 faiz, ali təhsilin orta təhsillə müqayisəli xüsusi gəlirliliyi isə 9 faiz qiymətləndirilib. Bununla yanaşı, müəlliflər Azərbaycanda təhsil nəticələrinin keyfiyyət baxımından mövcud insan kapitalı potensialından aşağı qaldığını vurğulayırlar.   Bu onu göstərir ki,  təhsilə qoyulan  investisiya iqtisadi baxımdan faydalıdır, lakin zəif təşkil olunmuş təhsil investisiyası potensial gəlirliliyi reallaşdıra bilmir. Deməli, məsələ yalnız təhsilə daha çox pul ayırmaqda deyil, bu pulun hansı istiqamətə, məqsədə və nəticə mexanizminə yönəldilməsindədir...
 
Təhsil büdcəsi “qara dəlik” olmamalıdır...
 
Təhsilə ayrılan dövlət vəsaitlərinin iqtisadi nəticəsi qeyri-müəyyən və ölçülməz olarsa, təhsil sektoru maliyyə sistemində “qara dəlik” təəssüratı yarada bilər: vəsait daxil olur, lakin onun hansı nəticəyə çevrildiyi aydın görünmür.  Bunu DİM-in illik hesabatı, universitet diplomlarımızın  xaricdə tanınmaması, universitetlərin əsasən təhsil haqqından asılı qalması v.s. amillər aydın göstərir.  Problem budur ki,  təhsilin büdcəsi böyük olduğundan səmərəsizliyin hər bir faizi əhəmiyyətli resurs itkisinə çevrilir...  
 
Ona görə də  təhsil iqtisadiyyatı bu 3 sualın cavabına daim hazır olmalıdır: nə qədər xərclədik? nə aldıq? nəticədə cəmiyyət və iqtisadiyyat nə qazandı?  I sual büdcə uçotu, II sual səmərəlilik, III sual isə ictimai investisiyanın gəlirliliyi məsələsidir.  Azərbaycanın təhsilində  diqqətin məhz III mərhələyə keçirilməsi vacibdir.
 
Azərbaycanın təhsil xərclərində əsas problemlər məbləğ, struktur və nəticədir...
 
Dünya Bankının Azərbaycan üzrə materialları dövlət təhsil xərclərinin səviyyəsinin uzun müddət beynəlxalq müqayisələrdə məhdud olduğunu göstərib. Məsələn, 2022-ci il üçün Dünya Bankının insan kapitalı məlumatlarında Azərbaycanın dövlət təhsil xərcləri ÜDM-in 3,1 faizi səviyyəsində göstərilir.  Daha geniş təhlillərdə Azərbaycan üçün xərclərin strukturunda əməkhaqqı və cari xərclərin yüksək çəkisi, kapital xərclərinin isə nisbətən aşağı olması da qeyd olunub. Dünya Bankının daha əvvəlki təhlilində 2018-ci ildə ümumi təhsil xərclərinin təxminən 70 faizinin əməkhaqqına yönəldiyi, əsaslı xərclərin isə 4 faizdən aşağı olduğu göstərilmişdi.  Buradan yanlış nəticə çıxarmaq olmaz ki, müəllim əməyinə daha az pul verilməlidir. Əksinə, keyfiyyətli təhsilin əsas şərtlərindən biri güclü müəllimdir. Problem xərclərin strukturunun təhsilin strateji məqsədləri ilə uyğunluğu,  təhsilin dinamik inkişafı  üçün zəruri layihələrin maliyyələşməsidir. Bu səbəblərdən təhsil islahatlarının maliyyələşməsi əsasən ümumtəhsil pilləsini əhatə etmiş, ali məktəblərin inkişafı üçün zəruri layihələrə cüzi vəsait ayrılmışdır. Bu gün də belədir. Universitetlərin heç bir iqtisadi əsaslandırma aparılmadan “PHŞ” edilməsi, onları  inkişafyönlü  dövlət  investisiyasından məhrum etmişdir (keçmişdə olduğu kimi)...
 
Məsələn, əgər təhsildə  rəqəmsal transformasiya, Sİ, laboratoriyalar yaratmaq, tədqiqat infrastrukturu, müasir peşə təhsili və innovasiyalar  prioritetdirsə, dövlət büdcəsinin mühüm hissəsi yalnız əməkhaqqı və cari inzibati xərclərə yönəlməməlidir... 
 
Təhsil iqtisadiyyatının əsas prinsipi  nəticəyə görə maliyyələşdirmə olmalıdır...
 
Ənənəvi büdcə sistemi belə işləyir: keçən il nə qədər xərclənib → gələn il nə qədər vəsait tələb olunur.   Müasir model isə belə olmalıdır:  məqsəd → gözlənilən nəticə → fəaliyyət → resurs → ölçülən nəticə → növbəti maliyyələşmə.  Bu, nəticəyönlü büdcələşmə məntiqidir. Məsələn, universitetə sadəcə “100 milyon manat ayrıldı” demək kifayət deyil.  Bu vəsait nəticəsində  neçə yeni tədqiqatçı yetişdi, neçə beynəlxalq səviyyəli layihə yarandı, neçə patent alındı, tələbələrin məşğulluğu nə qədər artdı, elmi məhsuldarlıq necə dəyişdi, sənaye ilə əməkdaşlıq nə qədər genişləndi  kimi göstəricilər də izlənməlidir. Yəni, büdcə maddəsindən büdcə nəticəsinə keçid olmalıdır...
 
Təhsil iqtisadiyyatında xərclərin “üçüncü səviyyəsi”...
 
Azərbaycanın təhsil maliyyəsində üç səviyyəli qiymətləndirmə sistemi  qurulmalıdır. I səviyyə — Maliyyə intizamı (pul qanunauyğun xərclənibmi?).  II səviyyə — Xərc səmərəliliyi (pulun müqabilində məhsul və xidmət düzgün qiymətə əldə edilibmi?).  III səviyyə — İctimai-iqtisadi nəticə (bu xərc təhsilin və iqtisadiyyatın hansı nəticəsini yaradıb?)
 
Azərbaycanın maliyyə nəzarət sistemində I və II istiqamət üzrə müəyyən iş aparılır. Hesablama Palatasının 2023-cü il fəaliyyət hesabatında ETN üzrə satınalma, investisiya auditlərinin izlənildiyi göstərilir. 2024-cü il üzrə Palatanın fəaliyyət hesabatında da ETN və tabeliyindəki Əsaslı Tikinti və Təchizat İdarəsinə dövlət investisiyalarının auditi ayrıca göstərilir.  Bu auditlər  maliyyə intizamının ciddi pozulma hallarını dəfələrlə üzə çıxarmışdır.  Çoxsaylı audit və monitorinq mexanizmlərinin zəruriliyi göstərir ki, dövlət təhsil maliyyəsində nəzarəti  və səmərəlilik məsələsi  daim nəzarətdə olmalıdır. 
 
Dövlət satınalmaları  təhsil iqtisadiyyatının ən həssas nöqtələrindən biridir... 
 
Təhsil iqtisadiyyatını yalnız müəllim maaşları və tələbə xərcləri ilə məhdudlaşdırmaq düzgün deyil.  Təhsilin böyük maliyyə dövriyyəsi  tikinti → təmir → avadanlıq → dərslik → İT → proqram təminatı → xidmətlər → qidalanma → nəqliyyat → digər satınalmalar üzərindən də formalaşır.  Bu baxımdan satınalma sistemi təhsil iqtisadiyyatının əsas “filtrlərindən” biridir.  Hesablama Palatasının müxtəlif audit materiallarında dövlət satınalmaları üzrə hüquqi və səmərəlilik məsələlərinin ayrıca araşdırıldığı görünür.  
 
Təhsil siyasəti mükəmməl yazılsa da, əgər maliyyə axınlarının düzgün idarə olunmursa,  bu strategiyanın  icrası  nəticəsiz olacaqdır. Bizdə isə təhsil strategiyası da, maliyyə strategiyası da  zəifdir. Bu halda təhsilin zəif olması, ETN-nin   “20 il ərzində  neft kapitalının insan kapitalına çevrilə bilməməsi”  təbiidir. Deməli, təhsil siyasətinin “iqtisadi infrastrukturu” ayrıca qurulmalıdır...  
 
Özəl və dövlət təhsilinin iqtisadi məntiqi...
 
Özəl təhsildə maliyyələşmənin mühüm bir hissəsi bazarla  tənzimləndiyi üçün səmərəlilik təzyiqi  birbaşa ola bilər. Valideyn və ya tələbə ödədiyi pulun qarşılığında keyfiyyət gözləyir, universitet və  məktəb isə tələbə və gəlir uğrunda rəqabət aparır.  Özəl sektorun da keyfiyyət, qiymət, şəffaflıq və tənzimləmə problemləri ola bilər.  
 
Dövlət təhsilində  istehlakçının ödədiyi pul ilə maliyyə qərarını verən subyekt eyni deyil. Vəsaitin böyük hissəsi vergi ödəyicilərindən gəlir.  Dövlət “pulun sahibi” ilə “pulun xərclənməsinə qərar verən” arasında körpüdür.  Məhz buna görə dövlət sektorunda  şəffaflıq + audit + nəticəyönlü büdcə + ictimai hesabatlılıq xüsusi əhəmiyyət daşıyır.
 
Təhsil iqtisadiyyatı  hələ də ayrıca idarəetmə sistemi kimi qurulmayıb... 
 
Azərbaycan təhsil siyasəti uzun illər daha çox  müəllim → məktəb → universitet → kurikulum → qəbul → diplom  məntiqi ilə müzakirə olunub.  Halbuki bunların hamısının arxasında iqtisadi mexanizm dayanır:  insan resursları → maliyyə → infrastruktur  → satınalma→  texnologiya → idarəetmə  → nəticə.  Bu mexanizmləri bir-birindən ayırmaq təhsili sırf pedaqoji məsələ kimi görmək deməkdir.  Halbuki təhsil sistemi eyni zamanda nəhəng insan kapitalı istehsal edən iqtisadi institutdur.   
 
Təhsil strategiyasından əlavə  “Təhsil İqtisadiyyatı Strategiyası” da  ayrıca sənəd  kimi hazırlammalı idi.  Nəzərə alsaq ki, təhsil menecerləri komandası  pedaqoqlardan yox, iqtisadçı, maliyyəçi, hüquqşünaslardan ibarətdir, onda bu sənəd 12 il əvvəl  hazırlanmalı idi. 
 
Təhsil maliyyəsində “xərc” deyil, “investisiya portfeli” məntiqi…
 
Azərbaycanın təhsil büdcəsinin aşağıdakı kimi düşünülməsi  məqsədəuyğun olardı:
 
1. İnsan kapitalına investisiya.  Müəllim, professor, tədqiqatçı.
 
2. İnfrastruktura investisiya.  Məktəb, laboratoriya, rəqəmsal infrastruktur.
 
3. Innovasiyalara  investisiya.  Sİ,    EdTech, R&D, startaplar.
 
4. Gələcəyə investisiya. Yeni yaranan texnologiyalar və gələcək peşələr. 
 
Bizdə əsas II istiqamətə yönəlib, digərləri isə cüzidir.  Bu bölgü büdcənin yalnız “mənimsənilməsi” deyil, strateji portfel kimi idarə olunmasına imkan verər.
 
Hər böyük təhsil layihəsindən əvvəl  “təhsil investisiya analizi” aparılmalıdır
 
Məsələn, 100 milyon manatlıq yeni layihə təklif olunursa, qərardan əvvəl bu 5 suala cavab verilməlidir:  Nə qədər xərc tələb edir?  Alternativ variant nədir? Bu investisiya neçə il ərzində nəticə verəcək? Nəticə necə ölçüləcək?  Layihə uğursuz olarsa nə baş verəcək? Bu, xərc-fayda təhlili + xərc-səmərəlilik təhlili + həyat dövrü  qiymətləndirməsi  mexanizmlərinin təhsil siyasətinə daxil edilməsini tələb edir.   Xüsusilə tikinti layihələrində yalnız binanın tikilmə qiyməti deyil, onun sonrakı 20–30 illik  istismar + təmir + enerji + rəqəmsallaşdırma + avadanlıq   xərcləri də hesablanmalıdır.
 
Təhsilin yeni-yeni maliyyələşmə modellərinə ehtiyacı var...
 
2026-cı ildə məktəbəqədər təhsil üçün valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi barədə Prezident Fərmanı imzalanıb. Model dövlət dəstəyinin məqsədli vəsait hesabına maliyyələşdirilməsini nəzərdə tutur.  Bu cür yanaşmalar göstərir ki, təhsil maliyyəsinin gələcəyi yalnız klassik “dövlət büdcəsi → dövlət müəssisəsi” modelindən ibarət olmaya bilər.  Gələcəkdə  ümumtəhsil məktəbləri üçün də belə modelin yaradılması barədə söhbətlər eşidilir. Məktəblərin PHŞ edilməsi ideyaları da burdan qaynaqlanır.  Perspektivdə  dövlət + ailə + özəl sektor + sosial fondlar + nəticəyönlü maliyyələşmə kombinasiyaları daha böyük rol oynaya bilər.
 
Təhsil iqtisadiyyatının ən vacib nəticəsi  insan kapitalının məhsuldarlığıdır...
 
Təhsil xərclərinin son məqsədi yalnız diplom sayını artırmaq olmamalıdır.  Əsas nəticə öyrənmə → kompetensiya → məhsuldarlıq → məşğulluq → gəlir → innovasiya → vergi → iqtisadi artım zənciridir.  Azərbaycan üzrə Dünya Bankının təhlili müəyyən etdiyi kimi, ölkədə təhsil səviyyəsi nisbətən yüksək olsa da, insan kapitalının məhsuldarlığı potensialdan aşağı qala bilər. Bu isə “daha çox təhsil”lə “daha yaxşı təhsil” arasında fərq olduğunu göstərir.  Deməli, təhsilin iqtisadi səmərəliliyini ölçərkən məktəbdə neçə şagird var? və  universitet neçə tələbə qəbul edib? kimi göstəricilər yox,  nə öyrəndilər? nə bacardılar?  iqtisadiyyatda nə yaratdılar?   kimi göstəricilər önə çıxmalıdır.
 
Azərbaycan üçün yeni “Təhsil İqtisadiyyatı Modeli”
 
Bu məqsədlə  aşağıdakı təşkilati sistemi təklif edilə bilər:
 
1.Milli Təhsil İqtisadiyyatı Observatoriyası.  
 
Bu qurum hər il  təhsil xərclərini, şagird və tələbə başına maliyyələşməni, regionlar üzrə xərcləri, proqramların xərc-səmərəliliyini,  məzunların məşğulluğunu, əmək bazarı nəticələrini, investisiya layihələrinin geri dönüşünü, satınalmaların iqtisadi səmərəsini təhlil etməlidir.
 
2.Təhsil investisiyalarının vahid reyestri. 
 
Dövlət təhsil sektorunda həyata keçirilən bütün iri  təhsil investisiyaları  burada görünməlidir:  layihənin dəyəri → məqsədi → icraçı → müddət → nəticə indikatorları → faktiki nəticə.
 
3.Nəticə Büdcəsi. 
 
Məktəb və universitetlərin maliyyələşməsinin bir hissəsi real nəticələrlə əlaqələndirilməlidir.
 
4. İctimai Dəyər Auditi. 
 
Audit yalnız “qanuna uyğun xərclənibmi?” sualına yox, həm də “cəmiyyət üçün dəyər yaradılıbmı?”  sualına da cavab verməlidir.
 
Göründüyü kimi,  təhsilin iqtisadiyyatı təhsil sisteminin  özəyidir.  Çünki təhsil sistemi  pul → insan → bilik → bacarıq → məhsuldarlıq → innovasiya → iqtisadi nəticə   zənciri yaradır.   Bu zəncirin hər hansı həlqəsi zəiflədikdə dövlətin təhsilə yatırdığı vəsaitin iqtisadi gəlirliliyi azalır.   Bu səbəblərdən  Azərbaycanın təhsil siyasətində mühüm konseptual dəyişiklik lazımdır. Əsas məsələ  təhsil büdcəsini necə artırılması yox,  təhsil investisiyasının hər manatından necə  ictimai və iqtisadi dəyər yaradılması   olmalıdır.  
 
Bu  proseslərdə  “Hesablama Palatası”nın auditləri və monitorinqləri mühüm nəzarət alətidir. Lakin audit son mərhələ deyil. Audit qanun pozuntusunu və ya səmərəsizliyi aşkarlaya bilər, təhsil iqtisadiyyatının məqsədi isə belə problemlərin yaranmasını əvvəlcədən azaldan idarəetmə sistemi qurmaqdır.  Bu sistemdə hər manatın əvvəlcədən məqsədi, xərclənərkən nəzarəti, xərcləndikdən sonra isə nəticəsi olmalıdır. Təhsilin həqiqi uğur göstəricisi yalnız büdcənin icra faizi ola bilməz.  Əsl göstərici  xərclənmiş vəsait → öyrənmə nəticəsi → formalaşmış insan kapitalı → artmış məhsuldarlıq → yaradılmış sosial və iqtisadi dəyər  zənciri olmalıdır. 
 
Təhsilə xərclənən hər manat gələcək insan kapitalının və iqtisadi dəyərin ölçülə bilən artımına xidmət etməlidir.  Bu tezis Azərbaycanın yeni təhsil siyasətinin əsas prinsiplərindən biri olmalıdır.  Bu prinsip həyata keçirilmədikdə, hətta böyük büdcə belə, zəif nəticə yaradacaq.  Əgər düzgün strategiya, elmi əsaslandırılmış prioritetlər, peşəkar kadr siyasəti, şəffaf maliyyə mexanizmləri və nəticəyönlü büdcələşmə birləşdikdə təhsil dövlət büdcəsinin istehlakçısından çıxaraq milli iqtisadiyyatın ən mühüm uzunmüddətli kapital yaradıcısına çevrilir.  Azərbaycanın təhsil iqtisadiyyatı üçün əsas strateji məsələ ayırdığımız pulun hansı hissəsini real insan kapitalına, hansı hissəsini inzibati xərclərə, hansı hissəsini isə ölçülə bilən nəticəyə çevirə bilirik kimi olmalıdır. Bu sualın cavabı Azərbaycanın təhsil sisteminin gələcək iqtisadi səmərəliliyini müəyyən edəcək...
 
Müəllif: 
Dosent İlham Əhmədov