Ermənistanla Sülh Sazişi imzalanmamış erməni malının Bakıya gəlməsi tez deyil ki, yoxsa?..- Akif Nağı cavablandırır
05 Sep 2026, 17:57 36 baxış 9 dəq oxuma
“İndiki durumda Ermənistanla münasibətləri bu dərəcədə istiləşdirməyə ehtiyac yoxdur...”
“Çünki ermənilərə tam etibar etmək olmaz. Bunu tarix göstərir. Onlar öz siyasətlərini və mövqelərini tez-tez dəyişirlər, dediklərindən geri çəkilirlər, imza atdıqları sənədlərə həmişə hörmətlə yanaşmayıblar...”
Xəbər verildiyi kimi, Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı baş tutub. Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında məlumat verib. Paşinyan hələlik ixrac olunan məhsulun növünü və digər detalları açıqlamayıb, bununla bağlı məlumatın əlaqədar şirkətlər tərəfindən veriləcəyini bildirib.
Bundan öncə Azərbaycan tərəfindən də Ermənistana müxtəlif neft məhsulları, o cümlədən dizel yanacağı və benzin ixrac olunub, həmçinin Azərbaycan ərazisindən Ermənistana Rusiya və Qazaxıstsandan tranzit daşımaları həyata keçirilib. Xatırladaq ki, cari ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Ermənistandan Azərbaycana 960 ABŞ dolları dəyərində ilk kiçik həcmli mal idxalı da qeydə alınıb.
Qeyd edək ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşdən sonra yayılan rəsmi bəyanatlarda da iqtisadi və ticarət əlaqələrinin qurulmasının vacibliyi vurğulanıb.
Bəs görəsən, Azərbaycan və Ermənistan arasında Sülh Sazişi imzalanmamış, münasibətləri bu dərəcədə istiləşdirmək, hətta erməni mallarının Bakıya gətirilməsinə şərait yaratmaq nə dərəcədə doğrudur? Yoxsa elə dünyadakı mövcud gərgin geo-siyasi durumda Sülh Sazişinin tezləşməsi üçün məhz belə addımlar atmaq gərəkdir və bu, hər iki xalqın gələcəyi üçün faydalıdır?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı məsələyə münasibət bildirib.
Akif Nağı bildirib ki, bu kimi məsələlərdə dövlət öz siyasətini və ölçülərini müəyyənləşdirir. Onun sözlərinə görə, Ermənistanın Konstitusiyasını dəyişdirib-dəyişdirməməsi, mal mübadiləsinin aparılması, ixrac-idxal məsələləri və digər istiqamətlərdə atılacaq addımlar dövlətin müəyyən etdiyi siyasətə uyğunlaşdırılır.
Partiya sədri qeyd edib ki, dövlətin bu məsələlərlə bağlı daha çox məlumatı var və siyasətini də buna uyğun qurur.
Akif Nağı vurğulayıb ki, şəxsən onun və rəhbərlik etdiyi partiyanın mövqeyi Ermənistanla münasibətləri istiləşdirməyə, yaxşılaşdırmağa və bu münasibətlərə çoxvektorlu istiqamət verməyə hələ ehtiyac olmadığı yönündədir.
O, bunun səbəbi kimi Ermənistan tərəfinə etibar etmədiklərini göstərib. Akif Nağı qeyd edib ki, bu, sadəcə psixoloji baryer deyil və tarix Ermənistanın siyasətini tez-tez dəyişdirdiyini, mövqelərindən geri çəkildiyini və imzaladığı sənədlərə həmişə hörmətlə yanaşmadığını göstərir.
Partiya sədri hesab edir ki, Ermənistan tərəfinin dediklərinə tam etibar edərək onun əllərinin güclənməsinə şərait yaratmaq olmaz.
Akif Nağı hazırda müxtəlif malların Ermənistandan Azərbaycana gətirilməsi məsələsinin gündəmə gəldiyini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana, eləcə də Azərbaycandan Ermənistana artıq müxtəlif məhsullar, o cümlədən yanacaq, taxıl və digər mallar göndərilir.
Bununla belə, o, bu məsələlərdə tələsmədən və maksimum ehtiyatla hərəkət etməyin vacibliyini vurğulayıb. Akif Nağının sözlərinə görə, Ermənistanla münasibətlərdə mümkün qədər ləng və ehtiyatlı davranmaq daha məqsədəuyğundur.
Partiya sədri Ermənistandan Azərbaycana mal göndərilməsinin zəruriliyini də sual edib:
“İndi Ermənistandan bizə mal göndərilməsi gözlənilir. Başa düşmürəm, Azərbaycanda kim alacaq onların malını, niyə alacaqlar, nə üçün alacaqlar? Bizim nə ehtiyacımız var onların göndərdiyi mala? Hansı zərurət var ki, onların məhsullarını biz alaq?
Onların hansı malları var ki, Azərbaycanda ona ehtiyac var? Söhbət gündəlik tələbat mallarından gedirsə belə, onların alternativlərini başqa ölkələrdən də gətirmək mümkündür. Özləri Avropaya göndərirlər, başqa ölkələrə göndərirlər, özləri bilərlər. Bizim onların mallarını almağımıza heç bir ehtiyacımız yoxdur”.
Akif Nağı hesab edir ki, əgər bu addımlar hansısa siyasi məqsədlə həyata keçirilirsə, belə bir siyasət oyununa da ehtiyac yoxdur. O bildirib ki, Ermənistan tərəfinin və ya Qərbin verəcəyi reaksiyalar Azərbaycanın gələcək strategiyasını müəyyənləşdirməməlidir.
“Ermənilərin, yaxud Qərbin nə deməsinin Azərbaycanın gələcək strategiyası üçün əsas olmadığını düşünürəm. Bunu Azərbaycan rəhbərliyinin davranışı, siyasəti də göstərir. Onsuz da biz sülh üçün hər şeyi etsək də, onlar nəsə tapıb danışacaqlar. İkincisi də, siyasətdə hər hansı məsələyə “yox” deməyin o qədər formaları var ki, o “yox” həmin prosesin içərisində itir. Biz onların nə demək istədiklərini bilirik və buna görə də öz siyasətimizi müəyyənləşdirməliyik”.
Partiya sədri bir daha vurğulayıb ki, Azərbaycan öz siyasətini özü müəyyənləşdirməlidir:
“Ona görə də hesab edirəm ki, biz özümüz öz siyasətimizi müəyyənləşdirməliyik. Kimin nə deməsinin bizim üçün heç bir fərqi olmamalıdır. Bizim mövqeyimiz öz maraqlarımıza əsaslanmalıdır”.
Siyasətçi diqqətə çatdırıb ki, Qərbdə Azərbaycana və enerji təhlükəsizliyi məsələsinə maraq var. Onun sözlərinə görə, dünyada Şərq-Qərb nəqliyyat marşrutları, xüsusilə Orta Dəhlizlə bağlı Azərbaycana maraq böyükdür.
O qeyd edib ki, Azərbaycanın öz maraqları kifayət qədər çoxdur və Ermənistanla münasibətlərə görə bu maraqlar ikinci plana keçirilməməlidir.
Akif Nağı Azərbaycan-Ermənistan münasibətlərində Zəngəzur dəhlizi məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanı Ermənistanla birləşdirən əsas məsələlərdən biri Zəngəzur dəhlizidir və bu, Azərbaycanın qarşısında duran əsas məsələlərdəndir.
Partiya sədrinin sözlərinə görə, hazırda ABŞ da Zəngəzur dəhlizi məsələsi ilə ciddi məşğuldur. O, hesab edir ki, məsələ həllini tapdıqdan sonra dəhliz əsasən Vaşinqtonun təsiri altında olacaq və Ermənistanın burada o qədər də böyük təsir imkanları qalmayacaq.
Həmsöhbətimiz qeyd edib ki, layihənin cəmi 24 faizi Ermənistanın payına düşür və həmin payın da Qazaxıstan və Qırğızıstan arasında bölüşdürülməsi məsələsi gündəmdədir. O vurğulayıb ki, bu baxımdan Zəngəzur dəhlizinin açılmasına Ermənistanın ciddi müqavimət göstərmək imkanları yoxdur.
Bununla yanaşı, partiya sədri digər məsələlərdə Ermənistanın mövqeyinin hələ də birmənalı olmadığını bildirib. O, anklav və eksklav hesab edilən kəndlərin, o cümlədən Kərkinin və Başkəndin qaytarılması məsələlərini diqqətə çatdırıb.
Akif Nağı həmçinin Ermənistan tərəfinin zaman-zaman Bakıda həbsdə olan separatçı-terrorçu ermənilərin məsələsini gündəmə gətirməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, Ermənistan bu şəxsləri “hərbi əsirlər” kimi təqdim etməyə çalışır.
“Bir sözlə, onların hələlik düzgün yolda olduqlarına tam şəkildə əmin deyilik. Ona görə də onlara etibar edib münasibətləri sürətlə inkişaf etdirməyə ehtiyac yoxdur”, – deyə siyasətçi vurğulayıb.
Partiya sədri qeyd edib ki, Azərbaycanın siyasətinin əsasını Ermənistanın və ya Qərbin nə deyəcəyi deyil, ölkənin öz maraqları təşkil etməlidir.
O, Azərbaycanın enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat marşrutları və Orta Dəhliz kimi mühüm istiqamətlərdə kifayət qədər geniş maraqlarının olduğunu bir daha diqqətə çatdırıb.
Akif Nağı fikirlərini belə yekunlaşdırıb:
“Bizim öz maraqlarımız kifayət qədər çoxdur. Ermənilərə görə heç kəs bizim öz siyasətimizi, öz maraqlarımızı ikinci plana keçirməməlidir. Biz öz maraqlarımızı qorumalı və həmin maraqlarımıza uyğun siyasət yürütməliyik”.