“Azərbaycan ABŞ-İran qarşıdurması fonunda gedən son proseslərdə regiona sabitlik gətirən qüvvədir...”
05 Sep 2026, 18:48 34 baxış 5 dəq oxuma
“Rəsmi Bakının mövqeyi aydındır: ölkə ərazisi İrana və ya bölgədəki digər dövlətlərə qarşı istifadə oluna bilməz...”
ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycanla bağlı son açıqlaması bəzi erməni mediası və telegram- kanallarında geniş şəkildə gündəmə gətirilib. Vens sentyabrın 3-də Ağ Evdəki brifinqdə Azərbaycanın Türkiyə, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı ilə birlikdə ABŞ-a İranın kommersiya gəmilərinə qarşı tədbirlər görülməsi məsələsində qeyri-rəsmi dəstək verdiyini bildirib. Bununla belə, vitse-prezident Azərbaycanın konkret olaraq hansı addımları atdığını açıqlamayıb. ABŞ-ın bu açıqlamasından sonra bəzi erməni media resursları məsələni Azərbaycan-İran münasibətləri kontekstində təqdim etməyə çalışıb. Xüsusilə “Qafqazər” “Teleqram” kanalı Vensin sözlərinin Azərbaycanla İran arasında “dostluq görüntüsünün” arxasında başqa proseslərin getdiyinə dair iddiaları gücləndirdiyini irəli sürüb. Kanal bununla yanaşı, Azərbaycan ərazisində İsrail kəşfiyyatının fəaliyyəti barədə daha əvvəl yayılan iddiaları da yenidən gündəmə gətirib. Beləliklə, Vensin konkret detal açıqlamadığı bəyanatının bəzi media resurslarında Azərbaycana qarşı müxtəlif iddiaların və manipulyativ yanaşmaların yayılması üçün istifadə edildiyi görünür.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb.
Tofiq Zülfüqarov bildirib ki, indiki mərhələdə ABŞ onsuz da mütəmadi olaraq administrasiyası İranla bağlı mütəmadi olaraq ziddiyyətli fikirlər səsləndirir. Onun sözlərinə görə, bu cür bəyanatlar həm Azərbaycana, həm də digər ölkələrə aid məsələlərdə səsləndirilir.
“İsrail özü də bir çox hallarda səsləndirilən bəyanatlara, yumşaq desək, tənqidi yanaşır. Mən İranı demirəm, İsrailin özünü deyirəm”, – deyə keçmiş nazir qeyd edib.
Sabiq baş diplomat hesab edir ki, Azərbaycana aid səsləndirilən bu bəyanatın real siyasətlə əlaqəsi və gerçəkliyə uyğunluğu yoxdur. O, bunun səbəblərindən biri kimi Azərbaycanın İranla son dövrlərdə inkişaf edən münasibətlərini göstərib.
Keçmiş nazir diqqətə çatdırıb ki, bu yaxınlarda Bişkekdə ŞƏT sammiti çərçivəsində keçirilən görüşlər zamanı İran prezidenti digər bölgə ölkələri liderləri ilə, xüsusən Azərbaycan rəhbəri ilə çoxsaylı görüşlər keçirib.
O vurğulayıb ki, son vaxtlar Azərbaycan-İran münasibətlərində çox müsbət tendensiya müşahidə olunur və bu, həm Azərbaycan, həm də İran prezidentləri tərəfindən ictimaiyyətə nümayiş etdirilir.
“Bunun bu şəkildə göstərilməsi, hesab edirəm ki, hansısa razılaşdırılmış siyasətin göstəricisidir”, – deyə Tofiq Zülfüqarov bildirib.
Azərbaycanın mövqeyinə də toxunan keçmiş nazir qeyd edib ki, bu məsələdə yeni və əlavə fikir bildirməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi aydındır: ölkə ərazisi İrana və ya bölgədəki digər dövlətlərə qarşı istifadə oluna bilməz.
Siyasi şərhçi əlavə edib ki, qarşılıqlı istək arada olan müəyyən ziddiyyətli məsələlərin qısa müddətdə sivil yollarla həllini tapmasından ibarətdir.
Keçmiş xarici işlər naziri Azərbaycan və İran dövlət başçılarının son görüşlərinə də diqqət çəkib. O bildirib ki, liderlərin etnik, dini və tarixi əlaqələri nümayiş etdirməsi iki ölkə arasında münasibətlərin pozulmasına yol verilməyəcəyini göstərir.
“Biz başa düşürük ki, həm İranı daxilində, həm də İrandan xaricdə bir çox qüvvələr var ki, Azərbaycanla münasibətləri hansısa şəkildə konflikt səviyyəsinə çıxarsınlar. Amma indiki dövrdə İrandakı digər aparıcı qüvvələr daxilində ortaq bir fikir də mövcuddur ki, Azərbaycanla qardaşlıq və dostluq münasibətlərini inkişaf etdirmək lazımdır”, – deyə o vurğulayıb.
Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin inkişafının tərəfdarları hazırda İranın özündə də söz sahibidirlər.
O, eyni zamanda İranın hazırkı vəziyyətinin mürəkkəb olduğunu diqqətə çatdırıb. Keçmiş nazirin sözlərinə görə, ölkə daxilində və xaricində çox mürəkkəb siyasi proseslər gedir.
“Bu baxımdan Azərbaycan son vaxtlar ABŞ-İran qarşıdurması fonunda gedən proseslərdə regiona sabitlik gətirən bir qüvvədir”, – deyə sabiq baş diplomat fikirlərini yekunlaşdırıb.