“Şuşa hər daşı, hər qayası ilə müqəddəsdir və heç kimin bu müqəddəsliyə xələl gətirmək haqqı yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elşən Məhərrəmov bildirib. Yerli turistlərin Şuşa qayalarına müxtəlif adlar yazmasına münasibət bildirən Qarabağ qazisi, bu kimi halların həm qanuni, həm də mənəvi baxımdan yolverilməz olduğunu bildirib:
“Yerli turistlərin Şuşa qayalarına boyalarla adlar yazması, bu qayların görünüşünə xələl gətirməsi haqlı olaraq hər bir azərbaycanlının ciddi narahatlığına səbəb olub.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, başdan-başa tarixi abidə olan doğma Şuşamızda hər hansı qaya, təbiət nümunəsi üzərinə nə isə yazmaq, ona süni şəkildə müdaxilə etmək qəbuledilməzdir. Bu, tariximizə, təbiətimizə qəsd deməkdir. Bu isə qanunun tələbinə zidd olmaqla yanaşı, mənəvi baxımdan da yolverilməzdir.
Bunu da unutmaq olmaz ki, Şuşa şəhid qanı ilə suvarılan, hər daşında, hər qayasında vətən müdafiəçilərinin izi olan müqəddəs bir torpaqdır. Bu cür müqəddəs bir məkanda məsuliyyətsiz davranmaq, qayalara, daşlara, abidələrə müdaxilə etmək, onların üzərinə hansısa adlar yazmaq şəhid ruhlarını da narahat edəcək bir davranışdır. Hesab edirəm ki, hər kəs bu məsələdə həssas və məsuliyyətli yanaşmalı, atdığı hər bir addımın məsuliyyətini dərk etməlidir. Biz tariximizi və təbiətimizi qorumalı, onu gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Bu, bizim tarix və gələcək nəsillər qarşısındakı əsas öhdəliklərimizdən biridir”.
Seymur ƏLİYEV