Zelenski Ukraynanın qarşıdakı aylar üçün “A” və “B” planlarını açıqladı...-FOTO
07 Sep 2026, 08:15 33 baxış 4 dəq oxuma
Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı aylar üçün ölkənin iki fəaliyyət planının olduğunu açıqlayıb. Onun sözlərinə görə, “A planı” diplomatiyanı maksimum sürətləndirməklə Rusiya tərəfindən həyata keçirilən hücumların və eskalasiyanın azaldılmasına nail olmaq, “B planı” isə Ukraynanın ballistik raketlərə və reaktiv dronlara qarşı müdafiə imkanlarını gücləndirməkdir.
Moderator.az bu haqda “Korrespondent” nəşrinə istinadla yazır.
Zelenski bu fikirləri ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla birgə mətbuat konfransında səsləndirib.
Zelenski bildirib ki, Ukraynanın əsas zəif nöqtələrindən biri ballistik raketlərə qarşı müdafiə imkanlarıdır. Onun sözlərinə görə, bu istiqamətdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün yaxın vaxtlarda yeni görüşlər keçiriləcək.
“Biz güclənəcəyik. Norveç və Kanadada görüşlərim olacaq. Bir neçə məsələni həll etməliyik. Ukraynanın antiballistik sistemi ilə bağlı yaxın vaxtlarda müvafiq görüşlərimiz keçiriləcək. Düşünürəm ki, bu nəticəyə mümkün qədər sürətlə doğru irəliləyəcəyik”, – Zelenski deyib.
Ukrayna liderinin sözlərinə görə, ABŞ gələn il ballistik raketlərə qarşı müdafiə sistemləri üçün raketlərin istehsalını artıracaq və Kiyev həmin silahları əldə etməyə ümid edir.
“Biz dövlətimizi qorumaq üçün belə sistemlərə ümid edirik və buna görə də gələn il həcmi artıracağıq. Mən buna tam əminəm”, – prezident vurğulayıb.
Zelenski qeyd edib ki, söhbət yalnız Ukraynanın öz antiballistik imkanlarını inkişaf etdirməsindən və ABŞ-da müvafiq vasitələrin istehsalının artırılmasından getmir. Onun sözlərinə görə, Ukraynanın Almaniya ilə lisenziyalar üzrə “düzgün razılaşmaları” da mövcuddur.
Ukrayna Prezidenti həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyada keçiriləcək seçkilər ərəfəsində zərbələri gücləndirir. Zelenski Ukraynanın hər hücuma cavab verdiyini və bundan sonra da cavab verəcəyini bəyan edib.
Rusiya ordusunun reaktiv dronlarından müdafiəyə gəlincə, Zelenski hazırda Ukraynada 67 şirkətin kütləvi şəkildə dronların qarşısını alan interceptorlar istehsal etmək imkanına malik olduğunu bildirib.
“Bəzi şirkətlər var ki, nəticə göstəriblər. Hazırda üç-beş şirkətimiz var və biz onların bu imkanları kütləvi şəkildə istehsal edəcəyinə ümid edirik”, – deyə Zelenski bildirib.
O, reaktiv dronlara qarşı müdafiəni hazırda xüsusilə aktual olan “B planı” adlandırıb. Bununla belə, Ukrayna prezidentinin sözlərinə görə, əsas prioritet “A planı” – diplomatik imkanların maksimum sürətləndirilməsi və eskalasiyanın azaldılmasıdır.
Zelenski bildirib ki, Ukrayna Rusiyanın eskalasiyanı azaltmasının vacibliyindən danışır. Tərəfdaşları isə həm Rusiya, həm də Ukrayna tərəfindən eskalasiyanın azaldılmasının əhəmiyyətini vurğulayırlar.
Qeyd edək ki, Kiyevdə Ukrayna, ABŞ və Avropa ölkələrinin nümayəndələri arasında keçirilən görüşlərdə danışıqlar prosesinin davam etdirilməsi üçün yeni yanaşmalar müzakirə olunub. Zelenskinin sözlərinə görə, yaxın həftələrdə tərəflər konkret addımların hazırlanmasına keçə bilərlər.