“Çevik Ağılsız və Yazıqlar Ordusunun qurduğu tələyə düşməyin - səbirli və təmkinli olun!..”
07 Sep 2026, 11:31 34 baxış 12 dəq oxuma
“Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır...”- Qurani-Kərim
“Yaxşılıqla pislik eyni deyil. (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!)...”- Qurani-Kərim
"Onun Qəbələdə guya döyülməsi barədə yayılan məlumat həqiqətdirsə, bunu müdafiə etmək olmaz; süni zəka hesabına düzülüb-qoşulmuş saxta xəbərdirsə, onu yaymaq da olmaz..."
“Bu dünyada gücsüz görünən bir insanın Allah qarşısında dəyəri dünyanın ən güclü hökmdarından üstün ola bilər...”
"Süni zəka yaratmaq başqa şeydir, şüurun, vicdanın, ölümün və əbədi həyatın sirrini həll etmək tamam başqa. Həm də imansız, yəni Allahın varlığına şəkk etməklə ağıllı olmaq absurddur..."
"Kimsə İslamı təhqir edirsə, onun səviyyəsinə enmək müsəlmanın qələbəsi deyil. Əksinə, həmin adamın qurduğu tələyə düşməkdir... Çünki təxribatçının ən böyük arzusu məhz budur: müsəlman qəzəblənsin, söysün, vursun və sonra həmin görüntü “İslamın mahiyyəti” kimi dünyaya təqdim edilsin..."
“Ağıllı insan hər bildiyini deməz, güclü insan hər təhqirə cavab verməz, mömin insan isə qəzəbinin əsiri olmaz...”
-FİKİR SAVAŞI...-
...Son günlər Azərbaycanda İslama, müsəlmanlara və milli-mənəvi dəyərlərə qarşı sosial şəbəkələrdə təhqiramiz çıxışları ilə seçilən, guya Qarabağ qazisi olan “Çevik” ləqəbli bloqçu barədə müzakirələr artır. Təbii sual yaranır: bu adam kimdir, hansı məqsədə xidmət edir, arxasında kimlər dayanır? Bunun cavabını emosiyalarla deyil, faktlarla, maliyyə və əlaqə izləri ilə araşdırmaq lazımdır. Ortada sübut yoxdursa, hansısa xarici və ya yerli dairənin onu idarə etdiyini iddia etmək jurnalistikanın deyil, fərziyyənin predmetidir...
Amma bir məsələni heç bir araşdırmaya ehtiyac olmadan görmək mümkündür: İslama qarşı çıxanların bir qismi həqiqətən çevikdir, lakin çeviklik hələ ağıl demək deyil. Onlar informasiya texnologiyalarından, süni intellektdən, sosial şəbəkələrdən, gen mühəndisliyindən, müasir silahlardan istifadə etməyi bacara bilərlər. İnsan DNT-sini oxuya, dəyişə, klonlaşdırma üzərində təcrübələr apara, maşınlara insan dilini öyrədə bilərlər. Lakin bütün bunlar insanın öz mahiyyətini və həyatın son mənasını dərk etdiyini göstərmir... Başqa sözlə, dünyəvi cəhətdən elmli olmaq –hələ ağıllı olmaq demək deyil...
Qurani-Kərim bu paradoksu əsrlər əvvəl ifadə edib:
“Xeyr! İnsan azğınlıq edər. Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür...” (Ələq, 96:6–7).
Deməli, məsələ texnologiyanın olub-olmamasında deyil. Məsələ insanın həmin texnologiyanın qarşısında özünü kim hesab etməsindədir. Kainatın milyardlarla sirrini açmaq istəyən insan kainatı kimin yaratdığı sualını qəsdən kənara qoyursa, hüceyrənin quruluşunu öyrənib həyatın özünü yaratdığını düşünürsə, süni intellekt yaradıb özünü zəkanın sahibi sayırsa, burada elm yox, elmin yaratdığı qüdrət qarşısında təkəbbür meydana çıxır...
Elə buna görə “ağılsız” deyəndə onların heç nə bilmədiyini nəzərdə tutmuram. Əksinə, çox şey bilə bilərlər. Ağılsızlıq burada bildiklərinin sərhədini bilməməkdir. Atomun quruluşunu bilmək başqa şeydir, varlığın səbəbini bilmək başqa. DNT-ni dəyişmək başqa şeydir, həyatın niyə mövcud olduğunu izah etmək başqa. Süni zəka yaratmaq başqa şeydir, şüurun, vicdanın, ölümün və əbədi həyatın sirrini həll etmək tamam başqa. Həm də imansız, yəni Allahın varlığına şəkk etməklə ağıllı olmaq absurddur...
Bəs niyə “yazıqdırlar”?..
Çünki dünyadakı güclərini əbədi zənn edirlər...
Qəzzaya baxın:
Müasir dünyanın ən inkişaf etmiş hərbi texnologiyalarından istifadə etməklə on minlərlə insanın öldürülməsi, onların arasında qadınların, uşaqların və qocaların olması həmin texnologiyanın sahibini mənəvi baxımdan üstün etmir. Əksinə, insan həyatını qorumaq üçün yaradıldığı iddia olunan sivilizasiyanın bir uşağın həyatını belə, qoruya bilməməsi onun mənəvi böhranını, alçaqlığını, mənən çürüklüyünü göstərir...
Ukraynaya baxın:
Dünyanın ən böyük hərbi-siyasi gücləri illərdir davam edən müharibəni dayandıra bilməyib. Nəticədə yenə adi insanlar ölür, evlər dağılır, ailələr parçalanır, milyonlarla insan öz yurdunu tərk edir. Raketin daha uzağa uçması, dronun daha dəqiq vurması, süni intellektin daha sürətli işləməsi insanlığı avtomatik olaraq daha ağıllı və daha ədalətli etmir...
Eyni mənzərəni İranda da görürük:
Müharibələrin, qarşıdurmaların və geo-siyasi hesablaşmaların ortasında ölənlər çox vaxt həmin qərarları verənlər deyil, sıravi insanlardır. Bu mənzərələr bir həqiqəti göstərir: texniki üstünlük mənəvi üstünlük deyil...
Məhz buna görə dünyaya yalnız maddi gücün gözü ilə baxan, Allahın varlığını dərk etməyən, Onun yoluyla getməyə çalışmayan adam yazıqdır. Çünki o, insan həyatının son dayanacağının məzar olduğunu düşünür, amma mömin üçün məzar son deyil. Qurana görə insanın həqiqi həyatı Axirətlə davam edir. Bu dünyada gücsüz görünən bir insanın Allah qarşısında dəyəri dünyanın ən güclü hökmdarından üstün ola bilər...
Odur ki, Qəzzada öldürülən uşağı “yazıq”, onu öldürməyə imkan verən hərbi-siyasi sistemi isə “güclü” adlandırmaq çox böyük yanılmadır. Ukraynada evindən didərgin düşən ailəni “məğlub”, minlərlə insanın ölümünə səbəb olan siyasi qərar sahibini “qalib” hesab etmək də belə...
...Onlar teoloji, yəni iki aləm: bu dünya və Axirət baxımından yazıqdırlar. Ona görə ki, yazıq hesab etdikləri müsəlmanların, qurduqları savaşlar nəticəsində həlak olan insanların Cənnətə düşəcəyi, özlərinin isə Cəhənnəm odunda yanacaqlarını dərk etmirlər. Odur ki, bunlar Çevik Ağılsız və Yazıqlar Ordusudurlar...
Qalib kimdir?..
Bu sualın cavabını yalnız bu dünyanın statistikası ilə vermək olmaz...
İndi gələk “Çevik” məsələsinə. Onun Qəbələdə guya döyülməsi barədə yayılan məlumat həqiqətdirsə, bunu müdafiə etmək olmaz; süni zəka hesabına düzülüb-qoşulmuş saxta xəbərdirsə, onu yaymaq da olmaz...
İslam təhqirə qarşı zorakılığı cavab vasitəsi kimi təqdim etmir. Quranda buyurulur:
“Yaxşılıqla pislik eyni deyil. (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Fussilət, 41:34).
Kimsə İslamı təhqir edirsə, onun səviyyəsinə enmək müsəlmanın qələbəsi deyil. Əksinə, həmin adamın qurduğu tələyə düşməkdir... Çünki təxribatçının ən böyük arzusu məhz budur: müsəlman qəzəblənsin, söysün, vursun və sonra həmin görüntü “İslamın mahiyyəti” kimi dünyaya təqdim edilsin...
Buna imkan vermək olmaz.
Qurani-Kərimin “Əl-Ənam” surəsinin 108-ci ayəsində belə buyurulur:
“Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir. (Yuxarıdakı ayədən də aydın olduğu kimi, hər hansı xalqın, yaxud fərdin müqəddəs hesab etdiyi şeylərə söyməmək və onları təhqir etməmək lazımdır. Çünki bu kimi hərəkətlər nəticəsində onlar da buna reaksiya verərək müsəlmanların müqəddəs saydıqlarına və Allaha qarşı nalayiq sözlər sərf edər, yaxud təhqir edə bilərlər)”...
Türkü, Azərbaycanı, Türkiyəni, İslamı təhqir edənlərin cavabını hüquq çərçivəsində, ağıl və arqumentlə vermək lazımdır. Bizdən əsəbi reaksiya gözləyənlərə səbir göstərmək zəiflik deyil. Əksinə, özünü idarə edə bilmək - gücdür...
Biriləri çıxıb müsəlmanları, türkləri Azərbaycanı söyür, Türkiyə və Azərbaycanı işğal edəcəkləri, qarşılarında, bayraqları qarşısında diz çökməyə məcbur edəcəkləri, biabırçı sözlərlə onlardan üzr istəyəcəyimizi xəyal edirlər. Odur ki, onların belə cılız təxribatlarına “it hürər – karvan keçər” prinsipi ilə prinsipi ilə reaksiya vermək lazım deyil...
Bu yazıqlar hələ də düşünürlər ki, bayraqlarımızı endirəcək, xalqlarımızı diz çökdürəcək, torpaqlarımızı işğal edəcək və müsəlmanları təhqir etməklə İslamı zəiflədəcəklər. Tarix onlara dəfələrlə başqa cavab verib...
İslamı insanlar yaratmayıb ki, insanlar da onu yox edə bilsinlər. Qurani-Kərimdə deyilir:
“Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.” (Saff, 61:8).
Buna görə “Çevik Ağılsız və Yazıqlar Ordusu”nun cılız təxribatlarına görə nə imanımızı, nə əxlaqımızı, nə də təmkinimizi itirməliyik.
Qoy onlar söysünlər. Qoy provakasiya, təxribat etsinlər. Qoy özlərini dünyanın sahibi hesab etsinlər...
Biz isə özümüzə nəzarət edək.
Çünki ağıllı insan hər bildiyini deməz, güclü insan hər təhqirə cavab verməz, mömin insan isə qəzəbinin əsiri olmaz.
Biz öz yolumuzda möhkəm, prinsipial olsaq, hər bir düşüncəmizə, əməlimizə diqqət etsək, heç kəs, heç bir qüvvə, heç bir qlobal güc mərkəzi bizi yolumuzdan çıxarıb azdıra, bədbəxtliyə düçar edə bilməz...
“Kim Allahdan möhkəm yapışsa, artıq doğru yola yönəldilmişdir...” (Ali-İmran, 3:101).
"Çünki iman gətirib Rəbbinə təvəkkül edənlər üzərində Şeytanın hakimiyyəti yoxdur" (Nəhl, 16:99).
Su sənəyi suda sınar... Bunlar da tezliklə öz küfrlərində boğulub məhv olacaqlar, inşə Allah...
İnşəAllah, kimin hansı yolda olduğu son nəticədə bəlli olacaq. Bizim işimiz isə karvanı hürən itlərin səsinə görə dayandırmaq yox, haqq bildiyimiz yolda səbir və təmkinlə davam etməkdir...