Rusiya-Ukrayna müharibəsində PUA hücumlarının coğrafiyası getdikcə genişlənir. Ukrayna bu dəfə Rusiyanın cəbhə xəttindən uzaqda yerləşən Çuvaşiya və Tatarıstan istiqamətlərini hədəfə alıb. Çuvaşiyada mobil rabitə qülləsinin zədələndiyi, Tatarıstanın Nijnekamsk rayonunda isə kütləvi PUA hücumunun qarşısının alındığı açıqlanıb.


Əslində burada diqqət çəkən yalnız hücumların baş verməsi deyil, onların coğrafiyası və seçilən hədəflərdir. 






Ukrayna Rusiya ərazisinin dərinliklərinə doğru PUA imkanlarını genişləndirərək hansı strateji nəticəni əldə etməyə çalışır?


Və ən mühüm məsələ: Rusiyanın dərinliklərində bu cür hücumların artması müharibənin gedişatında real hərbi dəyişiklik yarada bilərmi?


Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Elçin Xalidbəyli açıqlama verib. 


Siyasi şərhçi bildirib ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi hərbi zərbələr artıq real nəticələrini verməyə başlayıb:

 

"Çünki həm Kremldə, həm də Rusiya cəmiyyətində ictimai əhval-ruhiyyənin neqativ istiqamətdə ciddi şəkildə dəyişdiyi müşahidə olunur. Rəsmi Kiyevin bu zərbələrdə əsas məqsədi Rusiyanın başlatdığı savaşı geri qaytararaq müharibəni Rusiya ərazisinə keçirməkdir.


Əvvəllər Rusiya müharibəni yalnız Ukrayna ərazisində aparır, işğalçı xarakter daşıyan hərbi əməliyyatlar çərçivəsində Ukraynanın şəhər və obyektlərinə zərbələr endirirdi. İndi isə Ukrayna bu vəziyyəti dəyişməyə və müharibəni Rusiya ərazisinə keçirməyə nail olub.


Bu isə Rusiya üçün sarsıdıcı prosesin başlanğıcı deməkdir. Artıq uzun müddətdir ki, sözügedən proses Rusiya cəmiyyətində ciddi sarsıntı və narahatlıq yaradır.


Eyni zamanda, Ukraynanın PUA hücumları Rusiyanın həyati əhəmiyyət daşıyan obyektlərinə yönəlib. Enerji və logistika infrastrukturunun sıradan çıxarılması Rusiyada enerji böhranının yaranmasına səbəb olur. Enerji böhranı isə öz növbəsində Rusiya iqtisadiyyatına neqativ, hətta dağıdıcı təsirlər göstərir.


Təbii ki, bütün bunlar Rusiya üçün ciddi problemdir. Hətta Rusiya siyasi elitasının ayrı-ayrı nümayəndələri də mövcud vəziyyətin ölkə üçün ciddi problemlər yaratdığını dolayısı ilə etiraf etməyə başlayıblar".


Elçin Xalidbəyli vurğulayıb ki, Putinin açıqlamalarında da bu hücumların neqativ nəticələrinə dair müəyyən etiraflar yer alır:


"Bunlar açıq şəkildə ifadə olunmasa da, verilən mesajlarda müəyyən eyhamlar özünü göstərir. Bütün bunlar yaxın gələcəkdə Rusiya üçün daha təhlükəli situasiyanın yaranmasına səbəb ola bilər. Hazırkı vəziyyətdə Ukrayna hərbi qarşıdurmada təşəbbüsü ələ keçirib, Rusiyanın isə buna adekvat cavab vermək imkanları getdikcə zəifləyir. 


Müxtəlif istiqamətlər üzrə silah idxalına cəhd göstərilsə də, Rusiya hələlik ən ciddi dəstəyi Şimali Koreyadan ala bilir. Lakin bu dəstək də müəyyən çərçivə daxilində həyata keçirilən prosesdir.


Əgər proses bu şəkildə davam edərsə, Rusiya üçün daha ağır vəziyyətin yaranması qaçılmaz ola bilər. Bəzi məlumatlara görə, Ukraynanın hərbi üstünlüyü ələ keçirməsi Kremldə ciddi panika və isteriya yaradıb. Qarşıdakı seçkilərdən sonra kütləvi səfərbərliyin elan ediləcəyi ilə bağlı məlumatlar yayılır. 


Hətta səfərbərliyin qeyri-rəsmi şəkildə başladığı barədə də məlumatlar mövcuddur. Bu məlumatlar, eyni zamanda, Rusiyanın əhalisinin ölkədən kütləvi şəkildə çıxması təhlükəsinin də mövcud olduğunu göstərir.


Belə ki, Ukrayna savaşında iştirak etmək istəməyən Rusiya vətəndaşlarının böyük əksəriyyəti ölkəni tərk etməyə cəhd göstərir. Proses bu şəkildə davam edərsə, Rusiya ordusunun həm hərbi texnika, həm də canlı qüvvə baxımından təchizatında ciddi problemlərlə üzləşməsi mümkündür.


Ümumilikdə, Rusiya üçün qara tunel dövrü başlayıb və ölkənin çöküşü olduqca böyük sürətlə davam edir".


Pərvin Şakirqızı