Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində Həkəri körpüsü yaxınlığındakı ərazi ilə bağlı fikir ayrılığı olduğu bildirilir. Ermənistanın Kornidzor kəndinin rəhbəri vəzifəsini icra edən Suren Amaryan sözügedən ərazidə tərəflərin mövqelərinin üst-üstə düşmədiyini açıqlayıb.


“Həkəri körpüsündə delimitasiya ilə bağlı problem var. Azərbaycanlılar irəliləmək istəyirlər, amma biz imkan vermirik. Bu məsələ ilə sərhəd qoşunları məşğul olur, biz müdaxilə etmirik. Azərbaycanlılar deyirlər ki, ‘bizim torpaqdır’, biz isə deyirik ki, ‘bizimdir’”, – deyə Amaryan bildirib.






Ermənistan tərəfinin iddiasına görə, Azərbaycan körpüyə bitişik ərazinin Azərbaycana məxsus olduğunu bildirir, Ermənistan isə bu mövqeni qəbul etmir.


Belə fikir ayrılıqlarının Azərbaycan-Ermənistan arasında aparılan sülh və sərhədlərin müəyyənləşdirilməsi prosesinə real təsiri nə qədər ola bilər?


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Moderator.az-a açıqlama verib.



Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi artıq iki ildən çoxdur davam edir:


“Əldə olunmuş razılaşmaya əsasən, proses Qazax bölgəsindən başlayaraq Araz çayına qədər ardıcıl şəkildə davam etdirilməlidir. Gorus ərazisində kəndlərdən birinin nümayəndəsinin Həkəri körpüsü ətrafında müəyyən fikir ayrılıqlarının olması ilə bağlı açıqlamasına gəlincə, delimitasiya və demarkasiya prosesində bu cür məsələlərin ortaya çıxması müəyyən mənada başadüşüləndir.


Çünki Azərbaycan-Ermənistan sərhədi kifayət qədər mürəkkəb relyefə malik coğrafiyada yerləşir. Bu baxımdan, sərhədin ayrı-ayrı hissələrinin müəyyənləşdirilməsi zamanı fikir ayrılıqlarının və müəyyən anlaşılmazlıqların yaranması mümkündür.


Amma hesab edirəm ki, 13 kilometrlik ərazidə delimitasiya və demarkasiya prosesinin insidentsiz şəkildə həyata keçirilməsi, ortaya çıxan problemlərin müzakirələr yolu ilə həll olunması digər hissələr üçün də müsbət presedentdir.


Düşünürəm ki, prosesin digər istiqamətlərində də eyni yanaşma tətbiq olunacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, delimitasiya və demarkasiya ümumilikdə uzunmüddətli prosesdir. Burada hər bir məsələ, hər bir problem ayrıca müzakirə edilməli və nəticədə sərhəd xətti dəqiq müəyyənləşdirilməlidir.


Əlbəttə, bu məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışan qüvvələr Ermənistanda kifayət qədərdir. Lakin onların prosesə təsir imkanları kifayət qədər məhduddur. Biz bunu iki il əvvəl delimitasiya və demarkasiya prosesi başlayarkən də müşahidə etdik.


Həmin dövrdə müxtəlif etirazlar səsləndirilsə də, bunlar prosesin qarşısını ala bilmədi. Hesab edirəm ki, bundan sonra da oxşar etirazların delimitasiya və demarkasiya prosesinə ciddi təsir göstərməsi mümkün deyil.


Bu prosesə əngəl olmaq, onun qarşısını almaq mümkün deyil. Proses başa çatmalıdır. Hesab etmirəm ki, bu tipli məsələlər delimitasiya və demarkasiya prosesinə ciddi mənfi təsir göstərəcək. Proses öz axarında davam edəcək”.


Pərvin Şakirqızı