"Qeyd etdiyiniz xüsusiyyət yalnız Rusiya-Ermənistan münasibətlərinə xas deyil. Müasir dövrdə dövlətlər hətta rəqib və ya düşmən münasibətdə olduqları ölkələrlə belə müəyyən sahələrdə iqtisadi əlaqələri saxlayırlar..."
 




Rusiya ilə Ermənistan arasında son dövrlərdə siyasi ziddiyyətlərin və qarşılıqlı ittihamların artmasına baxmayaraq, Moskvanın Ermənistanla iqtisadi əlaqələri və bu ölkəyə müxtəlif istiqamətlərdə dəstəyini davam etdirməsi diqqət çəkir. Bir tərəfdən Ermənistan hakimiyyətinə siyasi və iqtisadi təzyiqlər göstərən Rusiyanın digər tərəfdən Azərbaycan ərazisindən tranzitlə  bu ölkəyə taxıl, yanacaq və digər məhsulların göndərilməsində iştirak etməsi Moskvanın Cənubi Qafqaz siyasətindəki maraqları barədə suallar yaradır.
 
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı bu məsələyə Moderator.az-a açıqlamasında münasibət bildirib.
 
Həmsöhbətimiz qeyd edib ki, müasir dünya siyasətinin əsas xüsusiyyətlərindən biri dövlətlərin bir-biri ilə ziddiyyətli münasibətlərə malik olsalar da, müəyyən sahələrdə əməkdaşlığı davam etdirməsidir.
 
“Bəli, təbii ki, ziddiyyətli mövqedir. Bilirsiniz, əvvəllər bir çox sahələrdə olduğu kimi, dünya siyasətində də konkret ağ və qara rənglər var idi. Məsələn, planetdə daha çox iki düşərgə yanaşması var idi: sosializm və kapitalizm düşərgələri bir-birlərinə qarşı dayanırdı. Kim dostdur, kim düşməndir – bunu müəyyənləşdirmək nisbətən asan idi.
 
İndi isə vəziyyət fərqlidir. Hər bir dövlət, məsələn, Avropanın, ABŞ-ın da yanında dura bilər, Rusiyanın, Çinin də. İki dövlət arasında müəyyən məsələlər üzrə ziddiyyətlər ola bilər, amma başqa sahələrdə onların əməkdaşlığı mümkündür. Yəni siyasi, hətta hərbi qarşıdurmada ola bilərlər, amma iqtisadi əlaqələri, qarşılıqlı ticarəti davam etdirə bilərlər.
 
Bir sözlə, qeyd etdiyiniz xüsusiyyət yalnız Rusiya-Ermənistan münasibətlərinə xas deyil. Müasir dövrdə dövlətlər hətta rəqib və ya düşmən münasibətdə olduqları ölkələrlə belə müəyyən sahələrdə iqtisadi əlaqələri saxlayırlar. Çünki hər şeyin kökündə iqtisadi münasibətlər və maraqlar dayanır. Birləşmiş Ştatların özünün belə, düşmən olduğu, savaş apardığı ölkələrlə müəyyən iqtisadi münasibətləri mövcuddur”, – deyə Akif Nağı vurğulayıb.
 
Partiya sədri Rusiyanın Ermənistan siyasətində də həm siyasi, həm də iqtisadi maraqların paralel şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.
 
“Rusiya da beynəlxalq siyasətini eyni formatda aparır. Ermənistan məsələsində də öz maraqlarından çıxış edir. Burada həm siyasi, həm də iqtisadi maraqlar var. Siyasi maraq ondan ibarətdir ki, Ermənistan tam şəkildə Rusiyadan uzaqlaşmasın. Rusiya Ermənistan üzərində müəyyən təsir imkanlarını və gələcəkdə şərait yarananda yenidən onu öz nüfuz dairəsinə salmaq üçün manevr imkanlarını qoruyur.
 
Ermənistan da bunu başa düşür və o da öz növbəsində Rusiya ilə Qərb arasında öz maraqları naminə manevr etməyə çalışır.
 
İqtisadi maraqlar isə daha əsas və aparıcı xəttdir. Dövlətlər siyasi məsələlərdə sərt mövqe nümayiş etdirə, bir-birinə qarşı müəyyən addımlar ata bilərlər, amma iqtisadi maraqlarını asanlıqla siyasi maraqlarına qurban vermirlər. Bir sahədə geri çəkilir, başqa sahədə öz maraqlarını qoruyurlar. Siyasi məsələlərdə müxtəlif bəyanatlar səsləndirmək mümkündür, amma iqtisadi əlaqələr daha real və davamlı xarakter daşıyır.
 
Müharibə öz yerində, iqtisadi maraqlar da öz yerindədir. Bu, müasir dünya siyasətinin reallığıdır”, – deyə Akif Nağı bildirib.
 
O, Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan ziddiyyətli addımların da məhz bu kontekstdə qiymətləndirilməli olduğunu söyləyib.
 
“Ona görə də Rusiya ilə Ermənistan münasibətlərinə də bu prizmadan yanaşmaq lazımdır. Rusiya bir tərəfdən Ermənistan hakimiyyətinə müəyyən siyasi və iqtisadi təzyiqlər göstərə bilər, digər tərəfdən isə Ermənistanın iqtisadi baxımdan tam çökməsinə imkan verməmək üçün ticarət əlaqələrini və müxtəlif yardım kanallarını saxlaya bilər.
 
Burada Azərbaycan üzərindən Ermənistana taxıl, yanacaq və digər məhsulların göndərilməsi məsələsi də həmin iqtisadi maraqlar kontekstində qiymətləndirilə bilər. Rusiya üçün Ermənistanın tamamilə iqtisadi böhrana düşməsi də arzuolunan vəziyyət deyil. Çünki iqtisadi cəhətdən çökən Ermənistanın Rusiyaya olan ehtiyacı azala, yaxud ölkə tamamilə başqa istiqamətlərə yönələ bilər”, – deyə o, qeyd edib.
 
Siyasətçi Rusiyanın Ermənistanın daxili siyasi proseslərini də nəzərə alaraq uzunmüddətli strategiya yürütməsi ehtimalına toxunub.
 
“Bəlkə Rusiya həm də gələcəkdə Paşinyanı yıxıb onları hakimiyyətə gətirə bilməsi ehtimalını nəzərə alaraq Ermənistana yardımları bu ölkənin ictimai-siyasi meydanındakı revanşist, rusiyapərəst qüvvələrin daha çox rəğbətini qazanmaq məqsədi ilə edir?” sualını cavablandıran AzVP sədri belə deyib:
 
“Bəli, belə bir ehtimal da nəzərə alınmalıdır ki, Rusiya Ermənistanda mövcud hakimiyyətlə münasibətlərində problem yaşasa da, gələcəkdə başqa siyasi qüvvələrin, məsələn, dediyiniz kimi revanşistlərin hakimiyyətə gəlməsi halında özünə müəyyən imkanlar saxlamaq istəyir. Yəni bu gün Paşinyan hakimiyyəti ilə problem yaşamaq Rusiyanın Ermənistan dövlətindən və cəmiyyətindən tamamilə imtina etməsi demək deyil.
 
Rusiya üçün əsas məsələ Ermənistanı tamamilə itirməməkdir. Ona görə də bir tərəfdən siyasi təzyiq göstərə, digər tərəfdən isə iqtisadi əlaqələri davam etdirə bilər. Kreml üçün əsas prioritetlərdən biri də Ermənistanı ayaq üstə saxlamaqdır. Çünki çökmüş Ermənistan Moskvanın heç bir işinə yaramır”, – deyə Akif Nağı vurğulayıb.
 
Partiya sədri Azərbaycanın da bu reallıqları nəzərə almalı olduğunu bildirib.
 
“Mən hesab edirəm ki, Azərbaycan da bu reallıqları nəzərə almalıdır. İqtisadi maraqlarında kiməsə heç bir güzəştə getməməlidir. Çünki iqtisadi məsələlərdə heç bir dövlət öz fundamental maraqlarına zidd güzəştlərə getmir. Siyasi məsələlərdə manevr etmək, müəyyən kompromislərə getmək mümkündür, amma iqtisadi maraqlar dövlətlərin ən əsas və uzunmüddətli maraqlarındandır.
 
Ona görə də Rusiyanın Ermənistanla bağlı siyasətində zahirən ziddiyyətli görünən addımlara təəccüblənmək lazım deyil. Bu siyasətin arxasında Rusiyanın həm siyasi təsir imkanlarını qorumaq, həm də iqtisadi maraqlarını təmin etmək məqsədi dayanır. Ermənistan da Rusiya ilə Qərb arasında manevr etməklə öz maraqlarını qorumağa çalışır. Müasir dünya siyasətinin reallığı məhz bundan ibarətdir”, – deyə Akif Nağı fikrini yekunlaşdırıb.