Türkiyənin Yaxın Şərq, Aralıq dənizi və Afrika istiqamətində artan siyasi və hərbi fəallığı İsrail mətbuatının da diqqət mərkəzinə düşüb. Ankara ilə Təl-Əviv arasında müxtəlif bölgələrdə genişlənən strateji rəqabət fonunda prosesin regional təhlükəsizliyə və qüvvələr balansına mümkün təsirləri müzakirə olunur.
Mövcud geosiyasi şəraitdə Türkiyənin yaratdığı yeni tərəfdaşlıqlar və həyata keçirdiyi siyasət, regiondakı əsas güc mərkəzlərinin maraqları ilə birbaşa kəsişir. Bu baxımdan Ankara-Təl-Əviv münasibətlərindəki rəqabətin gələcək inkişafı Yaxın Şərqdə siyasi və təhlükəsizlik proseslərinə təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Moderator.az-a “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlama verib.
Hazırda Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz?
“Ümumiyyətlə, ilk olaraq onu qeyd etmək lazım gəlir ki, Avrasiya bölgəsində vəziyyət gərgin olaraq qalır. Belə ki, ABŞ-İran müharibəsi,İsrailin Livanda apardığı hərbi əməliyyatlar əlavə olaraq da İsrail ilə Türkiyə arasında gün keçdikcə artan gərginlik, Yunanıstanla İsrail arasında hərbi ittifaq bütün bunlar sözsüz ki, bölgədə mövcud vəziyyəti daha da çətinləşdirir. Qardaş dövlət olan Türkiyə də bu sahədə təhlükəsizlik tədbirlərini görmək məcburiyyətindədir vəTürkiyə Respublikası da bu sahədə müəyyən ittifaqlar yaradır və ya müəyyən ittifaqlara qoşulur. Buna nümunə olaraq, Məkkədə Avqust ayının əvvəllərində formalaşan ittifaq Türkiyə, Səudiyyə Ərəbistan və Pakistanın iştirakı ilə müdafiə xarakterlidir, amma bu digər dövlətlərə də bir mesajdır ki, həmin ittifaqa qoşulmuş üç dövlətə qarşı hər hansısa təxribat olarsa, qarşılığında ittifaqa qoşulmuş digər dövlətlər də qoşulacaqlar.
Türkiyənin “Mavi Vətən” doktrinası və Liviyadakı fəaliyyəti Şərqi Aralıq dənizində qüvvələr balansına necə təsir edir?
“Türkiyə Respublikasının “Mavi Vətən”doktorinasına gəldikdə isə hazırda Türkiyə Liviya ilə sıx əlaqələr qurmaqdadır. Düzdür, Liviyada müxtəlif silahlı qruplar mövcuddur, amma hər bir silahlı qrupla da Türkiyənin sıx əlaqələri mövcuddur ki, Liviya Türkiyənin maraqlarına zidd olan addımlar atmasın”
Türkiyə ilə İsrail arasında Suriya, Qırmızı dəniz və digər istiqamətlərdə artan rəqabətin əsas səbəbləri nələrdir?
“Türkiyə-İsrail münasibətlərindən danışdıqsa isə, bəli, Suriyada iki dövlətin toqquşmaq ehtimalı yüksək idi, amma o gərginlik də son günlərlə müqayisədə azalıb. Suriyanın da bu sahədə marağı mövcuddur. Belə ki. Suriya ilə Türkiyənin yaxın münasibətləri var, İsrail ilə də məhz üçüncü ölkələr vasitəsi ilə dialoqları davam etdirir. Yəni bu gərginlik sanki keçmişə nisbətən azalıb, amma Türkiyə ilə İsrail arasındakı rəqabət hazırda aradan qaldırılmayıb, əlavə olaraq da İsrailin Qəzza siyasəti də Türkiyəni ciddi şəkildə narahat edir.”
Sizcə, Türkiyə ilə İsrail arasında artan rəqabətin gələcəkdə regionun siyasi və təhlükəsizlik balansına necə təsir edəcəyini düşünürsünüz?
“ Bayaq qeyd etdiyim kimi İsrail-Türkiyə arasında hazırda müəyyən dərəcədə rəqabət mövcuddur. Belə ki, bu rəqabətlərin bir neçə səbəbi var. Onlardan biri də məhz İsrailin Qəzza siyasətidir.Qeyd etdiyim kimi Türkiyə ilə İsrail arasında rəqabət əvvəlki illərə nisbətən səngiyib, amma bu olmayacağı mənasına da gəlmir. Türkiyə ilə İsrail arasında artan rəqabətin gələcəkdə regionun siyasi və təhlükəsizlik balansına necə təsir edəcəyindən danışdıqda isə İsraildə bu ilin Oktabr ayının sonlarında parlament seçkiləri baş tutacaq, əgər indi hakimiyyətdə olan hökümət seçkidə qalibiyyət əldə edərsə, bu zaman Türkiyə-İsrail arasındakı mövcud gərginliyin aradan qaldırılacağını demək bir qədər çətin olacaq. Əks halda seçkilərdə sol qüvvələr qələbə çalarlarsa, koalisiya quruarlarsa, bu zaman Türkiyə ilə İsrail arasındakı mövcud gərginlik bir qədər azalma ehtimalı ola bilər. Bunun üçün də gərək İsrail Yaxın Şərq siyasətinə ciddi korrektə etsin, amma İsrailin yaxın illərdə Fələstinin müstəqilliyini tanıma ehtimalını qiymətləndirək.”
Ayxan Cəfərov